Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 15:42:00
Çin Elmlər Akademiyasının nümayəndə heyəti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub

Çin Xalq Respublikası Elmlər Akademiyasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub.

Nümayəndə heyətinə Çin Elmlər Akademiyası Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik Enge Vanq, institutun direktor müavini, professor Ya Ven, Fizika və Kimya üzrə Sincan Texniki İnstitutunun direktor müavini, professor Hacı Əkbər Aişa və digərləri daxildir.

AMEA-nın Fizika İnstitutundan AzEdu.az-a verilən məlumata görə, qonaqlar bu elmi müəssisədə aparılan tədqiqat işləri, xüsusilə müasir qurğular və maddi-texniki baza ilə tanış olublar. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutun direktoru, akademik Nazim Məmmədov nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, burada əldə olunan mühüm elmi nəticələr, həmçinin müasir cihaz və avadanlıqların işləmə funksiyaları barədə məlumat verib.

Akademik Enge Vanq Fizika İnstitutunda həyata keçirilən tədbirləri, burada yaradılan innovativ mühiti yüksək qiymətləndirib.

Çinli alimlərdən ibarət nümayəndə heyəti daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində və Azərbaycan Tibb Universitetində olublar.