Tez-tez azyaşlıların boğazında qidanın qalması səbəbindən ölüm halları ilə bağlı xəbərlərlə qarşılaşırıq. Bu kimi hadisələrin qarşısını almaq üçün bu gün mağazalarda müxtəlif vasitələr mövcuddur. Lakin hadisə baş verdiyi anda, xüsusilə analar həyəcan və qorxu səbəbindən düzgün reaksiya verə bilmirlər.
Belə hallarda ilkin tibbi yardım necə göstərilməlidir? Evdə övladı ilə tək olan valideyn bu vəziyyətdə nə etməlidir? Ümumiyyətlə, mağazalarda satılan xüsusi vasitələr qida borusunda qalmış yad cismin çıxarılmasına həqiqətən kömək edirmi?
AzEdu.az-ın suallarını pediatr Şəlalə Poluxova cavablandırıb.
Pediatr qeyd edib ki, edilən ən böyük yanlışlardan biri məhz kürəyə vurmaqdır:
"Mənə elə gəlir ki, bu məsələni təkcə valideynlər yox, ən azından hər kəs bilməlidir. Çünki bu, yalnız evdə valideynin başına gələ biləcək hal deyil. Həmçinin müxtəlif ictimai yerlərdə kafe, restoran və s. kimi məkanlarda da qarşımıza çıxa biləcək bir vəziyyətdir.
İlkin yardım necə olmalıdır? İlk olaraq qeyd edim ki, bu vəziyyət iki cür qarşımıza çıxa bilər: birincisi hissəvi (qismən) tıxanma, ikincisi isə tam tıxanmadır.
Hissəvi tıxanma nədir? Bu zaman uşağın yediyi qida parçası tənəffüs yoluna düşür, lakin uşaq öskürərək həmin qida hissəsini (yad cismi) tənəffüs yollarından çıxarmağa çalışır. Öskürək burada orqanizmin tənəffüs yollarından yad cismi çıxarmasına kömək edən ən vacib refleksdir. Valideynlərin etdiyi ən böyük səhvlərdən biri bu halda onlar dərhal panikaya düşməsi, qorxaraq qışqırmasıdır. Bu halda uşağı daha da təşvişə salırlar və adətən uşağın kürəyinə vururlar. Bu isə qətiyyən yolverilməzdir".
Nə qədər çətin olsa da, soyuqqanlı qalmalı və uşağın öskürərək həmin qida kütləsini tənəffüs yolundan çıxarmasına şərait yaratmalıyıq:
"Bu zaman biz hissəvi tıxanmanı tam tıxanmaya çevirə bilərik. Çünki hissəvi tıxanma zamanı qida kütləsi tənəffüs yoluna düşsə də, uşaq hələ də müəyyən qədər nəfəs ala bilir və öskürərək onu çıxarmağa çalışır.
Bu halda uşağın kürəyinə vurmaq, onu silkələmək və ya ağızına müdaxilə etmək kimi davranışlar o güclü öskürəyin yerini heç vaxt tuta bilməz. Buna görə də belə bir vəziyyətlə qarşılaşdıqda, ilk növbədə panikaya düşmək və uşağı daha da qorxutmaq əvəzinə sakitliyimizi qorumağa çalışmalıyıq. Nə qədər çətin olsa da, soyuqqanlı qalmalı və uşağın öskürərək həmin qida kütləsini tənəffüs yolundan çıxarmasına şərait yaratmalıyıq.
İkinci forma artıq tam tıxanmadır. Bu, həyati təhlükəli bir vəziyyətdir və burada valideynin və ya uşağın yanında olan şəxsin dərhal müdaxilə etməsi vacibdir. Tam tıxanmada yediyi qida maddəsi tənəffüs yolunu tamamilə bağlayır və bu halda uşaq nəfəs ala bilmir, rəngi göyərir və boğulma başlayır. Belə vəziyyətdə saniyələr həyati əhəmiyyət daşıyır. Artıq düşünmədən, düzgün manevrlərlə uşağa kömək etmək lazımdır.
Valideynlər bu anda panikaya qapılmamağa çalışmalıdırlar. Nə qədər çətin olsa da, soyuqqanlı qalmaq çox vacibdir. Mən bu mövzunu hər zaman pasiyentlərimə əlavə qidaya başlanılan dövrdə izah edirəm, çünki bu məsələ həqiqətən həyati əhəmiyyət daşıyır. Bu halda uşağı üzü aşağı (ağız üstə) çeviririk. Qeyd edim ki, bir yaşa qədər və bir yaşdan yuxarı uşaqlarda yanaşma bir qədər fərqlidir".
Düzgün tətbiq edildikdə, bu addımlar həyat xilas edə bilər:
"Bir yaşa qədər uşaqlarda uşağı üzüaşağı vəziyyətdə saxlayaraq, iki kürək sümüyünün arasına əlin ovuc hissəsi ilə öndən arxaya doğru 5 dəfə zərbə vurulur. Daha sonra uşaq arxası üstə çevrilir və ağız boşluğu yoxlanılır ki, yad cismin çıxıb-çıxmadığı bilinsin.
