“Azərbaycanda bəzi hallarda həkimlər öz bildiklərini öyrətməyə qısqanclıq edirlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

“Tibb təhsili, əsasən, Azərbaycanda məzun olan həkimlər tərəfindən belə səciyyələndirilir: nəzəriyyəyə daha çox yer verilir, praktika isə zəif qalır. Tibb ixtisaslarından məzun olan tələbələr bildirirlər ki, Türkiyəyə və ya Almaniyaya uzmanlıq təhsili almağa gedərkən bir çox bacarıq, səriştə və praktiki vərdişlərə yiyələnmədiklərini görürlər. Onlar həmin bacarıqları praktikada tətbiq etməyib, kifayət qədər təcrübə keçməyiblər.
Azərbaycanda rezidentura təhsili alanlar isə qeyd edirlər ki, bəzi hallarda həkimlər öz bildiklərini öyrətməkdə qısqanclıq edir, yəni xəsislik göstərir və biliklərini, təcrübələrini gələcək davamçıları olacaq həkimlərlə bölüşmək istəmirlər. Mən də belə hallarla rastlaşmışam. Həkim dostlarımın dilindən bu fikirləri, rəyləri və şərhləri eşitmişəm".
Avropanın və Türkiyənin təcrübəsini Azərbaycana inteqrasiya edə bilsək, böyük bir uğur əldə etmiş olarıq:
“Mən hesab edirəm ki, qonşu Türkiyədə tibb təhsili çox yüksək səviyyədədir. Bundan əlavə, həkimlərimiz Almaniyaya da üz tuturlar. Türkiyədə tibbi təhsilin keyfiyyəti yüksək olsa da, həkimlərin hüquqlarının qorunması və müdafiəsi sahəsində müəyyən problemlər mövcuddur. Xəstələrin həkimlərə hücum etdiyi hallar baş verir, onların təhlükəsizliyi isə tam təmin olunmur. Bəzən elə təəssürat yaranır ki, həkimlər xəstələrin insafına buraxılıb. Bu baxımdan, həkimlərin hüquqlarının yetərincə müdafiə olunmadığını söyləmək mümkündür.
Tibb təhsili almaq istəyən azərbaycanlı tələbələr Türkiyə və Almaniyanı seçim kimi dəyərləndirə bilərlər. Hər iki ölkədə tibb təhsilinin yüksək səviyyədə olduğu qeyd olunur. Avropanın digər ölkələrində də tibb təhsili ümumilikdə oxşar standartlara malikdir və onların heç biri digərlərindən ciddi şəkildə geri qalmır. Bu səbəbdən Estoniya, Finlandiya və İngiltərə kimi ölkələrdə də tibb təhsilinin kifayət qədər yüksək səviyyədə olduğunu düşünürəm.
Avropa ölkələrinin və Türkiyənin təcrübəsini Azərbaycanda tətbiq edə bilsək, böyük uğurlar əldə etmək mümkün olar”.
Universitetlərə, xüsusilə də özəl universitetlərə şərait yaratmaq lazımdır ki, onlar tibb ixtisasları aça bilsinlər:
“Azərbaycanda tibb sahəsi hazırda əsasən bir universitetlə təmsil olunur. Hesab edirəm ki, özəl universitetlərə də tibb ixtisası üzrə proqramlar açmaq üçün lisenziya verilməsi bu sahənin inkişafına müsbət təsir göstərə bilər. Necə ki, hazırda Qarabağ Universitetində tibb ixtisası fəaliyyət göstərir. Məsələn, bir vaxtlar Xəzər Universitetində də belə bir ixtisas mövcud idi, lakin sonradan bağlandı.
Düşünürəm ki, rəqabət mühiti formalaşarsa, daha keyfiyyətli nəticələr əldə etmək mümkün olar. Universitetlərə, xüsusilə də özəl ali təhsil müəssisələrinə tibb ixtisasları açmaları üçün lazımi şərait yaradılmalıdır. Bu isə həm rəqabətin artmasına, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər".