Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə VII Karyera sərgisi keçirilib.
AzEdu.az xəbər verir ki, “Karyera həftəsi” çərçivəsində təşkil olunan sərgi universitetdə bir həftə ərzində keçirilən çoxsaylı seminarlar, maarifləndirici görüşlər, vörkşoplar və praktik sessiyaların məntiqi yekunudur. Həftə boyunca tələbələr müxtəlif sahələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət quraraq əmək bazarının tələbləri, yeni texnologiyalar və karyera inkişaf imkanları ilə yaxından tanış olublar.
Sərginin açılışında AzMİU Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev bu kimi təşəbbüslərin gənclərin peşəkar inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, karyera sərgiləri tələbə və məzunlara potensial işəgötürənlərlə birbaşa əlaqə qurmaq, öz bilik və bacarıqlarını təqdim etmək və real iş imkanları ilə tanış olmaq üçün effektiv platformadır.
AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxışında vurğulayıb ki, Karyera sərgisi tələbə və məzunların peşəkar gələcəyinin formalaşmasında mühüm rol oynayır. Bu kimi platformalar gənclərə əmək bazarının real tələblərini öyrənmək, ixtisaslarına uyğun müəssisələrlə birbaşa əlaqə qurmaq və gələcək karyeralarını düzgün istiqamətləndirmək imkanı yaradır.
Rektor qeyd edib ki, AzMİU məzunlarının məşğulluq göstəriciləri universitetdə tədrisin keyfiyyətinin və sənaye ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu sübut edir: “Məzunlarımızın 83 faizdən çoxu ali təhsili başa vurduqdan sonra ilk bir il ərzində işlə təmin olunur, onların 71 faizi isə ixtisasları üzrə fəaliyyət göstərir. Bu, universitet–sənaye əlaqələrinin real nəticəsidir”.
Xüsusi vurğulanıb ki, sərgi çərçivəsində yalnız ümumi vakansiyalar deyil, həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirak edəcək memar və inşaat mühəndislərinin seçimi istiqamətində işlər aparılır. Bu isə tədbirin ölkənin strateji inkişaf prioritetləri ilə birbaşa bağlı olduğunu göstərir.
Qeyd olunub ki, VII Karyera sərgisində 70-ə yaxın dövlət qurumu və aparıcı şirkət iştirak edir. Sərgi çərçivəsində tələbə və məzunlara 400-dən çox vakansiya və müxtəlif istiqamətlər üzrə ödənişli təcrübə proqramları təqdim olunur. Təklif olunan imkanlar memarlıq, inşaat, şəhərsalma, dizayn, informasiya texnologiyaları, kommunikasiya mühəndisliyi və sənayenin digər mühüm sahələrini əhatə edir.
Tədbirdə SOCAR, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bərpa və tikinti qurumları, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Təhsilin İnkişafı Fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “PMD Projects” MMC, “Kristal Abşeron”, “Proyapı” və digər dövlət və özəl təşkilatlar təmsil olunub.
Sərgi çərçivəsində müəssisələrin insan resursları üzrə nümayəndələri iştirakçılara vakansiyalar, təcrübə proqramları və işə qəbul proseduru barədə ətraflı məlumat veriblər. Tələbə və məzunlar isə təqdim olunan imkanlarla yaxından tanış olub, işəgötürənlərlə birbaşa ünsiyyət qurub, suallarını ünvanlayıb və uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
Qeyd edək ki, AzMİU-da hər il keçirilən Karyera sərgisi tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların praktik bacarıqlarının artırılması və əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına töhfə verən mühüm platforma kimi ildən-ilə daha böyük maraqla qarşılanır.