Azedu.az

BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib

Universitetlər

7 May 2026, 14:45
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib

Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. 

AzEdu.az xəbər verir ki, tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib, ardınca görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub. 

BMU-nun rektoru Yaqub Piriyev çıxışında bildirib ki, müasir və güclü Azərbaycanın qurulmasında müstəsna xidmətlər göstərmiş Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Ulu Öndər uğurlu siyasi fəaliyyəti, nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq və məqsədyönlülük nəticəsində Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən dayanıqlı siyasi kursun müəllifinə çevrilib. Ölkəmizin yüksəlişinə verdiyi böyük töhfələr zəmanəsinin fövqündə dayanan bu unikal insanın adını dünya siyasi liderləri arasında xüsusi mövqeyə yüksəldib. Rektor Heydər Əliyevin Azərbaycana rəhbərliyinin tarixi xronologiyası üzrə danışaraq, çətin ideoloji mühitdə respublikamızın iqtisadi, siyasi, mədəni sahələrdə əldə etdiyi uğurları önə çəkib. Qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başlanıb, xaos, vətəndaş qarşıdurması aradan qaldırılıb, sabitlik bərqərar olub, mühüm strateji qərarlar verilib. Ermənistan-Azərbaycan arasında atəşkəsə nail olunub, “Əsrin müqaviləsi” sazişinin imzalanması nəticəsində iqtisadi yüksəlişə zəmin yaradılıb və ölkənin beynəlxalq nüfuzu artıb. Bu siyasətin nəticəsi olaraq dövlət müstəqilliyi möhkəmləndirilib, ordu quruculuğu gücləndirilib və bütün sahələrdə dinamik inkişaf təmin olunub. Eyni zamanda vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. 

Sonra çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, milli birlik prinsipinə söykənən mükəmməl idarəçilik modeli idi. Qeyd olunub ki, bu siyasi irs yalnız Azərbaycanın bugünkü inkişafının deyil, gələcək uğurlarının da əsasını təşkil edir.  

Deputat Hikmət Məmmədov vurğulayıb ki, müasir və qüdrətli Azərbaycanın təməlində məhz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Bildirib ki, siyasi məktəb və davamlı dövlətçilik strategiyası yaratmaq hər liderə nəsib olmur. Heydər Əliyev isə öz fəaliyyəti ilə xalqın milli maraqlarını qoruyan, dövlətin gələcəyini müəyyənləşdirən möhkəm siyasi irs formalaşdırmağa müvəffəq olub.  

Deputat Vüqar Rəhimzadə ölkənin iqtisadi inkişafı, milli hərbi kadrların hazırlanması istiqamətində Ümummilli Liderin atdığı vacib addımları önə çəkib. Enerji layihələrinin həyata keçməsi ilə Azərbaycanın iqtisadi baxımdan böyük uğurlar əldə etdiyini və ölkəmizin hərbi potensialının  daha da gücləndiyini, nəticədə torpaqlarımızın işğaldan qurtarıldığını nəzərə çatdırıb.            

Deputat Rizvan Nəbiyev Azərbaycanın qazandığı nailiyyətlərin əsasında Heydər Əliyevin dövlətçilik strategiyasının, uğurlu xarici siyasət kursunun dayandığını deyib. Qeyd edib ki, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük hərbi Zəfərə imza atıb, regionda yeni reallıqlar formalaşdırıb və ölkənin beynəlxalq mövqeyi daha da möhkəmlənib.   

Daha sonra Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək xalqın Heydər Əliyevin dövlətçilik təcrübəsinə və siyasi irsinə duyduğu ehtiyacın zaman keçdikcə daha aydın hiss olunduğunu deyib. Bildirib ki, dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında, milli düşüncəsində və tarixində həmişə var olacaqdır.        

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Koronavirusdan sonra YENİ BƏLA: Nazirliklər hərəkətə keçdi
Son xəbərlərDaha çox