https://www.zirve.edu.az/
29.01.2020 17:16
AMEA-nın Şərqşünaslıq İnstitutunun ötənilki nəşriyyat fəaliyyəti uğurlu olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 2019-cu ildə səmərəli elmi fəaliyyət göstərib.

AzEdu.az xəbər verir ki, il ərzində elmi müəssisədə nəşr olunmuş 25 kitab və toplu bu fəaliyyətin bir göstəricisidir. Bu kitablar şərqşünaslıq elminin müxtəlif istiqamətlərini əhatə edir. Çap olunmuş elmi əsərlər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nəsimi ili” və Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq sərəncamlarına əsasən görülən işləri xüsusi qeyd etmək olar. İnstitutda böyük şairə həsr olunmuş işlərdən ikisi 2019-cu ildə kitab şəklində geniş ictimaiyyətə təqdim olunub. Bunlardan biri İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, institutda fəaliyyət göstərən “Nəsimi” qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabıdır. Monoqrafiyada şairin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan mübahisəli məsələlərə münasibət bildirilir, onun irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Nəsiminin söz sənətindəki yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənənə və fərdiyyət kontekstində dəyərləndirilir.

Monoqrafiyanın birinci fəslində XX əsrdə yazılmış tədqiqat əsərləri faktiki material əsasında və xronoloji ardıcıllıqla təhlil edilir, eləcə də XX əsr nəsimişünaslığı barədə dolğun təsəvvür yaratmaq niyyəti ilə Türkiyə, İran və digər ölkələrdə aparılmış tədqiqatlarda Nəsimi irsinin öyrənilmə səviyyəsindən bəhs edilir.

İkinci fəsildə “Nəsimi lirikasının başlıca irfani məcaz və motivləri”ni incələyən tədqiqatçı araşdırma nəticəsində gəldiyi qənaətləri “Nəsimi şeirində folklor motivlərinin irfani interpretasiyası”, “Hürufilik təlimi və Nəsimi hürufiliyinin özəllikləri”, “Nəsiminin təsəvvüfi-lirik səciyyəli şeirlərində eşq anlayışı”, “Spesifik irfani termin-məcazlar və anlam tutumları”, “Təsəvvüfün ənənəvi motivlərinin Nəsiminin düşüncə sistemində yeri”, “Təsəvvüfi anlayışlar: ənənə və fərdiyyət” bölmələri üzrə qruplaşdırır. Bu yöndə araşdırma aparılması isə nəticə etibarilə şairin təsəvvüf şeiri tarixindəki yerini dəqiq müəyyən etməyə, onun yaradıcılığında fərdi özünüifadələrin daha güclü olduğunu aşkara çıxarmağa yardım edir. Bütün bu məsələlərə monoqrafiyanın “Nəsiminin söz sənətkarlığı” adlı üçüncü fəslində işıq salınır. Bu güclü işığın yaratdığı aydınlıqda Nəsimi şeiriyyəti “Mənəvi və üslubi-mənəvi fiqurlar”, “Üslubi fiqurlar” kimi istiqamətlərdə incələnir.

Digər bir kitab isə Vüsal Hətəmovun “Nəsiminin şeirləri nə deyir?” əsəridir. Kitabda Nəsiminin şeirlərində “Quran motivləri“, “Tövhid” və “Vəhdəti-vücud” təlimi, “Kamil insan fenomeni”, “Məhdəviyyət mövzusu”, “Rəqəm və hərflərin simvolikası”, “Əhli-beyt”, “Ənəlhəqq” şüarı, “Sufilik”, “Hürufilik”, “İrfani-eşq” kimi məsələlər təhlilə cəlb olunub. Həmçinin kitabda Nəsiminin yaradıcılığı ilə yanaşı, görkəmli şəxslərin İmadəddin Nəsimi haqqında fikirləri də öz əksini tapıb.

2019-cu ildə “Nəsimi ili” ilə əlaqədar institutun “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının xüsusi buraxılışı dərc olunub. Əsas mövzusu Nəsimi ilə bağlı olan jurnalda akademik Gövhәr Baxşәliyevanın “Nәsimi әdәbi mirasında әrәb dili”, akademik Möhsün Nağısoylunın “İmadәddin Nәsimi: Azәrbaycan klassik poeziyasının vә әdәbi dili tarixinin parlaq siması”, Sәadәt Şıxıyevanın “Nәsimi şeiriyyәtinin fәrdi özәlliklәri” və digər məqalələr yer alıb.

