Maraqlıdır, bu kimi vasitələr həqiqətən təsirlidirmi, istifadə etmək olarmı və bu məhsulların əks təsirləri ola bilərmi? Bu cür reklamlar nə dərəcədə inandırıcıdır?
AzEdu.az-ın suallarını cavablandıran pediatr Şəlalə Poluxova qeyd edib ki, “yaddaşı yaxşılaşdırır” deyə reklamlara aldanaraq uşağın uğur qazanması üçün həkim məsləhəti olmadan bu cür vasitələrin verilməsi düzgün deyil:
"Ümumilikdə belə deyə bilərəm ki, bəli, bəzi reklamlarda “dərman vasitəsi deyil” qeyd olunsa da, sanki dərman qədər effektli olduğu təəssüratı yaradılır və bu, həm valideynləri, həm də gəncləri cəlb edir. Məhsullar aktiv şəkildə reklam olunur. Qısaca olaraq qeyd edim ki, qida əlavəsi kimi təqdim olunan bu məhsulların tərkibini araşdırdıqda, həqiqətən də onların daxilində dərman maddəsi olmadığını görürük. Sadəcə, beyin fəaliyyətini aktivləşdirdiyi və yaddaşı yaxşılaşdırdığı düşünülən müəyyən maddələrin kombinasiyasıdır.
Bəs həqiqətən effekti varmı? Araşdırmalara baxdıqda görürük ki, xüsusilə 18 yaşa qədər uşaqlar arasında bu məhsulların effektivliyini sübut edən ciddi elmi dəlillər yoxdur. Aparılan tədqiqatların əksəriyyəti daha çox yaşlı insanlar üzərində aparılıb və həmin nəticələr də kifayət qədər əsaslı, “evidence-based” səviyyədə deyil. Yəni bu məhsulların yüz faiz effektiv olduğunu demək mümkün deyil".
Valideynlər əsasən aşağıdakı məqamlara diqqət etməlidirlər:
"Digər tərəfdən, bu məhsulların zərəri də ola bilər. Tərkibindəki bəzi maddələr uşaqlarda yuxululuq, ürəkbulanma, baş ağrısı kimi yan təsirlərə səbəb ola bilər. Xüsusilə xroniki xəstəliyi olan və ya başqa dərmanlar qəbul edən uşaqlarda daha diqqətli olmaq lazımdır. Ona görə də “başqa uşaq istifadə edib, yaxşı təsir göstərib” düşüncəsi ilə uşağa bu cür məhsullar vermək doğru yanaşma deyil.
Ümumiyyətlə, burada əsas ziddiyyət ondadır ki, məhsul dərman deyil, qida əlavəsidir və sərbəst şəkildə əldə oluna bilir, amma eyni zamanda dərman kimi güclü təsir vəd olunur. Bu isə sual yaradır: dərman deyilsə, necə dərman kimi təsir göstərə bilər?
Uşağın yuxu rejimi də çox vacibdir. Uşaq vaxtında yatmalı və vaxtında oyanmalıdır. Gec saatlara qədər oyaq qalan və kifayət qədər yatmayan uşaqda yüksək nəticələr gözləmək mümkün deyil. Olsa belə, uşaqda müəyyən bir müddətdən sonra başqa problemlər üzə çıxa bilər. Buna görə də ilk növbədə yuxu rejimi qaydaya salınmalıdır. Sağlam və balanslı qidalanma çox önəmlidir.
Həmçinin uşaqlarda stresin azaldılması vacibdir. Uşaqları imtahan nəticələrinə görə qorxutmaq, onları gərgin mühitdə saxlamaq düzgün deyil. Belə şəraitdə uşaqlardan yüksək nəticə gözləmək də real deyil. Buna görə valideynlər daha çox nəticəyə yox, prosesə fokuslanmalı, uşaqları dəstəkləməlidirlər. Eyni zamanda uşaqların açıq havada vaxt keçirməsi və fiziki aktivliyi də çox vacibdir. Passiv həyat tərzi düzgün deyil".
Bu tip məhsulların heç birinin ciddi, sübut olunmuş effekti yoxdur:
"Bir digər mühüm məsələ ekran müddətidir. Xüsusilə bu dövrdə yeniyetmələr arasında gec saatlara qədər ekran qarşısında qalmaq, mavi işığa məruz qalmaq geniş yayılıb. Körpə yaşlı uşaqlarda bu ümumiyyətlə olmamalıdır. Daha böyük yaş qruplarında isə maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Planşet, telefon və ya televizor olmasının fərqi yoxdur, ekran müddəti minimuma endirilməlidir.
Qısaca desək, bu tip məhsulların heç birinin ciddi, sübut olunmuş effekti yoxdur. Bəli, qida əlavəsidir və dərman deyil, buna görə riskləri nisbətən azdır, amma bu o demək deyil ki, tam zərərsizdir. Əgər uşaqda həqiqətən diqqət əksikliyi və ya yaddaş problemləri varsa, ilk növbədə mütəxəssis müayinəsi vacibdir. Lazım gəldikdə uşaq pediatr, nevropatoloq və uşaq psixiatrına yönləndirilməlidir".