https://www.zirve.edu.az/
2021-03-03 16:39:00
Müsahibədən keçən bütün müəllimlərə ikiqat maaş veriləcək? – Rəsmi CAVAB

Bəzi  regionlarda  müsahibə  mərhələsindən  keçən  bütün  müəllimlərə  ilk  əməkhaqqının  iki qat  formada  veriləcəyi  ilə  bağlı  müzakirələr  var.

 

Nəticə  olaraq  bunun  hansı  müəllimlərə  aid  ediləcəyi  və s. ilə  bağlı  müəllimləri  düşündürən  suallar  yaranır.

 

Təhsil  Nazirliyi  mövzu  ilə  bağlı  AzEdu.az -ın  sorğusunu  cavablandırıb:

 

“Pedaqoji  profilli  ixtisaslar  üzrə  ali  və  orta  ixtisas  təhsili  müəssisələrini bitirmiş, dövlət  sifarişinə  əsasən  kənd  rayonlarında  əmək  fəaliyyətinə başlamaq  üçün  konkret  iş  yerlərinə  göndəriş  almış  gənc  mütəxəssislərə  yol xərci, əmlakın  daşınması  üçün  nəqliyyat  xərci  və  ilkin  yaşayış  şəraitinin yaradılması  məqsədi  ilə  əməkhaqqının  iki  misli  həcmində  birdəfəlik  yardım  ödənilir”.

 

Nazirlik, qərara  uyğun  olaraq  hansı  müəllimlərə  konpensasiya  veriləcəyi  məsələsinə  aydınlıq  gətirib:

 

“Pedaqoji  profilli  ixtisaslar  üzrə  ali  və  orta  ixtisas  təhsili  müəssisələrini bitirmiş və  ümumi  təhsil  müəssisələrində  işə  başlamış  gənc  mütəxəssislər  üçün əlavə  güzəştlər  və  stimullaşdırıcı  tədbirlərin  müəyyən  edilməsi  haqqında”  Nazirlər Kabinetinin  14  aprel  2010 – cu  il tarixli  67  nömrəli  qərarına  əsasən, pedaqoji  profilli  ali  və  orta  ixtisas  təhsili  müəssisələrini  bitirmiş  yaşı  35- dək  olan  gənc mütəxəssislərin  kənd  rayonlarında  yerləşən  ümumi  təhsil  müəssisələrinə  işə cəlb olunmasının  stimullaşdırılması  və  həmin  müəssisələrdə  pedaqoji  kadr  tələbatının  ödənilməsi  məqsədi  ilə  dövlət  sifarişinə  əsasən  ümumi  təhsil müəssisələrində  əmək  fəaliyyətinə  başlayan  və  3  il  müddətində  həmin  və  ya  digər  kənd  rayonlarının  təhsil  müəssisəsində  fəaliyyətini  davam  etdirən  gənc  mütəxəssislərə  kommunal  xidmətləri  və  yaşayış  yerinin  kirayə  haqqını  ödəmək  üçün  90  manat  məbləğində  kompensasiya  verilir”.

 

Eyni  zamanda, nazirlik  əlavə  ödənişin  hansı  şərtlər  əsasında  müəllimlərə  təyin  edildiyini  xatırladıb:

 

“Sözügedən  qərara  əsasən, rayon  mərkəzlərindən  20  km - dən  artıq  məsafədə yerləşən  ümumi  təhsil  müəssisələrində  əmək  fəaliyyətinə  başlayan  və  yaşı 35- dək  olan  gənc  mütəxəssislərə  3  il müddətində  aylıq  əməkhaqqına  ayda  100  manat  məbləğində  əlavə  ödənilir”.

 

Qeyd  edək  ki, onlayn  müsahibələrdə  iştirak  edən  2912  namizəddən  2715 - i müddətsiz  müqavilə  əsasında  müəllim  olaraq  çalışmaq  imkanı qazanıb.