Azedu.az

Pul ödə, müəllif ol - “məqalə bazarı” necə işləyir?

Müəllimlər və elm adamları

13 Aprel 2026, 10:11
Pul ödə, müəllif ol - “məqalə bazarı” necə işləyir?

"Son illərdə akademik mühitdə yeni və təhlükəli bir tendensiya formalaşmaqdadır. Elmi fəaliyyətin mahiyyətindən uzaq olan, lakin müxtəlif şəxsləri bir araya gətirərək pul qarşılığında “məqalə müəllifliyi” satan qeyri-rəsmi şəbəkələr, ictimai dildə desək, “məhsuldar tədqiqatçılar”, artıq ciddi problemə çevrilib.

Bu fenomen yalnız fərdi etik pozuntu deyil, bütövlükdə elmi sistemin nüfuzuna zərbə vuran institusional təhlükədir. Bu cür şəxslər nə real tədqiqat aparır, nə də akademik dəyər yaradır".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmlər doktoru, professor Zahid Məmmədov bildirib.

181166

Z. Məmmədov qeyd edib ki, onların əsas fəaliyyəti “məqalə bazarı” qurmaqdan ibarətdir:

"Belə ki, müxtəlif mövzularda formal məqalələr hazırlanır, sonra isə elmi fəaliyyətdə aktiv görünmək istəyən, lakin real tədqiqat aparmayan şəxslərə müəlliflik “satılır”. Beləliklə, elmi məqalə bir intellektual məhsul olmaqdan çıxaraq kommersiya obyektinə çevrilir.

Bu fəaliyyət açıq şəkildə akademik etikaya ziddir. Müasir elmi standartlara görə müəlliflik yalnız real elmi töhfəyə əsaslanmalıdır. Committee on Publication Ethics (COPE) kimi beynəlxalq qurumların prinsiplərinə görə, “ghostwriting” (gizli müəlliflik - məqaləni faktiki olaraq yazan şəxs müəllif kimi göstərilmir, əvəzində başqa birinin adı müəllif kimi təqdim olunur), “gift authorship” (hədiyyə müəlliflik - elmi işə real töhfəsi olmayan şəxsin müəllif kimi əlavə olunması) və “paid authorship” (pullu müəlliflik - pul qarşılığında bir şəxsin məqaləyə müəllif kimi daxil edilməsi) ciddi etik pozuntular hesab olunur.

“Məhsuldar tədqiqatçı” modeli isə bu pozuntuları sistemli biznesə çevirir: saxta və ya zəif məzmunlu məqalələrin hazırlanması, müəlliflik hüququnun pulla ötürülməsi, jurnallara təsir imkanlarından sui-istifadə və bəzi hallarda vəzifəli şəxslərin himayəsindən istifadə və s. Bu artıq sadəcə fərdi vicdan məsələsi deyil, təşkilatlanmış akademik korrupsiya formasıdır. Belə praktikanın yayılması bir neçə ciddi nəticə doğurur: saxta müəllifliklə nəşr olunan məqalələr real elmi dəyər daşımır. Bu isə ümumi akademik mühiti zəiflədir. Əmək, tədqiqat və analitik düşüncə əvəzinə “pul ödə, müəllif ol” modeli formalaşır".

Beynəlxalq reytinqlərdə və akademik əməkdaşlıqlarda etimad azalır:

Bu isə birbaşa universitetlərin strateji inkişafına zərbədir. Elm iqtisadiyyatla əlaqəli ola bilər, lakin bu, bilik istehsalının saxtalaşdırılması hesabına olmamalıdır. Bu fenomenin yayılmasının əsas səbəblərindən biri nəzarət mexanizmlərinin zəifliyidir. Bir çox hallarda müəlliflik meyarları formal şəkildə yoxlanılır, jurnalların keyfiyyətinə ciddi audit aparılmır və universitet daxilində etik komissiyalar passiv fəaliyyət göstərir. Nəticədə “məhsuldar tədqiqatçılar” boşluqlardan istifadə edərək fəaliyyətlərini genişləndirirlər. Problemin həlli üçün yalnız fərdləri tənqid etmək kifayət deyil.

Universitetlərdə müstəqil və real səlahiyyətlərə malik etik strukturlar formalaşdırılmalıdır. Hər bir müəllifin konkret elmi töhfəsi sənədləşdirilməlidir. Antiplagiat və keyfiyyət yoxlamalarının genişləndirilməsi, yalnız mətn oxşarlığı deyil, məzmun keyfiyyəti də qiymətləndirilməlidir. Saxta müəlliflik və elmi fırıldaq halları hüquqi məsuliyyət doğurmalıdır.

Sadəcə məqalə sayı deyil, real təsir və sitat indeksləri əsas götürülməlidir. “Məhsuldar tədqiqatçı” fenomeni bir sual doğurur: elm bilik istehsal edən sistem olaraq qalacaq, yoxsa alınıb-satılan formal göstəricilər toplusuna çevriləcək? Əgər bu gün bu cür qeyri-etik fəaliyyətlərə qarşı ciddi mövqe sərgilənməzsə, elm öz əsas funksiyasını - cəmiyyətə həqiqi dəyər yaratmaq missiyasını itirə bilər. Bu səbəbdən məsələ yalnız etik deyil, həm də milli elmi təhlükəsizlik məsələsidir".

İrana dəhşətli hücum başlayır: Ordu hazır vəziyyətə gətirildi
Son xəbərlərDaha çox