Azedu.az

Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?

Ali təhsil

5 Avqust 2026, 12:14
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?

30 iyul 2026-cı il tarixində Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. Bundan əvvəl, 2024-cü il sentyabrın 3-də isə "Naxçıvan" Universitetinin MMC kimi ləğv olunduğu elan edilmişdi. Qısa müddət ərzində bir neçə özəl ali təhsil müəssisəsi ilə bağlı qəbul edilən bu qərarlar cəmiyyətdə özəl universitetlərə etimad məsələsini yenidən gündəmə gətirib. 

Xüsusilə Bakı Qızlar Universiteti ixtisas seçimi ərəfəsində bir çox abituriyentlərin seçim siyahısında yer alırdı.

Universitetin məhz ixtisas seçimi başlamazdan əvvəl fəaliyyətinin dayandırılması digər özəl ali təhsil müəssisələrinə ictimai etimada necə təsir göstərə bilər? 

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.

Rəqəmsallaşmada məktəblər hələ gecikir - “Müəllimlərin İKT bacarıqları kritikdir”
 

Dünyanın hər yerində universitetlər açıla da, bağlana da bilər:

“Bu qərarlar insanların ixtisas seçiminə, əlbəttə ki, təsir göstərə bilər. Lakin savadlı və geniş dünyagörüşünə malik insanlar üçün bu amil həlledici olmayacaq. Çünki dünyanın hər yerində universitetlər açıla da, bağlana da bilər. Bu, istər dövlət, istərsə də özəl ali təhsil müəssisəsi olsun, fərq etmir.

Universitetlər müəyyən dövrlərdə - məsələn, hər 3 və ya 5 ildən bir - müxtəlif yoxlamalardan və akkreditasiya proseslərindən keçirlər. Həmin akkreditasiyaların nəticəsindən asılı olaraq həm dövlət, həm də özəl ali təhsil müəssisəsinin fəaliyyəti dayandırıla bilər.

Özəl ali təhsil müəssisəsinin fəaliyyəti dayandırıldığı halda isə həmin universitetin tələbələri digər ali təhsil müəssisələrinə köçürülür. Onlar təhsil aldıqları ixtisas üzrə uyğun universitetlərə köçürülərək ali təhsillərini həmin müəssisələrdə davam etdirirlər”.

Azərbaycanda elə özəl universitetlər var ki, bir çox dövlət universitetlərini həm reytinq, həm də keyfiyyət baxımından üstələyir:

“Bir tələbənin leqal qaydada universitetə qəbul olub, sonradan həmin universitetin bağlanması səbəbindən tələbəlik hüququnu itirməsi mümkün deyil. Belə bir hal baş vermir. Buna görə də abituriyentlər özəl universitetlərə rahatlıqla sənəd verə bilərlər.

Azərbaycanda elə özəl universitetlər var ki, bir çox dövlət universitetlərini həm reytinq, həm də keyfiyyət baxımından üstələyir. Bu ali təhsil müəssisələri beynəlxalq reytinq cədvəllərində daha yüksək mövqelərdə qərarlaşır və daha keyfiyyətli təhsil təklif edirlər.

Ona görə də özəl və dövlət universiteti arasında yalnız status baxımından seçim etmək düzgün yanaşma deyil. Abituriyent və valideyn birlikdə bütün amilləri nəzərə almalı, şagirdin maraqlarına, seçmək istədiyi ixtisasa və həmin ixtisas üzrə təhsil müəssisəsinin imkanlarına uyğun qərar verməlidirlər. Bütün bu məqamlar dəyərləndirildikdən sonra hansı ixtisası və hansı ali təhsil müəssisəsini seçəcəklərinə qərar vermələri daha məqsədəuyğundur”.

Dövlətin tələblərini və akkreditasiya şərtlərini yerinə yetirməyən universitet bağlanmalıdır:

“Universitetlərin bağlanmasına gəldikdə isə, əgər ali təhsil müəssisəsi dövlətin müəyyən etdiyi tələbləri və akkreditasiya şərtlərini yerinə yetirmirsə, mütləq bağlanmalıdır. Çünki universitet elə bir müəssisə deyil ki, yalnız gəlir əldə etmək məqsədi daşısın. Burada söhbət bir nəslin, minlərlə abituriyentin və tələbənin gələcəyindən gedir. Əgər universitetdə keyfiyyətli təhsil və sağlam ali təhsil mühiti formalaşdırılmayıbsa, onun fəaliyyətinin dayandırılması daha məqsədəuyğundur.

Lakin ali təhsil müəssisələrinin islah edilməsi və inkişaf etdirilməsi ayrı məsələdir. Universitetlərə özlərini inkişaf etdirmək üçün imkan verilməli, onların fəaliyyətinin yaxşılaşdırılması və keyfiyyət standartlarının yüksəldilməsi istiqamətində iş aparılmalıdır.

Bununla belə, edilən xəbərdarlıqlara və qarşıya qoyulan tələblərə baxmayaraq universitet öz fəaliyyətini tələb olunan səviyyəyə çatdıra bilmirsə, belə bir ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması daha düzgün qərar olar”.

SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı
Son xəbərlərDaha çox