Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayır.
AzEdu.az xəbər verir ki, yay imtahan sessiyasının təşkili ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, imtahan sessiyası qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun təşkil edilməli, təhsil müəssisələrində imtahan qərargahları yaradılmalıdır.
Qərargahlara daxil olan hər bir müraciət və şikayətin operativ şəkildə araşdırılması, tələbələrin hüquqlarının qorunması və imtahan prosesinin şəffaflığının təmin edilməsi əsas tələblər sırasında yer alır.
Eyni zamanda, imtahanların təşkili və gedişi zamanı nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, yay imtahan sessiyası ali və orta ixtisas təhsili müəssisələrində tədris ilinin yekun mərhələlərindən biri hesab olunur və tələbələrin semestr ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinə xidmət edir.