Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-17 12:30:00
660 bal toplayan məcburi köçkün məktəblisi: “Bacımdan sonra məktəbimizin ikinci qız məzunuyam”

“Bacımla hər ikimiz kənddə böyümüşük və dünyagörüşümüz olmayıb. Müəllimlərimin ən böyük dəstəyi bizə təhsil verməklə bərabər, eyni zamanda cəmiyyətə hazırlamaları olub”

Bu cümlələr Laçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olan Aysel Qasımovaya aiddir.

Ayselin bacısı 2017-ci ildə Laçın rayonu Nurəddin kənd orta məktəbini bitirən ilk qız məzundur.

2019-cu ildə isə özü bu məktəbi əla qiymətlərlə başa vurur. Bu yolda ən böyük dəstəkçiləri ataları olub.

Aysel təhsildə əldə etdiyi uğurların ona heç də asan başa gəlmədiyini dilə gətirib. O, uğur qazanmaq üçün necə əziyyətli yollardan keçdiyini, sevincini və təəssüratlarını AzEdu.az-a bölüşüb.

Ayselin ən böyük məqsədi başqa ölkələrə səfərlər edərək ölkəmizin hüquqlarını xaricdə müdafiə etməkdir:

“Məcburi köçkünlər olaraq  Ağcabədidə Taxtakörpü qəsəbəsində bəzi kəndlərə yerləşdirilmişik. Bunlar Arduslu və Nurəddin kəndləridir. Arduslu kəndi balaca ərazi olduğundan məktəbi də məhv olmuş haldadır.İbtidai siniflərdə burada təhsil almışam. Lakin məktəbdə böyük siniflər oxumadığı üçün sonradan Nurəddin kənd tam orta məktəbində təhsilimi davam etdirdim. Bura da kənd məktəbi olduğundan şərait çox çətin idi. Yağış yağanda hər tərəf palçıq içində olurdu. Üstəlik, məktəbdə kadr çatışmazlığı da müşahidə olunurdu. Bəzi müəllimlər öz ixtisaslarına o qədər də yaxşı bələd deyildilər. Beləliklə, məktəb həyatım çox çətin şəraitdə keçib”.

Aysel qeyd edir ki, bacısının təhsil yolunda qatlaşdığı əziyyətlər ondan da çox olub:

“VIII sinifdə təhsil alanda bacım X-da oxuyurdu. O,ali məktəbə hazırlaşmaq istəyirdi. Ona görə də Ağcabədidə “Yeni abituriyent”hazırlıq kursuna müraciət etdi.Keçirilən qəbul imtahanında mən də iştirak etdim. Əsas fənlərdən özüm hazırlaşırdım. İmtahanda yüksək nəticə göstərərək III yerə layiq görüldüm. Lakin ailəm, hələ bacımın hazırlaşdığını dedi. II yerdə qərarlaşsaydım, ödənişlərdə güzəşt olunacaqdı. Kursun rəhbəri məni II yer kimi qəbul etdi. Təhsil aldığım ikinci aydan maksimum bal toplamağa başladım. Bu illəri də yüksək nəticələrlə başa vurdum.

Bacım qəbul imtahanında 543 bal toplayıb. Onun vəziyyəti mənimkindən çox daha ağır idi.İkimizdə kənddə böyümüşük, dünyagörüşümüz olmayıb. Müəllimlərimin ən böyük dəstəyi bizə təhsil verməklə bərabər,cəmiyyətə hazırlamaları olub”.

Aysel Qasımovanın sözlərinə görə, hər cür şəraiti olan insanlar mütləq bunu dəyərləndirməlidirlər:

“Atam müəllimdir. Bizə görə çox əziyyətlər çəkib. Tez-tələsik məktəbə gedirdi, daha sonra bizi dərsdən sonra əlavə kurs hazırlığına aparıb. Bu çətin vəziyyətlərdən bizi qurtaran atam olub.

Şəraitləri yerli-yerində olanlara məsləhət görərdim ki, heç olmasa oxuyub ayaqlarının üzərində durmağı bacarsınlar. Var dövlət gəldi-gedərdir, əlindəkilərin qiymətini bilsinlər, dəyərləndirsinlər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları