Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 11.04.2026-cı il tarixində Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib.
AzEdu.az xəbər verir ki, keçirilən olimpiadada Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.
Bilik yarışmasına qatılan 650-ə yaxın şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. Qeyd edək ki, olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və hədiyyələri təqdim olunacaq. Bilik yarışmasının nəticələri ilə bağlı LDU-nun rəsmi web saytında və facebook səhifəsində məlumat veriləcək.
Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 9 ildə ənənəvi olaraq hər il keçirilir.