Azedu.az

Yataqxanasız universitet, kirayə dərdi - Tələbələri nə gözləyir?

Ali təhsil

6 Avqust 2026, 14:21
Yataqxanasız universitet, kirayə dərdi - Tələbələri nə gözləyir?

2026-2027-ci tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu dövrdə regionlardan Bakıya təhsil almağa gələn minlərlə tələbə üçün ən aktual məsələlərdən biri yaşayış yerinin təmin edilməsidir.

Universitet seçimi zamanı abituriyentlər təhsil keyfiyyəti ilə yanaşı, yataqxana imkanlarını da nəzərə alırlar. Lakin bir sıra ali təhsil müəssisələrində yataqxanaların olmaması və ya mövcud yerlərin tələbatı tam ödəməməsi tələbələri kirayə mənzil axtarışına yönəldir.

Bəs universitetlərdə yataqxanaların olmaması və ya istifadəyə yararsız vəziyyətdə olması tələbələrin təhsil prosesinə hansı çətinlikləri yaradır? Problemin həlli üçün hansı addımlar atılmalıdır?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi danışıb.

E.Əfəndinin sözlərinə görə, yataqxana təminatı tələbələrin əsas problemlərindən biri olaraq qalır:

"2026-2027-ci tədris ilinin başlamasına az vaxt qalıb. Universitet seçimi ərəfəsində abituriyentlər ali təhsil müəssisələrinin təhsil imkanları ilə yanaşı, yataqxana şəraitini də araşdırırlar. Xüsusilə regionlardan paytaxt universitetlərinə üz tutan gənclər üçün yataqxananın olub-olmaması əsas seçim meyarlarından biridir. Yataqxana imkanı olmayan tələbələr isə kirayə mənzil tutmağa məcbur qalırlar.

Hazırda bir sıra ali təhsil müəssisələrinin yataqxanaları fəaliyyət göstərsə də, onların hamısı tələbələrin istifadəsinə verilmir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində uzun illər məcburi köçkün düşmüş vətəndaşlarımızın bir hissəsi hələ də bəzi universitet yataqxanalarında məskunlaşıb. Bu səbəbdən tələbələrin yataqxana ilə təminatında müəyyən çətinliklər yaranır".

Yataqxana imkanları universitetlər üçün mühüm üstünlüklərdən biridir:

"Yataqxana imkanlarının mövcudluğu universitetlər üçün də mühüm üstünlüklərdən hesab olunur. Ali təhsil müəssisələrinin dünya reytinqlərində mövqeyinin müəyyənləşdirilməsi zamanı müxtəlif meyarlar nəzərə alınır və tələbələr üçün yaradılan sosial imkanlar da bu göstəricilər sırasında xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan universitetlərin yataqxana məsələsinə daha çox diqqət ayırması vacibdir.

Universitetlərin öz ərazilərində imkan olduğu halda yeni yataqxanaların inşa edilməsi, yaxud digər ərazilərdə tələbələr üçün yaşayış binalarının yaradılması məqsədəuyğun olardı. Bu, həm tələbələrin yaşayış probleminin həllinə, həm də onların təhsil prosesində daha rahat və davamlı iştirakına müsbət təsir göstərə bilər".

Yataqxanası olmayan universitetlər alternativ dəstək mexanizmləri tətbiq etməlidirlər:

"Yataqxanası olmayan universitetlər alternativ dəstək mexanizmləri barədə də düşünməlidirlər. Belə ali təhsil müəssisələri kirayə mənzildə yaşayan tələbələrə dəstək məqsədilə illik təhsil haqqı üzrə müəyyən güzəştlər tətbiq edə bilərlər. Bu, tələbələrin maddi yükünün azalmasına və onların təhsilini daha rahat davam etdirməsinə müsbət təsir göstərə bilər”.

Fidan Şahkərəmova

Bakı Putini dəliyə döndərdi - Bayramov Ukraynada bu şəxslə görüşdü
Son xəbərlərDaha çox