Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunun Fiziki - kimyəvi analiz şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Səidə Məmmədli, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, elmi işçilər Aysel Rzayeva və Vüsalə Vahabovanın həmmüəllifi olduqları məqalə Q2 kvartilinə daxil olan “Journal of Polymer Research” jurnalında (06 August 2026 Volume 33, article number 343 //link.springer.com/article/10.1007/s10965-026-05054-7 ) dərc olunub.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, “Synthesis and properties of a photosensitive copolymer based on 2- formyl-1-(p-vinylphenyl)cyclopropane and glycidylmethacrylate” (2-formil- 1-(p-vinilfenil) tsiklopropan və qlisidilmetakrilat əsasında fotohəssas birgəpolimerin sintezi və xassələri) adlı məqalə 2-formil-1-(p-vinilfenil) tsiklopropan və qlisidilmetakrilat əsasında fotohəssas birgəpolimerin sintezi və xassələrinin öyrənilməsinə həsr edilib. Yeni polifunksional fotohəssas birgəpolimer 2-formil-1-(p-vinilfenil)tsiklopropanın və qlisidilmetakrilatın radikal birgəpolimerləşməsi yolu ilə sintez edilərək tərkibi, quruluşu və fotohəssaslıq xassələri müəyyən edilib. Sintez edilən 2-formil-1-(p- vinilfenil)tsiklopropanın qlisidilmetakrilat ilə birgəpolimerinin fotolitoqrafiya və mikroelektronika sahələrində neqativ fotorezist materiallarının hazırlanması üçün perspektivli olduğu təsdiqlənib.
Qeyd edək ki, impakt faktoru 3.5, Scopus CiteScore göstəricisi isə 5.6 təşkil edən məqalənin dərc olunduğu jurnal Springer Nature nəşriyyat platformasında yayımlanır, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxildir.