Bakı Mühəndislik Universitetinin (BMU) Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə həyata keçirdiyi ikili diplom proqramı çərçivəsində bakalavriat təhsilinin III və IV kurslarını PKTU-da davam etdirəcək 37 tələbənin ilk qrupu Çin Xalq Respublikasına yola salınıb.
BMU-dan AzEdu.az-a bildirilib ki, tələbələr 2026/2027-ci tədris ilindən etibarən PKTU-da müvafiq ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər. Onların Çində təhsil alması ikili diplom proqramının növbəti mərhələsinin icrası çərçivəsində həyata keçirilir.
BMU ilə PKTU arasında ikili diplom proqramının icrasına 2025-ci ildə başlanılıb. Azərbaycan və Çin ali təhsil müəssisələri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramı olan layihə 6 ixtisası əhatə edir. Bunlar “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya” və “Biznesin idarə edilməsi” ixtisaslarıdır.
“2+2” modeli əsasında həyata keçirilən proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat təhsilinin ilk iki ilini BMU-da başa vurduqdan və müəyyən edilmiş müvafiq prosedurlardan keçdikdən sonra təhsillərinin III və IV kurslarını PKTU-da davam etdirirlər.
Proqram çərçivəsində tələbələr təhsil müddətində hər iki ali təhsil müəssisəsinin akademik imkanlarından yararlanmaq, müvafiq ixtisaslar üzrə nəzəri və praktiki hazırlıqlarını davam etdirmək, eləcə də beynəlxalq təhsil mühitində təcrübə qazanmaq imkanı əldə edir.
İkili diplom proqramının tələblərini uğurla yerinə yetirən tələbələrə təhsil proqramının şərtlərinə uyğun olaraq BMU və PKTU tərəfindən bakalavr diplomlarının verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, BMU-PKTU ikili diplom proqramının həyata keçirilməsi Azərbaycan və Çin arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə, tələbələrin beynəlxalq təhsil imkanlarının artırılmasına və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.