https://www.zirve.edu.az/
23.02.2018 08:38
“Azərbaycan tarixi” dərsliklərində 80 səhv... – FOTO
Çap et

az tarixi 2 309Tarix dərsliklərindəki uyğunsuz faktlar müəllimlərin narazılığına səbəb olur” Son illərdə çap olunan dərsliklərin əvvəlki nəşrlərlə müqayisəsində ziddiyyətlər tez-tez ortaya çıxır.

Bununla bağlı paytaxt və bölgə məktəblərində fəaliyyət göstərən fənn müəllimləri narazılıqlarını bildirirlər. Tarix müəllimləri haqlı olaraq qeyd edirlər ki, ümumi təhsil məktəbləri üçün nəzərdə tutulan ənənəvi tarix dərslikləri ilə kurikulum standartları əsasında çap olunan dərsliklər arasında üst-üstə düşməyən məqamlar çoxdur.

Misal olaraq, 7-ci sinif dərsliyində qeyd olunan hansısa tarixi fakt 10-cu sinif tarix dərsliyində təkzib olunur. Bu isə şagirdlər və müəllimlər arasında çaşqınlıq yaradır. Təhsil üzrə ekspert Kamran Əsədov AzEDU.az saytına verdiyi açıqlamasında belə faktların çoxluğunu təsdiqləyib. O, qeyd edib ki, səhvlər əsasən, tarixi faktlar, hadisələr, şəxs adları, dövlətlərin yaranma tarixləri ilə bağlıdır. Ekspertin sözlərinə görə, əksər müəllimlər dərsə başlamazdan öncə konkret mövzu üzrə hazırlaşmırlar. Ona görə də, belə hallar fənni tədris edən müəllimdə çaşqınlıq yaradır: “Buna görə də müəllimlər, adətən, dərs prosesində yalnız şagirdin iradından sonra bir dərslikdə qeyd olunan faktın, digər dərslikdə təkzib olunduğunun şahidi olurlar”. Ayrı-ayrı tarix dərsliklərində üst-üstə düşməyən məqamlar… Sabiradabad şəhər 2 saylı məktəb-liseyin tarix müəllimi Musa Ələkbərov açıqlamasında qeyd edib ki, ən böyük problem köhnə nəşr ənənəvi dərsliklərin istifadədə qalmasıdır: “Ümumiyyətlə, kurikulum siniflərində belə hallar çox olur. Heç olmazsa, ənənəvi dərsliklərdə faktlar bəlli idi, amma indi çox çətindir.

28313660 2054614778149776 2077996371 n 309

Kitab çapı arasında cəmi bir il fərq olmasına baxmayaraq, hadisələrin başvermə tarixində ciddi dəyişiklik olur. Məsələn, 2014-cü il 7-ci sinif Azərbaycan tarixi dərsliyində Sacilər dövlətinin yaranması 879-cu il, 2016-cı il nəşrində isə 898-ci il kimi göstərilib. Belə olan halda, şagirdlər bir-birinə sual verərkən problemlər yaranır, hər ikisi öz cavabını əsas kimi götürür. Təbii ki, müəllimin peşəkarlığı burada çox vacibdir. Dərsliklərdə verilən məlumatlar da çox azdır. Xürrəmilər hərəkatının mahiyyəti tam açıqlanmır, xanlıqlar dövrü zəif yazılıb. Azərbaycan tarixinin XIX əsri yaxşı işlənməyib, qüsurlar çoxdur ”. Aşağıda göstərilən və hazırda ümumi təhsil məktəblərində istifadə olunan ayrı-ayrı dərsliklərdə qeyd olunan tarixi faktlar bir-birini təkzib edir: (Fotolar və faktlar) a) VII sinif Azərbaycan tarixi dərsliyində Bərdə şəhərinin VII əsrdə Mehranilərin hakimiyyəti dövründə Albaniyanın paytaxtı olduğu qeyd edilir; b) X sinif Azərbaycan tarixi dərsliyində isə Bərdə şəhərinin V əsrdə II Vaçenin hakimiyyəti (444-463) zamanı Albaniyanın paytaxtı olduğu vurğulanır.

 28312952 2054614811483106 94603758 n 309

Bəs Bərdə neçənci ildə Albaniyanın paytaxtına çevrilib? Ekspert Kamran Əsədov Bərdənin Albaniyanın paytaxtına çevrilməsi faktının məhz V əsrə aid olduğunu təsdiqləyir. Əvvəlki dərsliklərdə isə Bərdənin VII əsrdə (642-681-ci illərdə ) Cavanşirin rəhbərliyi zamanı Albaniyanın paytaxtına çevrildiyi qeyd olunur. Lakin bu fakt müxtəlif elmi tədqiqat işləri, VII cildlik “Azərbaycan tarixi” və Akademik Ziya Bünyadovun kitabları ilə ziddiyyət təşkil edir. Reallıq isə o idi ki, V əsrdə Azərbaycanı işğal etmiş İran Sasaniləri öz canişinləri üçün Qafqaz Albaniyasında yeni iqamətgah axtarırdılar. Onların axtardıqları iqamətgah təhlükəsiz olmaqla, Cənubi Qafqazdan keçən mərkəzi ticarət yollarının üzərində və İranla lazımi əlaqə saxlamaq üçün nisbətən əlverişli bir yerdə olmalı idi. Qoyulan bütün tələblərə Bərdə şəhəri cavab verdiyi üçün Sasanilər ölkənin mərkəzini Qəbələdən Bərdəyə köçürürlər. V əsrin əvvəllərindən etibarən, baş vermiş bu hadisədən sonra Bərdə nəinki Albaniyanın, eləcə də bütövlükdə Sasani imperiyasının mərkəz şəhərlərindən biri olur. Qısacası, Bərdə II Vaçe tərəfindən paytaxt elan edilir”.

Qanunvericilik normalarına uyğun olaraq bəzən, elmi faktlar müxtəlif ədəbiyyatlarda oxuculara fərqli təqdim olunarsa, düzgün variant kimi ən son nəşr olunan dərslik və vəsaitlərdəki dəlillər götürülür. Kamran Əsədov bir müəllif olaraq VII sinif Azərbaycan Tarixi dərsliyinin müəlliflərinə müdaxilə edə bilmədiyini qeyd edib. Onun sözlərinə görə, bu barədə qərar qəbul etmək səhv faktlar qeyd olunmuş dərslik müəlliflərinin səlahiyyətindədir: “Son həmmüəllifi olduğum X sinif Azərbaycan tarixi dərsliyində uzun illər səhv olan faktlar maksimum şəkildə düzəldilib. Bu da müəllimlər arasında təşvişə səbəb olur. Dərslik yazılarkən milli dil normaları və ilkin qaynaqda olan faktlar əsas götürülür. Əvvəlki kitablarda Aquen kilsə məscidinin inşası 498-ci il olaraq qeyd olunursa, biz yeni kurikulum standartlarına cavab verən kitabda 488-ci il kimi qeyd etmişik. Məsələn, milli dil normaları baxımından Cəsur Vaçaqan dəyişdirilərək Qoçaq Vaçaqan kimi təqdim olunub. Dəyişiklik edilmiş belə faktların sayı 80-ə qədərdir”.

Dərsliklərin müqəddəratının həlli… Bəzi müəlliflər qeyd edirlər ki, Azərbaycanda dərsliklərin müqəddəratını nəşriyyatın nüfuzu müəyyən edir. Belə ki, müəlliflərin işləyib hazırladıqları kitablar tenderə çıxartmaq üçün müəyyən nəşriyyatlarda ilkin variantda çap olunur. Onların iddialarına əsasən, kitabların içində çoxlu səhvlər olmasına baxmayaraq, seçilmiş bəzi nəşriyyat evlərinin dərslikləri qalib elan olunurlar. Ekspertin sözlərinə görə, tenderdə qalib gələn dərsliklərin müəlliflik hüququ Təhsil Nazirliyinə keçərək, sonrakı məsuliyyəti də məhz Təhsil Nazirliyi daşıyır.

Nəzrin Cavid

28383956 2054619461482641 1020897772 n309