Türkiyənin Niğdə vilayətində yaşayan 64 yaşlı Mustafa Kök illər əvvəl yarımçıq qalan təhsil arzusunu gerçəkləşdirərək universiteti fakültədə dördüncü nəticə ilə bitirib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mustafa Kök ibtidai məktəbi bitirdikdən sonra maddi çətinliklər səbəbindən təhsilini davam etdirə bilməyib.
O, illər sonra təhsilini yenidən bərpa edərək əvvəlcə orta və tam orta təhsilini açıq təhsil sistemi vasitəsilə tamamlayıb.
O, 2022-ci il sentyabrın 22-də başladığı ali təhsilini dörd il ərzində uğurla başa vuraraq fakültədə dördüncü olub.
64 yaşlı məzun məzuniyyət sevincini övladları, nəvələri və ailə üzvləri ilə birlikdə bölüşüb.
Mustafa Kök bildirib ki, özü təhsil ala bilməsə də, hər zaman övladlarının oxumasına çalışıb. Onun sözlərinə görə, təhsilini yarımçıq qoymağın yaratdığı boşluğu illər boyu hiss edib və bu arzunu reallaşdırmaq üçün yenidən təhsil almağa qərar verib.
Kök qeyd edib ki, ixtisasının tarix və Türk dünyası ilə bağlı olması, eləcə də qazax türkcəsini bilməsi dərslərində uğur qazanmasına kömək edib. O, bu nailiyyətində müəllimlərinin böyük dəstəyi olduğunu vurğulayaraq onlara təşəkkür edib.
Təhsilin yaş məhdudiyyətinin olmadığını deyən Mustafa Kök bundan sonra magistratura təhsili almağı hədəflədiyini bildirib. Onun sözlərinə görə, öyrənmək ömürboyu davam edən bir prosesdir və o, təhsilini yarımçıq qoyan insanlara nümunə olmaq istəyir.