Professor Rafiq Abbasovun tərcümə edərək Çin və Azərbaycan dillərində təqdim etdiyi “Heydər Əliyev və Çin (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər)” kitabı da diqqətçəkən işlərdəndir. Kitabda ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına dair çıxışları, nitqləri, bəyanatları, müsahibələri, məktubları, məruzələri, müraciətləri əks olunub.

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyi ilə əlaqədar nəşr olunmuş “Ağ günlərin sorağında (İraq ədəbiyyatından seçmələr)” kitabı elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. İraq yazıçılarının əsərlərindən ibarət toplu 1983-cü ildə nəşr olunmuş kitabın ikinci nəşridir. Toplu şeirlər və hekayələrdən ibarətdir. Topluda Cəmil Sidqi əz-Zəhavi, Məruf ər-Rusafi, Ənvər Xəlil, Hüseyn Mərdan kimi şairlərin şeirləri ilə yanaşı, Şakir Xusbak, Müvəffəq Xıdır, Yusif Həddad, Mahmud əz-Zahirin də hekayələri yer alıb. “Ön söz”ün müəllifi olan Aida İmanquliyevanın Mahmud əz-Zahirdən tərcümə etdiyi “Boğulmuş hıçqırıqlar” adlı hekayəsi, eləcə də Vilayət Cəfər, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Məmməd Araz, Malik Qarayev və digərlərinin tərcümələri oxucuları İraq ədəbiyyatı ilə yaxından tanış edir. Toplunu ötən əsrin 80-ci illərində filologiya elmləri doktorları Aida İmanquliyeva və Vilayət Cəfər tərtib ediblər.

Görkəmli alimin 80 illik yubileyi ilə əlaqədar “Azərbaycan şərqşünaslığı” jurnalının xüsusi buraxılışı da professor Aida İmanquliyevaya həsr olunub. Burada akademik Gövhәr Baxşәliyevanın “Şәrqşunaslıq elmimizin dünya şöhrәtli görkәmli nümayәndәsi”, professor Vilayәt Cәfәrovun “Mәn Aida İmanquliyeva haqqında yazdığım ilk mәqalәmdә nәdәn danışırdım” məqalələri və digər yazılar yer alıb. Jurnalda, həmçinin Aida İmanquliyevanın özünün vaxtilə yazdığı bir neçə məqalə oxuculara təqdim olunub.

Şərqşünaslıq İnstitutunun Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr etdiyi “Şərqin ilk Demokratik Respublikası” mövzusunda elmi konfransın materialları ötən il dərc olunub. Topluda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəylinin “Azərbaycan Xalq Cümhuriyyətində maarifçilik hərəkatı və müasir dövr”, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın “Azərbaycan Xalq Cümhuriyyəti - müasir Azərbaycanın sələfidir”, akademik Gövhər Baxşəliyevanın “Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti və milli-mədəni sahədə fəaliyyəti”, professor Fəzail İbrahimlinin “Azərbaycan Xalq Cümhuriyyəti – 100”, Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri Dünyamalı Vəliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi və maliyyə siyasəti”, İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Vidadi Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyəti–İran münasibətlərinin ideoloji problemləri” və s. məruzələrin mətnləri dərc olunub.

Cümhuriyyətin 100 illiyi ilə bağlı tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidinin “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Müstəqilliyin çətin yolu” toplusu da nəşr olunub. Kitab 1918-ci il azərbaycanlıların soyqırımı və Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş məqalələr toplusudur. İyirmi iki məqalədən ibarət kitabın I hissəsində Cənubi Qafqazın müsəlman əhalisinin 1916-cı ildən başlayaraq erməni milli-siyasi-hərbi qüvvələri və əsasən ermənilərdən ibarət bolşevik qoşunları tərəfindən məruz qaldığı kütləvi qırğınlar ayrı-ayrı Azərbaycan bölgələri - Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Ərəş, Qarabağ, Zəngəzur, İrəvan üzrə Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında geniş araşdırılır, eləcə də həmin hadisələr müxtəlif problemlər baxımından nəzərdən keçirilir. İkinci hissəyə Azərbaycan Xalq Cümhuriyyətinın yaradılmasını və Azərbaycanda milli dövlət quruculuğunu mümkün edən mühüm tarixi hadisələrdən bəhs edən məqalələr daxil edilib.

Şərqşünaslıq İnstitutunun 2019-cu ildə mühüm elmi nəticələri kimi professor Mehdi Kazımovun rus dilində nəşr olunmuş “XVI-XVII əsrlər farsdilli poeziya”, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın “Türkiyədə millətçiliyin müxtəlif növlərinin tipologiyası və modelləri” və filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik (XIX əsrin I yarısı - XX əsr)” monoqrafiyalarını qeyd etmək olar.

