Bakı Mühəndislik Universitetinin (BMU) 22 məzunu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində təhsil almaq hüququ qazanıb.
AzEdu.az xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının nəticələrinə uyğun olaraq, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil almaq hüququ qazanan 353 nəfərdən 20-si, doktorantura səviyyəsində təhsil almaq hüququ əldə edən 22 nəfərdən isə 2-si BMU məzunudur.
Dövlət Proqramının iştirakçısı olan BMU məzunlarından 14-ü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 6-sı Amerika Birləşmiş Ştatlarında, 1-i İtaliya Respublikasında, 1-i isə Finlandiya Respublikasında yerləşən nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq.
2027-ci il üzrə QS dünya universitetləri reytinqinə əsasən, BMU məzunlarının qəbul olunduğu ali təhsil müəssisələrindən 2-si dünyanın ilk onluğunda, 3-ü ilk iyirmiliyində, 17-si isə ilk yüzlüyündə qərarlaşıb.
Məzunlar “University of Cambridge”, “University College London” (UCL), “Columbia University”, “University of Edinburgh”, “University of Manchester”, “King's College London”, “University of Warwick”, “London School of Economics and Political Science”, “University of Glasgow”, “Johns Hopkins University”, “Duke University”, “University of Birmingham”, “New York University”, “University of Washington”, “University of Sheffield” və digər nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər. Onlar kompüter elmləri, süni intellekt, data elmi, kibertəhlükəsizlik, proqram təminatı mühəndisliyi, kompüter mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, maşınqayırma mühəndisliyi, enerji sistemləri mühəndisliyi, inşaat mühəndisliyi, maliyyə, biznesin idarə edilməsi, riyaziyyat, iqtisadiyyat və digər prioritet ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının əsas məqsədi gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün əlverişli imkanların yaradılması, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına töhfə verəcək, yüksək ixtisaslı, innovativ düşüncəyə malik və beynəlxalq əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılmasıdır.
BMU məzunlarının Dövlət Proqramında əldə etdiyi növbəti uğur universitetdə həyata keçirilən keyfiyyət yönümlü təhsil siyasətinin, beynəlxalq əməkdaşlıq əlaqələrinin və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində görülən məqsədyönlü fəaliyyətin mühüm nəticələrindən biridir.