Əgər çıxmayıbsa, iki barmaqla döş sümüyünün aşağı hissəsinə 5 dəfə təzyiq tətbiq edirik. Sonra yenidən eyni qaydada uşağı çevirib kürək nahiyəsinə 5 zərbə vururuq və bu prosesi təkrarlayırıq.
Bu müdaxilələri edərkən paralel olaraq təcili yardım çağırmaq çox vacibdir. Çox hallarda düzgün aparılan bu manevrlər nəticəsində qida maddəsi tənəffüs yollarından çıxır, ağıza düşür və biz onu ehtiyatla uzaqlaşdırırıq. Bundan sonra uşaq yenidən nəfəs almağa başlayır və vəziyyəti stabilləşir.
Düzgün tətbiq edildikdə, bu addımlar həyat qurtara bilər. Qeyd edim ki, bu hallar təkcə bir yaşa qədər uşaqlarda deyil, bir yaşdan yuxarı uşaqlarda da baş verə bilər və bu zaman yanaşmada müəyyən fərqlər nəzərə alınmalıdır. Həmin qaydada yenidən uşağı üzü aşağı çevirərək, iki kürək sümüyünün arasına ovucumuzun iç hissəsi ilə öndən arxaya doğru 5 zərbə vururuq. Əgər tənəffüs yolundan qida maddəsi çıxıb ağıza düşmürsə, bu zaman bir yaşdan yuxarı uşaqlarda artıq Heimlich manevrindən istifadə edə bilərik.
Qarın nahiyəsində göbək ilə döş sümüyü arasında olan hissəyə təzyiqlə basırıq. Məqsəd yuxarı istiqamətdə təzyiq yaratmaqdır ki, döş qəfəsində təzyiq artsın və bu təzyiqin təsiri ilə qida kütləsi tənəffüs yollarından xaric olunsun".
Ən doğru yanaşma kimi klassik ilkin yardım üsullarından istifadə etməyi tövsiyə edərdim:
"Bu manevr zamanı yumruqla göbək ilə döş sümüyü arasındakı nahiyəyə yerləşdirərək, içəri və yuxarı istiqamətdə təzyiqlə basırıq. Bu hərəkət bir neçə dəfə təkrarlanır. Bu halda ilkin yardım bu şəkildə göstərilməlidir. Evdə valideyn tək olduqda ən önəmli, kritik məqam odur ki, özünü itirməsin. Eyni zamanda 103-ə zəng edərək paralel şəkildə ilkin yardımı göstərməlidir.
Valideynlərin etdiyi ən böyük səhvlərdən biri, dediyim kimi, qışqırmaq, səs-küy salmaq və uşağı daha da təşvişə salaraq diqqətini yayındırmaqdır. Halbuki hissəvi tıxanma zamanı uşaq çox vaxt öskürərək özü bu vəziyyətin öhdəsindən gələ bilir.
Lakin əgər tam tıxanma baş veribsə, yaxud hətta hissəvi tıxanma zamanı belə uşağı başıaşağı çevirib silkələmək, ona su içirmək kimi davranışlar ən böyük və yol verilməməli səhvlərdəndir. Bunlardan mütləq çəkinmək lazımdır".
Mağazalarda satılan xüsusi vasitələr bəzi hallarda təsirli ola biləcəyi düşünülür, lakin təəssüf ki, bu vasitələr hələ standart tibbi protokollara daxil edilməyib:
"Yəni bu cihazların effektivliyi ilə bağlı kifayət qədər elmi sübut və geniş tədqiqatlar mövcud deyil. Üstəlik, yanlış istifadə zamanı əlavə risklər yarana bilər. Nəzərə alsaq ki, bu kimi hallarda saniyələr belə həyati əhəmiyyət daşıyır, səhv addımlar vəziyyəti daha da ağırlaşdıra bilər.
Bu səbəbdən, həkim olaraq ən doğru yanaşma kimi klassik ilkin yardım üsullarından istifadə etməyi tövsiyə edərdim. Valideynlər bu manevraları öyrənməli, videolar izləməli və imkan olduqda ilkin yardım kurslarına qatılmalıdırlar. Bu, onları maarifləndirər və mümkün riskli vəziyyətlərdə daha düzgün və vaxtında müdaxilə etməyə kömək edər. Beləliklə, ciddi fəsadların və geri dönməz ağırlaşmaların qarşısını almaq mümkün olar.
Əgər uşağın artıq huşu itirsə, bu halda təcili yardım gələnə qədər ürək masajına başlamaq lazımdır. Bu isə artıq daha geniş və dərin izah tələb edən ayrı bir mövzudur.
Ümid edirəm ki, heç bir valideyn belə bir vəziyyətlə qarşılaşmaz və belə gərgin, çətin bir təcrübə yaşamaz. Amma belə bir hal baş versə belə, ilkin yardımı bilmək və doğru addımlar atmaqla vəziyyəti nəzarətə almaq və uşağı xilas etmək mümkündür".