Azedu.az

BMU magistrantı Çində minillik freskaların bərpasını araşdırıb

Ali təhsil

10 Avqust 2026, 11:27
BMU magistrantı Çində minillik freskaların bərpasını araşdırıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin İnşaat və Memarlıq Universitetinin (Beijing University of Civil Engineering and Architecture – BUCEA) ikili diplom proqramı çərçivəsində Çin Xalq Respublikasında təhsil alan magistrant Sənur Məmmədli bu ölkənin tarixi Dunxuan (Dunhuang) bölgəsində elmi-tədqiqat səfərində olub.

AzEdu.az xəbər verir ki, gənc tədqiqatçı səfər çərçivəsində süni intellekt, mədəniyyət və incəsənətin kəsişmə imkanlarını araşdırıb, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Mogao və Yulin mağaralarının divar rəsmlərinin süni intellekt modelləri vasitəsilə bərpası istiqamətində tədqiqatlar aparıb və real məlumatlar toplayıb.

Tədqiqat proqramı çərçivəsində Mogao mağaralarında, o cümlədən xüsusi mühafizə olunan 156, 158, 220, 45 və 57 nömrəli mağaralarda, ümumilikdə 21 mağarada elmi araşdırmalar aparılıb. Həmçinin Yulin mağaralarında, o cümlədən 2, 3, 4 və 25 nömrəli mağaralarda, ümumilikdə 9 mağarada tədqiqatlar həyata keçirilib. Beləliklə, yaşı min ildən çox olan ümumilikdə 30 mağarada elmi incələmələr aparılıb. Bununla yanaşı, İpək Yolunun mühüm tarixi abidələrindən biri olan Yumenguan (Yumen Keçidi) da ziyarət edilib.

Dunxuan Akademiyasının (Dunhuang Academy) təşkil etdiyi seminarlarda iştirak edən BMU magistrantı məşhur alim, professor Liu Yongzeng ilə elmi müzakirələr aparıb.

Bundan əlavə, Qobi səhrasında yerləşən monumental “Dàmò Wèn Jì” landşaft sənəti layihəsinin və “Wú Suǒ Cóng Lái” installyasiyasının müəllifləri, dünyaca məşhur rəssamlar Zhang Huan və Hu Junjun ilə görüşlər keçirilib. Görüşlər zamanı süni intellektin incəsənətə inteqrasiyası imkanları müzakirə olunub.

Elmi fəaliyyətin ilkin mərhələsində nümunələri götürülən freskaların süni intellekt modelləri vasitəsilə uğurla bərpa edilməsi, eləcə də Dunxuan Akademiyasının təşkil etdiyi sənət emalatxanalarında fəal iştiraka görə gənc tədqiqatçı proqramın sonunda akademiya tərəfindən xüsusi sertifikat və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, BMU ilə BUCEA arasında magistratura səviyyəsində ikili diplom proqramının icrasına ötən ildən başlanılıb. Hazırda bir qrup BMU tələbəsi BUCEA-da təhsillərini davam etdirir. Proqramı uğurla başa vuran tələbələr hər iki universitetin magistr diplomunu əldə edəcəklər.

SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı - Ö*lənlər var
Son xəbərlərDaha çox