“XVI-XVII əsrlər farsdilli poeziya” kitabı farsdilli ədəbiyyat tarixinin nisbətən az öyrənilmiş dövrünə həsr olunub. Burada XVI-XVII əsrlər farsdilli poeziyanın bəzi aspektlərinə nəzər salınır, onun doqquz nümayəndəsinin yaradıcılığı təhlil olunur. Onların həyat yolları, ədəbi irsi, poeziyalarının ideya-məzmun əsasları, janr özəllikləri və ədəbi xüsusiyyətləri izlənilir.

“Türkiyədə millətçiliyin müxtəlif növlərinin tipologiyası və modelləri” monoqrafiyasında 1918-ci ildə Osmanlı imperiyasının süqutu ərəfəsi, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması və günümüzə qədərki dövrlərdə millətçilik ideologiyasının tarixi aspektləri, fenomenologiyası, təkamülü və Türkiyədə təzahürləri təhlil edilir. Müəllif Türkiyədəki millətçiliyin bütün növlərində klassik millətçiliyə xas olan ümumi müddəaların olması qənaətinə gəlir və buna əsasən “Türk millətçiliyi” terminindən geniş istifadə edir.

“Türkiyə ədəbiyyatında yeni hekayəçilik” kitabında Türkiyə ədəbiyyatında yeni hekayəçiliyin inkişaf mərhələlərindən və bu inkişafa böyük xidmətlər göstərən türk ədəbiyyatının görkəmli hekayəçilərinin həyat və yaradıcılığından söhbət açılır. Monoqrafiyada yeni hekayəçiliyin təşəkkülü dövrü, Tənzimat ədəbiyyatı, Sərvəti-fünun ədəbiyyatı, Cümhuriyyət dövründə yeni hekayəçiliyin inkişaf yolları, 50-ci illərdən sonrakı hekayənin yeni ənənələri, sosial-psixoloji üslubda yazan hekayəçilərin yaradıcılığı və digər mövzular araşdırılır.

Ötən il institutda görülən və geniş ictimaiyyətin marağına səbəb olan işlərdən biri də “Tövrat”ın orijinal mətndən Azərbaycan dilinə tərcüməsidir. Kitabı filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqov tərcümə edib. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, Teymur Sadıqovun ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi ona yəhudi dilinə aid təfsirlərə, şərhlərə və ümumilikdə bu mövzu ilə bağlı əsərlərə müraciət etməklə bu problemləri həll etmək imkanı verib. Gözləmək olar ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq.

Filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın “Milli-ideoloji məsələlər kontekstində Azərbaycan-özbək ədəbi əlaqələri” kitabında müstəqil respublikamızın ədəbi əlaqələri, bu əlaqələrdə milli inkişaf xüsusiyyətləri araşdırılır. Zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əlaqələrini çoxsaylı faktlar və materiallar əsasında araşdırma obyektinə çevirən alim müasir Azərbaycan və özbək poeziyalarının ortaq xüsusiyyətlərini, qarşılıqlı bədii tərcümə problemlərini, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyatlarının nəzəri-tipoloji müqayisəsini, müstəqillik dövründə qarşılıqlı ədəbi nəşrləri və digər elmi-ədəbi məsələləri diqqət mərkəzində saxlayır.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Orta əsr İslam fikrində din və fəlsəfə” kitabında din-fəlsəfə münasibətləri klassik və müasir mənbələr əsasında kompleks şəkildə öyrənilib, orta əsr İslam rasional fikrinin təşəkkülü tarixi, rasional proseslər və din-fəlsəfə münasibətləri, Quranda rasional düşüncə tərzinə, ağıla verilmiş əhəmiyyət, peyğəmbər və səhabələrin yaşadıqları dövrün rasional mənzərəsi, erkən İslam dövründə rasional düşüncə tərzinin təşəkkülü və ilk rasional təlimlərin yaranmasında daxili və xarici amillərin rolu, qeyri-fəlsəfi rasional islam fikrində iman-ağıl münasibətləri və bu zəmində ortaya çıxmış ziddiyyətlərin səbəbləri, rasional-dini təlimlərin metodoloji bazasında dinin ehkamlarının yeri, sufilik, “Saflıq qardaşları” və işraqilik təlimlərində iman-ağıl məsələləri, İslam fəlsəfəsi – məşşailikdə isə din-fəlsəfə problemi öyrənilib, əlaqələr ideya və konsepsiyalar təhlil olunub.

