“AzMİU-da riyaziyyat və tətbiqləri sahəsində güclü elmi potensial formalaşıb”
AzEdu.az xəbər verir ki, bu fikirləri AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri (MPMMA 2026)” mövzusunda II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı səsləndirib.
N.Aslanova riyaziyyat elminin beynəlxalq əməkdaşlıq və elmi nəticələrin dünya elminə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Məhz bu amillər AzMİU-da belə bir beynəlxalq konfransın təşkil olunmasını şərtləndirən əsas səbəblərdən biri olub. Universitetdə fəaliyyət göstərən Ali Riyaziyyat kafedrası, Funksional analiz və tətbiqləri elmi-tədqiqat laboratoriyası, İnformasiya Texnologiyaları kafedrası, eləcə də yeni yaradılmış İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik elmi-tədqiqat laboratoriyası bu sahədə formalaşmış elmi potensialın göstəricisidir. Həmin strukturlarda Azərbaycanın və dünyanın aparıcı alimləri ilə əməkdaşlıq həyata keçirilir”.
N.Aslanova mühəndislik ixtisaslarının əsasının riyazi biliklər üzərində qurulduğunu xatırladaraq bildirib ki, universitetin memarlıq, inşaat və kompüter mühəndisliyi istiqamətlərində əldə etdiyi inkişaf da məhz bu elmi bazaya söykənir:
“2024-cü ildə universitet rəhbərliyinin dəstəyi ilə təşkil edilən ilk beynəlxalq konfrans böyük maraqla qarşılanıb. Həmin tədbirin nəticəsi olaraq nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr dərc olunub və ilk dəfə universitetin səkkiz aliminin elmi işi Q1 kateqoriyalı jurnallarda işıq üzü görüb.
AzMİU yalnız konfranslarla kifayətlənmir, eyni zamanda beynəlxalq seminar və elmi müzakirələrə də ev sahibliyi edir. Bu fəaliyyətlər universitetin elmi potensialının artırılmasına və beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Müasir universitetlərin beynəlxalq reytinqlərdəki mövqeyi əsasən elmi nəşrlər, onlara edilən istinadlar və yüksək indeksli jurnallarda çap olunan məqalələr əsasında qiymətləndirilir.
Bu baxımdan beynəlxalq elmi konfransların keçirilməsi ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən biridir”.
Çıxışının sonunda N.Aslanova konfransın nüfuzlu elmi nəşrlər tərəfindən dəstəkləndiyini qeyd edərək, tədbirin riyaziyyat və tətbiqi elmlər sahəsində yeni əməkdaşlıqların qurulmasına və mühüm elmi nəticələrin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.