https://www.zirve.edu.az/
20.11.2019 16:34
Şagirdin vurduğu ziyanı valideyn necə ödəməli?- “Pul almaq olmur, üz-üzə gəlirik”

Ümumtəhsil müəssisəsi əmlakının mühafizəsi bir sıra təhsil qanunlarında əsas müddəalarından biri kimi qeyd olunub. Bəzi ümumtəhsil müəssisələrində isə məktəb əmlakına ziyan vuran şagirdin valideynindən zərərin 3 qatını ödəmək tələb olunur.

Bir sıra təhsil qanunvericiliyində valideynin şagird hərəkətlərinə görə  məsuliyyət daşıması qeyd edilsə də, zərərdən artıq məbləğin ödənilməsi ilə bağlı bənd əks olunmayıb.

Qeyd:

Qanunvericiliyə görə, şagirdlər, məktəbin işçiləri və valideynlər məktəbin əmlakına ehtiyatla yanaşmalı, məktəbin binasında və onun ərazisində təmizliyə riayət etməlidirlər.

Şagird tərəfindən məktəbə maddi ziyan yetirildikdə onu ödəmək valideynin öhdəliyidir.

Mülki məcəlləyə görə isə 4 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır. Bir şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün cavabdehdirlər.

“Valideyndən pul tələb etmək omur. Sabah üz – üzə gələ bilərik”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli bildirib ki, qanunvericilik vurulan ziyanın ödənilməsi üçün konkret bir normativ qeyd etməyib:

“Əksər məktəblərdə şagirdin məktəbə vurduğu ziyanı valideynə ödədirlər. Amma bunu kənd məktəbinə tətbiq etmək olmur. Məktəbimdə bu kimi hallar çox baş verməsə də, kənd camaatı bir-birini tanıdığına görə, çağırıb pul tələb etmək olmur. Çünki sabah üz – üzə gələ bilərik. Bir dəfə şagird çilçırağı sındırıb, xərcini öz  cibimdən ödəmişəm. Ən pis halda, valideyni çağırıb bunu niyə etdiyini soruşmuş, izahat yazdırmışam.

Dəyən ziyanın 3 qat bahasını ödəmək kimi tədbirlər əsasən, hərbidədir. Onu gətirib məktəbə də tətbiq etməyə çalışırlar. Əslində belə olmalıdır”.

Nemət müəllim bu kimi halların qarşısını almaq üçün ayrıca təkliflə də çıxış edib:

“Təklif edərdim ki, bu tədbirlər yalnız məktəb avadanlıqlarını qoruma      xarakteri daşımasın. Hər məktəbə gözətçi əvəzinə Daxili İşlər Nazirliyi ilə bağlanılan müqavilə əsasında polis təyin edilsin. Bu halda həm şagirdlərdə nizam – intizam olar, həm də valideyndə bir qorxu. Valideyn qorxar ki, övladım nizam-intizam qaydalarını pozsa, ona cinayət işi açıla bilər. Eynilə hərbi sistemdəki kimi... Gözətçinin əvəzinə polis təyin edilsə, nəticə daha effektli olar. Bu zaman şagirdin məktəb əmlakına ziyan vurma ehtimalı sıfıra bərabər olar. Şagird mülki geyimdən çəkinmir. Forma onda  nizam – intizamı qaydasına qoyur”.

“Hər məktəb özündən qanun yaratsa, sonu necə olar?”

Bu kimi tədbirlərin hər məktəbin xüsusi nizamnaməsi ilə təyin edilməsi məsələsinə gəlincə isə, direktor belə cavab verib:

“Hər məktəb özündən qanun yaratsa, sonu necə olar? Bunun üçün ümumi bir qanun olmalıdır. Cərimələr belə halların qarşısını almayacaq. İmkanlı adamlar pul verməkdən çəkinmirlər. Bu gün ona 2 qatını ödətsəniz, sabah övladına deyəcək ki, vur sındır, mən 3 qatını ödəyərəm. Sırf məktəbdən qisas almaq məqsədi ilə. Belə  düşüncədə olanlar az deyil. Buna görə də, ümumi qanun qəbul edilməli, kamera və ya mühafizə xidməti yaradılmalıdır. Bütün məktəblər kamera ilə təchiz olunmalıdır.

Valideynlərin də belə cərimələrə münasibətləri yaxşı olmur. Ümumiyyətlə, bizdə bizim olmayana qarşı laqeydlik var. Bu, valideynlərdə də, şagirdlərdə də hiss edilir. Həmin əmlak bizim olsaydı, onu çox qoruyardıq. Bu, cəmiyyətin problemidir. İctimai dəyər deyilən anlayış yoxdur. Məktəb avadanlığına da məhz laqeydlik üzündən zərər verirlər.

Məsələn, bu yaxınlarda çilçırağı sındıram şagirdin valideynini çağırdım. Gəlib necə qarğış tökdüsə, fikrimdən daşındım. Dedi, sürücüyəm, çatdıra bilmirəm, övladımı vuracağam, öldürəcəyəm və s. Düşünün, bu valideynə mən nə aldıra bilərəm?”

Nemət müəllim bildirib ki, bu kimi hadisələr dərsdə baş vermədiyinə görə, müəllim məsuliyyət daşımır. Tənəffüsdə baş verən hadisələr isə növbətçi müəllimlərə problem yaradır:

“İstənilən halda bu tip cərimələr və ya kiminsə cəzalandırılması çıxış yolu deyil, odun üzərinə benzin tökməyi xatırladır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları