7 iyun 2026-cı il tarixində keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub. Gözlədiyindən aşağı nəticə əldə edən bir çox abituriyent isə hazırda ixtisas seçimi və qəbul şansları ilə bağlı narahatlıq yaşayır.
Bəs bu il I və IV ixtisas qruplarında hansı bal aralığında qəbul riski daha yüksək görünür?
AzEdu.az-a mövzu ilə bağlı Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli açıqlama verib.

Ekspert bildirib ki, hazırkı mərhələdə səsləndirilən bütün proqnozlar əvvəlki illərin statistikası və qəbul tendensiyalarına əsaslanır:
“Məsələyə aydınlıq gətirməzdən əvvəl vacib bir məqamı qeyd etmək lazımdır. Hazırda ixtisaslar üzrə plan yerləri və qruplar üzrə ballar statistikası açıqlanmayıb. Buna görə də istənilən bal aralığı ilə bağlı söylənilən fikirlər yalnız əvvəlki illərin statistikası və formalaşmış qəbul tendensiyalarına əsaslanan təhlildir. Yekun nəticə yalnız qəbul planı təsdiqləndikdən və ixtisas seçimi başa çatdıqdan sonra məlum olacaq.
Həmçinin I ixtisas qrupunda buraxılış balının da yüksək olması vacibdir. Çünki blok imtahanında informatika istiqaməti üzrə ixtisasların keçid balları ənənəvi olaraq yüksək olur. Bununla yanaşı qeyd etmək lazımdır ki, informatika istiqaməti üzrə blok fənlərindən toplanan bal müəyyən həddən aşağı olduqda ixtisas seçimi mümkün olmur.
Son illərin qəbul nəticələrinin müqayisəli təhlili göstərir ki, I ixtisas qrupunda 250 baldan aşağı nəticə göstərən abituriyentlərin, IV ixtisas qrupunda isə 300 baldan aşağı bal toplayanların qəbul imkanları digər namizədlərlə müqayisədə daha məhdud görünür. Bunun əsas səbəbi hər iki qrup üzrə populyar ixtisaslarda rəqabətin yüksək olmasıdır. Xüsusilə kompüter mühəndisliyi, informasiya texnologiyaları və digər mühəndislik istiqamətləri, eləcə də tibb, stomatologiya və əczaçılıq kimi ixtisaslarda keçid balları ənənəvi olaraq yüksək formalaşır".
Elmin Yaqubbəylinin sözlərinə görə, düzgün ixtisas seçimi qəbul prosesində həlledici rol oynayır:
“Bununla yanaşı, aşağı bal toplamaq qəbul şansının tamamilə itirilməsi demək deyil. Hər il elə abituriyentlər olur ki, düzgün ixtisas seçimi və real seçim strategiyası hesabına gözlədiklərindən daha uğurlu nəticə əldə edirlər. Digər tərəfdən, yüksək bal toplamasına baxmayaraq, yalnız populyar ixtisasları seçən bəzi namizədlər müsabiqədən kənarda qala bilirlər. Bu fakt göstərir ki, qəbul prosesində ixtisas seçimi ən az imtahan nəticəsi qədər əhəmiyyətlidir".
Ekspert vurğulayıb ki, abituriyentlər tələsik nəticə çıxarmamalıdırlar:
“Abituriyentlərə tövsiyə olunur ki, nəticələrini yalnız topladıqları bala əsasən qiymətləndirməsinlər. Qəbul planı, ixtisaslar üzrə ayrılan yerlərin sayı, müsabiqədə iştirak edən digər namizədlərin nəticələri və keçid balları yekun qəbul mənzərəsini formalaşdıran əsas amillərdir. Buna görə də rəsmi göstəricilər açıqlanana qədər tələsik qərarlar vermək düzgün olmaz.
Nəticə etibarilə, mövcud statistikaya əsasən I ixtisas qrupunda 250 baldan aşağı, IV ixtisas qrupunda isə 300 baldan aşağı nəticə göstərən abituriyentlər üçün qəbul riski nisbətən yüksək qiymətləndirilə bilər. Lakin bu göstəricilər rəsmi keçid balları deyil və hər bir abituriyentin qəbul taleyi yalnız ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşəcək. Məhz buna görə də bu mərhələdə ən doğru addım soyuqqanlı davranmaq, rəsmi məlumatları gözləmək və ixtisas seçimini peşəkar məsləhətlə həyata keçirməkdir".