Azedu.az

BMU-da süni intellektə həsr olunan seminar

Universitetlər

17 Aprel 2026, 13:46
BMU-da süni intellektə həsr olunan seminar

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat fakültəsində “Azərbaycan biznes sektorunda süni intellektin istifadə imkanları və perspektivləri” mövzusunda elmi-metodik seminar təşkil olunub. 

AzEdu.az xəbər verir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 9-cu istiqamətinə (Sənaye, İnnovasiya və İnfrastruktur) uyğun olaraq keçirilən seminarda fakültənin professor-müəllim heyəti və Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər.

Tədbirdə Biznesin idarə edilməsi kafedrasının baş müəllimi, iqtisad elmləri doktoru, dosent Ramilə Bəşirzadə mövzuya dair məruzə ilə çıxış edib. Çıxışda qeyd olunub ki, son illərdə süni intellekt texnologiyaları Azərbaycanda iqtisadi inkişafın mühüm komponentlərindən birinə çevrilməkdədir. Bu texnologiyalar əmək bazarının inkişafına, rəqabət mühitinin güclənməsinə və iqtisadi səmərəliliyin artmasına mühüm təsir göstərir. Süni intellektin maliyyə, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə geniş tətbiqi artıq real nəticələr verməyə başlayıb. Bildirilib ki, süni intellekt nəqliyyat sistemlərinin optimallaşdırılmasına, maliyyə məlumatlarının analiz edilərək proqnozların hazırlanmasına və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına imkan yaradır. Eyni zamanda vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” layihələri yeni texnoloji yanaşmaların tətbiqinə və məşğulluq imkanlarının yaranmasına şərait yaradır. Süni intellektin tətbiqi nəticəsində bəzi iş yerlərinin avtomatlaşdırıldığı, eyni zamanda yeni peşə və ixtisasların formalaşdığı diqqətə çatdırılıb.

Seminarda qeyd olunub ki, süni intellektin inkişafı üçün təhsil proqramlarının genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, qanunvericilik bazasının gücləndirilməsi və məlumat təhlükəsizliyinin təmin olunması vacibdir. Həmçinin dövlət və özəl sektor arasında əməkdaşlığın artırılması bu sahənin inkişafına mühüm töhfə verə bilər.

Tədbirin sonunda seminar iştirakçılarının sualları cavablandırılıb və  mövzuya dair müzakirələr aparılıb.  

Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi
Son xəbərlərDaha çox