Abituriyentlərin imtahan ərəfəsində sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında, təhsillə əlaqəsi və ya peşəkarlığı sual doğuran şəxslər canlı yayımlar açaraq valideyn və şagirdlərə müxtəlif vədlər verir. Belə ki, “100 bal toplamısan? Narahat olma, mənim sayəmdə 100% qəbul olacaqsan” kimi iddialar səsləndirilir.
Təəssüf ki, valideynlər və abituriyentlər bəzən çıxış yolu axtarışında bu cür manipulyativ vədlərə inanmağa meyilli olurlar.
Ancaq maraq doğuran əsas məqam odur ki, bu şəxslər belə bir “zəmanəti” hansı əsasla verə bilirlər? Bu kimi hallarla bağlı hansı tədbirlərin görülməsi vacibdir?
AzEdu.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Babək Umudov qeyd edib ki,100 balla universitetə qəbul olma ilk dəfə qeyri-real səslənə bilər, ancaq bunun necəcə mümkünlüyü varsa, bu hal həmin şəxslərin məsuliyyətini aradan qaldıracaqdır:

"Təəssüf ki, Azərbaycanda hazırda sosial şəbəkələrə nəzarət yetərli səviyyədə deyildir. Odur ki, istənilən şəxs öz biznesinin reklamını sosial şəbəkələr vasitəsi ilə qanunvericiliyin tələblərini pozmaqla edə bilir. Abituriyentlərə təhsil müəssisələrindən qəbul alacağına qəti şəkildə vəd verən şəxslərin çıxışları işin hallarından asılı olaraq inzibati xəta tərkibi yarada bilər.
Bunun üçün həmin şəxslərin yayımladığı reklam videolarında və ya canlı yayımlarda yaydıqları məlumatların yalan olduğu sübut olunmalı, eyni zamanda həmin şəxslər bu reklamlardan hər hansı formada qazanc əldə etmək məqsədi daşımalıdırlar. 100 balla universitetə qəbul olma ilk dəfə qeyri-real səslənə bilər, ancaq bunun necəcə mümkünlüyü varsa, bu hal həmin şəxslərin məsuliyyətini aradan qaldıracaqdır.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsinə görə, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200-500 manat məbləğində, vəzifəli şəxslər 800-1200 manat məbləğində, hüquqi şəxslər 4000-6000 manat məbləğində cərimə edilir".
Cinayət məsuliyyətinin yaranması üçün bu cür vədləri verən şəxslər bu fəaliyyətdən gəlir qazanmalı və ya ən azından buna cəhd etmiş olmalıdırlar:
"Həmin şəxslərin əməlləri həm də cinayət xarakteri daşıya bilər. Belə ki, reklam qanunvericiliyinin pozulmasından başqa əgər həmin şəxslər insanları aldadaraq onlardan vəsaitləri mənimsəyib əvəzində vədlərinə əməl etmirlərsə, bu halda onların dələduzluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilməsindən söhbət gedə bilər.
Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə 1000-2000 manatadək miqdarda cərimə və ya 360-480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət məsuliyyətinin yaranması üçün bu cür vədləri verən şəxslər bu fəaliyyətdən gəlir qazanmalı və ya ən azından buna cəhd etmiş olmalıdırlar. Sosial mediada bu cür inandırıcı olmayan çağırışları gördükdə ilk növbədə Azərbaycan Dövlət Reklam Agentliyinə, maddi zərərə məruz qaldıqda isə hüquq-mühafizə orqanlarına şikayət olunmasını tövsiyə edirəm".