Azedu.az

BMU tələbəsinin layihəsinə “Startap” şəhadətnaməsi verilib

Ali təhsil

25 May 2026, 16:41
BMU tələbəsinin layihəsinə “Startap” şəhadətnaməsi verilib

Bakı Mühəndislik Universitetinin (BMU) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının II kurs tələbəsi Ramal Ağakişinin “Viralix” layihəsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilib.

AzEdu.az xəbər verir ki, “Viralix” süni intellekt əsaslı rəqəmsal marketinq, dizayn və reklam idarəetmə platformasıdır.

Platforma bizneslərə sosial media idarəçiliyi, reklam strategiyasının hazırlanması, kontent yaradılması, dizayn xidmətləri, həmçinin “Meta” və “TikTok” reklamlarının avtomatlaşdırılması imkanlarını vahid sistem üzərindən təqdim edir. Əsas məqsəd şirkətlərin marketinq proseslərini optimallaşdırmaq, reklam idarəetməsini daha effektiv hala gətirmək və bizneslərin az resursla yüksək nəticə əldə etməsinə şərait yaratmaqdır.

Qısa müddət ərzində “Viralix” platformasına olan maraq və 20-dən çox müştəri tərəfindən istifadəsi süni intellekt əsaslı marketinq avtomatlaşdırılması həllərinə bazarda artan ehtiyacın göstəricisidir. Layihə xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasına dəstək verən innovativ texnologiya həlli kimi diqqət çəkir.

KOBİA tərəfindən təqdim olunan şəhadətnamə innovativ və texnologiya yönümlü layihələrə verilən xüsusi status hesab olunur. Şəhadətnamə innovasiya fəaliyyəti üzrə əldə olunan gəlirlərə vergi güzəştlərinin tətbiqinə, investisiya imkanlarının genişlənməsinə və layihənin beynəlxalq inkişaf potensialının artırılmasına şərait yaradır.

Qeyd edək ki, Ramal Ağakişi rəqəmsal texnologiyalar, dizayn və marketinq sahəsində uğurlu fəaliyyəti ilə fərqlənir. Gələcək mərhələdə “Viralix” platformasının xarici bazara çıxarılması və fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

Hazırda “Viralix” layihəsi BMU Texnoparkının rezidenti kimi fəaliyyət göstərir. Layihənin əldə etdiyi uğur universitetdə formalaşan innovasiya və sahibkarlıq ekosisteminin daha bir uğurlu nəticəsidir.

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox