Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 07:30:22
Çin, yapon, ərəb... - Azərbaycanda dəbə minən dillər

Son dövrlər Azərbaycanda çin, yapon, ərəb dillərinə maraq çoxalıb.

AzEDU.az saytının əməkdaşı bu marağın miqyasını və səbəblərini öyrənmək üçün bir neçə kursla əlaqə saxladıb.

“Vision” Tədris Mərkəzinin meneceri Könül Məmmədova bildirib ki, son dövrlərdə Çin dilini öyrənmək istəyənlərin sayında  artım var:

“Bu, təhsillə əlaqəlidir. Məsələn, 5 tələbədən 3-ü təhsillə bağlı, digərləri biznesə görə öyrənə  bilər. Çətin dil olsa da, öyrənənlər az deyil Hər dil kimi bir mərhələ 3 ay davam edir”.

“Jalal-1” tədris mərkəzində ispan, fransız, Çin, ərəb, italyan, fars, yapon dili tədris olunur. Mərkəzin meneceri Nicat bəy deyir ki, qeyri-adi  artım müşahidə olunmur:

“Xaricdə təhsillə bağlı italyan və ispan dilinə tələbat çoxdur. Bizdə Çin və yapon dilinin tədrisi digərlərinə nisbətən bahadır, qalanları isə stabildir.  Çin dili fərdi qruplar şəklindədir, 150-200 manat arasında, yapon dili isə  120-150 manat arasında dəyişir. Dilləri maraq üçün yox, iş üçün öyrənirlər”.

“Piramida” Təhsil və Karyera Mərkəzindən suallarımızı menecer Hadıbala bəy cavablandırdı. Mərkəzdə ingilis, rus, ərəb və alman dili tədris olunur:

“Ərəb dilinə maraq  çoxdur.  İnsanlar turizm sahəsiylə maraqlanırlar. Şəhərimizə gələn  ərəblər də  hər gün artır. Turizm sahəsində bələdçi işləmək üçün  çalışırlar ki, öyrənsinlər. Kurslara  yazılanlar olur. Ərəb dilini öyrənmək istəyənlər daha çox Misir Mədəniyyət Mərkəzinə gedir. Orada dil pulsuz tədris olunur, yer tapmaq olmur. Qruplarda təxminən 10 nəfər olur. Bizim də tələbələrimiz çoxdur”.

Onun sözlərinə görə, tələbat çox olduğundan o biri dillərdən baha olur:

“Qiymətlət 120-150 manat arasında dəyişir. Kampaniya vaxtı isə 100 manata düşür.  Ərəb dilini öyrənmək tələbənin dil öyrənmə qabiliyyətindən asılıdır. Ərəb dilindən hərflərə görə bir az qorxurlar. Avropa dillərindən fərqli olaraq  qrammatika, cümlə quruluşu başqadır. 2 aya bunları öyrənirlər. Sonra da 5-6 aya əgər məşğul olsalar danışa bilərlər. Ərəb dilini təhsillə bağlı öyrənənlər əsasən İslam Universitetinin tələbələri ,ya da Misirdə, Qətərdə təhsil almaq istəyənlər olur. Əvvəllər yalnız dilə marağı olanlar, ya da elmlə maraqlananlar gəlirdilər”.

Ərəb dilini bilən bələdçi və təşkilatçı kimi çalışan Mehdi Əsgərov bildirib ki, dili universitetdə öyrənib, heç bir kursa getməyib:

“Bildiyim qədər turistlər çoxalandan kursların sayı artmışdı. Ərəb dilini dini ,Quranı oxumaq, bir də turistlərə görə öyrənirlər.  Bu dili bilənlər üçün vakansiyalar  mövsümlə bağlıdır. Əsasən yayda ,Yeni il və Novruz bayramı ərəfəsində turistlər çox olur .Onda dil bilənlərə də ehtiyac yaranır”.

Ərəb dilindən hərflərə görə bir az qorxurlar. Avropa dillərindən fərqli olaraq  qrammatika, cümlə quruluşu başqadır. 2 aya bunları öyrənirlər. Sonra da 5-6 aya əgər məşğul olsalar danışa bilərlər. Ərəb dilini təhsillə bağlı öyrənənlər əsasən İslam Universitetinin tələbələri, ya da Misirdə, Qətərdə təhsil almaq istəyənlər olur. Əvvəllər yalnız dilə marağı olanlar, ya da elmlə maraqlananlar gəlirdilər”.