Türkiyənin Dokuz Eylül Universitetinin (DEÜ) informasiya sistemlərinə kiberhücum cəhdi edilib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə kritik infrastrukturun hədəfləndiyi yüksək səviyyəli hücum cəhdi kimi qiymətləndirilib.
Məlumata görə, 21 iyun saat 20:30 radələrində universitetin sistemlərində şübhəli fəaliyyət aşkarlanıb. Bundan sonra ULAKBİM-in monitorinq sistemi vasitəsilə məsələ dərhal qeydə alınıb və araşdırma başlanıb.
Təhlükəsizlik məqsədilə universitetin siber təhlükəsizlik qrupu (SOME) internet çıxışını və bəzi serverləri müvəqqəti olaraq dayandırıb. Bu addım sistemlərin və məlumatların qorunması üçün görülüb.
Aparılan yoxlamalar nəticəsində heç bir məlumat sızmasının baş vermədiyi müəyyən edilib.
Universitetin açıqlamasında qeyd olunur ki, gecə boyu aparılan texniki işlərdən sonra sistemlər yoxlanılıb və mərhələli şəkildə yenidən işlək vəziyyətə gətirilib.