Türkiyədə İstanbul Bilgi Üniversitetinin fəaliyyət icazəsinin ləğv olunmasına dair qərar qüvvədən salınıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da universitetdə təhsil və tədris fəaliyyətinin fasiləsiz davam edəcəyi bildirilib.
Qərar Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunub. Qərara əsasən, təsisçi fonduna qəyyum təyin edilən universitetin fəaliyyət icazəsinin ləğvinə dair əvvəlki prezident sərəncamı geri götürülüb.
Məsələ ilə bağlı açıqlama verən YÖK sədri Erol Özvar bildirib ki, qərar tələbələrin təhsilinin yarımçıq qalmaması, ailələrin narahatlıq yaşamaması və universitet əməkdaşlarının hüquqlarının qorunması məqsədilə yenidən nəzərdən keçirilib.
Özvar qeyd edib ki, ilkin qərar mövcud qanunvericiliyin tələblərinə uyğun hüquqi prosedur çərçivəsində qəbul olunmuşdu. Lakin sonradan təqdim edilən hesabatlar və vəziyyətin yenidən qiymətləndirilməsi nəticəsində qərarda dəyişiklik edilib.