Azedu.az

Azərbaycan Universitetində ali təhsillə bağlı beynəlxalq konfrans 

Universitetlər

5 May 2026, 10:09
Azərbaycan Universitetində ali təhsillə bağlı beynəlxalq konfrans 

Azərbaycan Universitetində “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı iki günlük beynəlxalq konfrans keçirilir.

AzEdu.az xəbər verir ki, tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.

Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsinin aparılmasıdır. Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir.

Beynəlxalq tədbiri salamlama nitqi ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq bildirib ki, Azərbaycanın ali təhsil sisteminin inkişafı Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttə əsaslanır. Bu strateji kurs bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil, sosial və digər sahələrə göstərilən ardıcıl diqqət və dəstək, bütövlükdə insan kapitalının inkişafına böyük töhfədir.

Rektor çıxışında qeyd edib ki, ali təhsil sistemi tarixi transformasiya mərhələsindən keçir. Qloballaşma, rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı və dəyişən əmək bazarı bu sahədə ciddi dəyişikliklərə səbəb olur. Ali təhsil artıq yalnız bilik ötürən sistem deyil, innovasiya yaradan, tənqidi düşüncəni formalaşdıran və cəmiyyətin inkişafına istiqamət verən dinamik bir ekosistemdir. Bu baxımdan konfransın mövzusu olan “qlobal baxış və lokal təsir” yanaşması xüsusi əhəmiyyət kəsb edir və çox əhəmiyyətli bir ideyanı özündə birləşdirir.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova; Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov; Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər. Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar - rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet - sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı kimi məsələlərə toxunulub.

Açılış mərasimindən sonra konfrans işini iki plenar sessiya müxtəlif tematik istiqamətləri əhatə edən bölmə iclaslarında davam etdirir. Beynəlxalq tədbir bu gün başa çatacaq.

Kremlin üzünə tüpürdülər! - Medvedev dəliyə döndü: İki rusofob...
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox