Bakı Mühəndislik Universitetinə (BMU) 2026-2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələri universitetin müasir, rəqabətqabiliyyətli gənc ali təhsil müəssisəsi kimi mövqeyinin ildən-ilə möhkəmləndiyinin bariz göstəricisidir.
AzEdu.az xəbər verir ki, son illərdə BMU-da keyfiyyətli təhsilin təmin edilməsi, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir təhsil və tədqiqat infrastrukturunun formalaşdırılması, əmək bazarının dəyişən tələblərinə cavab verən mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qəbul nəticələrində də özünü aydın şəkildə göstərir. Universitetin innovasiya və beynəlmiləlləşmə yönümlü inkişaf strategiyası, ikili diplom proqramları, rəqəmsal tədris imkanları, müasir laboratoriyaları, elmi-tədqiqat mühiti, startap və sahibkarlıq təşəbbüsləri BMU-nu müasir və perspektivli təhsil mühiti axtaran abituriyentlər üçün cəlbedici seçimə çevirən əsas amillərdəndir.
Universitetə qəbul göstəricilərində son illərdə müşahidə olunan davamlı artım dinamikası bunu bir daha təsdiqləyir. BMU-ya 2023-2024-cü tədris ilində 30 ixtisas üzrə 1177 nəfər, 2024-2025-ci tədris ilində 36 ixtisas üzrə 2108 nəfər, 2025-2026-cı tədris ilində isə 39 ixtisas üzrə 2468 nəfər tələbə qəbul olunub. 2026-2027-ci tədris ilində isə bu göstərici 41 ixtisas üzrə ilkin olaraq 2881 nəfərə yüksəlib. Bu, son 4 il ərzində universitetə qəbul olunan tələbələrin sayında təxminən 145 faiz artım deməkdir.
BMU-ya yüksək nəticə ilə qəbul olunan tələbələrin sayında da analoji artım müşahidə edilib. 2023-2024-cü tədris ilində universiteti seçən və 500-dən yuxarı bal toplayanların sayı 176 nəfər təşkil etdiyi halda, sonrakı illərdə bu göstərici iki dəfədən çox artıb. Cari tədris ilində isə 500-700 aralığında bal toplayanların sayı 400 nəfərə yaxınlaşıb. Bu il BMU-ya ilkin nəticələrə əsasən qəbul olunanların təxminən 14 faizi 500-dən, 2,6 faizi isə 600-dən yüksək nəticə göstərib.
II, III və V ixtisas qruplarında qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupu üzrə isə bu göstərici 98,3 faiz təşkil edib. Ümumilikdə, ixtisasların sayının və plan yerlərinin artırılmasına baxmayaraq, bakalavriat səviyyəsi üzrə qəbulun ilkin nəticələrə əsasən 98,3 faiz təşkil etməsi universitet tarixində ən yüksək göstərici olub. Bu nəticə BMU-nun abituriyentlər arasında artan nüfuzunun və seçim göstəricilərinin yüksək səviyyədə olduğunun təsdiqi olmaqla yanaşı, plan yerlərinin böyük hissəsinin formalaşmış tələbat əsasında təmin edildiyini də göstərir.
Beləliklə, son illərdə həm müasir əmək bazarının tələblərinə uyğun yeni ixtisasların sayında, həm qəbul olunan tələbələrin, həm də yüksək bal toplayan tələbələrin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Qəbul nəticələri BMU-nun müasir təhsil infrastrukturu, beynəlxalq akademik əməkdaşlıqları, innovativ təhsil imkanları və əmək bazarına inteqrasiya olunmuş kadr hazırlığı modeli ilə abituriyentlərin inamını qazandığını bir daha nümayiş etdirir.