Azedu.az

İmtahanları süni intellekt yoxlayacaq? - universitetlərdən CAVAB

Ali təhsil

1 İyun 2026, 16:21
İmtahanları süni intellekt yoxlayacaq? - universitetlərdən CAVAB

Azərbaycan Texnologiya Universitetində hazırkı imtahan sessiyasından başlayaraq imtahan prosesində süni intellekt əsaslı innovativ həllər tətbiq ediləcək. Belə ki, bu platforma 2 əsas modul üzrə fəaliyyət göstərir:

Maraqlıdır, digər ali təhsil müəssisələrində imtahan prosesində və ya qiymətləndirmə mərhələsində süni intellekt texnologiyalarından istifadə olunurmu?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı ali məktəblərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, hazırda tətbiq olunmur:

“Lakin növbəti tədris ilindən nəzərdə tutulub”.

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, hazırda ATMU da imtahanların və nəticələrin elekron yoxlanılması ilə əlaqədar böyük həcimdə tədbirlər həyata keçirilir:

“Elektronlaşma prosesi bitdikdən sonra süni intellektin alətlərindən istifadə ən aktual mövzulardan biri olaraq qarşımızda duracaqdır”.

Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, hazırda bu istiqamətdə işlər aparılır:

“Növbəti semestrlərdə imtahan prosesində süni intellekt texnologiyalarından istifadə olunması planlaşdırılır”.

Azərbaycan Universitetindən (AU) bildirilib ki, hazırda universitetimizdə imtahan prosesinin təşkili və qiymətləndirmə mərhələsində süni intellekt texnologiyalarından istifadə olunmur:

"Bununla belə, ali təhsil sahəsində rəqəmsal transformasiya prosesləri və innovativ texnologiyaların tətbiqi istiqamətində beynəlxalq, o cümlədən qabaqcıl təcrübə daim izlənilir.

Gələcəkdə tədris, imtahan prosesinin təşkili və qiymətləndirmə proseslərinin keyfiyyətinin artırılması, şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə süni intellekt əsaslı həllərin tətbiqi imkanları nəzərdən keçirilə və tətbiqi mümkün ola bilər. Bu istiqamətdə hər hansı qərar qəbul ediləcəyi təqdirdə, müvafiq normativ tələblər, akademik etika prinsipləri və bu kimi digər məsələlər əsas götürüləcəkdir".

Lənkəran Dövlət Universitetindən (LDU) bildirilib ki,bütün kollekvium və imtahanlar elektron qaydada keçirilir:

“LDU-nun tələbələri özlərinin imtahan və kollokvium vaxtlarını seçməkdə tam müstəqildirlər. Tələbələr imtahan gününə qədər öz imtahan vaxtlarını elektron qaydada şəxsi kabinetlərinə daxil olaraq seçə və vaxtını dəyişə bilərlər. Hər hansı bir səbəbdən imtahanda iştirak edə bilməyən tələbələr daha sonra elektron qaydada imtahan vaxtlarında  dəyişiklik edə, başqa fəndən imtahan seçə bilərlər.

Həmçinin, tələbələrə bir gün öncədən imtahan vaxtlarını və otaqlarını xatırladan sms-lərin göndərilməsi təşkil edilib. Artıq 4 ildir ki, Lənkəran Dövlət Universitetində tətbiq olunan bu sistem Azərbaycan ali təhsil müəssisələrində bir ilkdir. Hazırkı imtahan sessiyasında  süni intellekt texnologiyalarından istifadə nəzərdə tutulmayıb. Amma növbəti illərdə yəqin ki, süni intelektin imkanlarından istifadə olunacaq".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) məlumat verilib ki,hazırda süni intellekt texnologiyalarından imtahan və yekun qiymətləndirmə proseslərində institusional səviyyədə istifadə olunmur:

"Bunun əsas səbəbi həmin texnologiyaların tətbiqi üçün müəyyən metodiki və texnoloji həllərin tələb olunması, həmçinin məsələnin kifayət qədər ciddi və məsuliyyətli xarakter daşımasıdır. Bununla belə, aralıq qiymətləndirmələrdə innovativ həllərdən yardımçı vasitə kimi istifadə təşviq edilir. Artıq kollekviumların və digər aralıq qiymətləndirmələrin təşkili, eləcə də qiymətləndirmə prosesinin həyata keçirilməsi zamanı süni intellekt texnologiyalarından istifadə edən müəllimlərimiz mövcuddur".

TƏCİLİ! İranda dəhşətli partlayışlar: ABŞ əməliyyata başladı
Son xəbərlərDaha çox