Tarix üzrə fəlsəfə doktoru Həsən Səfərinin fars dilindən tərcümə etdiyi “M.Ə.Rəsulzadə “İran türkləri” kitabı İranda yaşayan azərbaycanlılar barədə dünya ictimaiyyətinə çatdırılması zəruri olan məlumat toplusundan ibarətdir. Kitabda Güney Azərbaycanın türk əhalisi, eləcə də İranın şərqində və cənubunda yaşayan türkmənlər və qaşqaylar barədə ətraflı məlumat verilib. 1912-ci ildə qələmə alınan əsərdə Arazın o tayında yaşayan soydaşlarımızın sayı, həyat tərzi, və ümumiyyətlə onların yaşadığı tarixi Azərbaycan ərazisində ictimai-siyasi vəziyyət barədə ətraflı məlumat verilir.

Filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğlunun ötən il bir neçə tərcümə kitabı işıq üzü görüb. “Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri” kitabı transliterasiya və şərhlərdən ibarətdir. Bəhs edilən nəşrdə Mirzə Müslüm Qüdsi İrəvaninin hələlik elm aləminə məlum olan və fars, türk və ərəb dillərində əsərləri əhatə edən “Divan”ından türkcə əsərləri yer alıb.

Ş.Pənahoğlu, həmçinin Mirzə Müslüm Qüdsi İrəvaninin “İrəvanın vəsfi” məsnəvisini fars dilindən tərcümə edərək, şərhlərlə oxuculara təqdim edib. Məsnəvi digər məziyyətləri ilə yanaşı, azərbaycanşünaslıq üçün siyasi və strateji maraq doğurur. Məsnəvi İrəvan şəhəri və tarixi “Çuxursəəd” vilayətinin milli türk kimliyinin minlərlə təkzibolunmaz faktlarından biri kimi əhəmiyyətlidir.

Ş.Pənahoğlunun fars dilindən tərcümə etdiyi Cemelli Karerinin “Səfərnamə”si Azərbaycan və bütövlükdə İran tarixinin Səfəvilər dövrünə aid ən qiymətli mənbə və məxəzlərindən biridir. İtaliyalı Cemelli Kareri XVII əsrin 90-cı illərində Şah Süleyman Səfəvi vaxtında Osmanlı yolu ilə İrana gəlib. Güclü qələmə və təsvir qabiliyyətinə sahib olan C.Kareri İranda gördüklərini və eşitdiklərini özünün “Səfərnamə” əsərində işıqlandırıb.

Ş.Pənahoğlunun digər bir tərcüməsi Rudolf Broysun “Sağalmaz hesab olunan xəstəliklərin təbii vasitələrlə müalicəsi”dir. R.Broysun təlimi birbaşa bu gün də əksər həkimlərin belə sağalmaz dedikləri xərçəngin və digər bu qəbildən olan xəstəliklərin müalicəsi haqqındadır.

İnstitut alimlərinin ötən il dərslik və dərs vəsaitləri də işıq üzü görüb.

Professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyində türk, qazax, qırğız, türkmən, özbək, tatar, iraq-türkmən yazarlarının həyat və yaradıcılıqları geniş şəkildə təhlil olunub. Eyni zamanda, hər bir türk xalqının ədəbiyyatları və zəngin folklor yaradıcılığı haqqında məlumatlar verilib.

Filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin iki fars dili dərsliyi çapdan çıxıb. Bu dərsliklərdən biri ibtidai, digəri orta səviyyə üçün nəzərdə tutulub. Kitab və CD-dən ibarət dərsliklərdə mətnlər, qrammatik qaydalar, cizgi filmləri, digər videomateriallar, eləcə də “Şeyx Sənan” dastanının və Cəlaləddin Ruminin “Məsnəvi-ye mənəvi” əsərindən yeddi hekayənin oxunuşu yer alıb.

Fidan Nəsirovanın Əsmətxanım Məmmədova ilə birgə fars dilinə tərcümələrdən ibarət “Tərcümə mətnləri” dərs vəsaiti Azərbaycanda fars dilinin tədrisi tarixində dərsliklər daxilində verilmiş azərbaycanca mətnlər istisna olmaqla, əks tərcümə materiallarından tərtib olunmuş ilk kitabdır. Kitabda mətnlərin sonunda çətin sözlərin lüğəti, onların oxunuş qaydası, bir çox hallarda söz və tərkiblərin sinonimləri verilib.

İnstitutda mütəmadi olaraq bir neçə jurnal və məqalələr toplusu dərc olunur. “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalı ilə yanaşı, “Şərq filologiyası məsələləri” toplusunun 9-cu buraxılışı çap olunub, “Şərq araşdırmaları” toplusunun isə ilk sayı işıq üzü görüb.

İnstitutun nəşriyyat fəaliyyətindəki aktivlik davam etməkdədir və bir neçə kitab çap üçün artıq nəşriyyata təqdim olunub.