XƏBƏRLƏR

11.03.2019 12:43
“700-lük tələbə” – Uşaqlıqdan əzbərçiliyə alışdırılmışıq, amma, bu, bizim günahımız deyil” –LAYİHƏ

700 bal toplayan Selcan Məmmədli : “Heyvan əti yeyəndə özümü günahkar sayıram”

AzEdu.az “700-lük müsahibələr” layihəsini davam etdirir.

Budəfəki müsahibimiz Gəncə şəhər 27 saylı Fizika-riyaziyyat-kimya təmayüllü liseyin məzunu Selcan Məmmədlidir.

Öz dilindən TƏQDİMAT:  “Mən, Selcan Məmmədli ADA Universitetinin Hüquq fakültəsinin tələbəsiyəm. Gəncə şəhər 27 saylı məktəb-liseyin məzunuyam. 2018-ci ildə keçirilən qəbul imtahanlarında  III ixtisas qrupu üzrə 700 bal toplamışam”.

Təqdimata ƏLAVƏ: Selcan Məmmədli III ixtisas qrupu üzrə Gəncə şəhərindən 700 bal toplayan yeganə abituriyent olub. XI sinifdə Ədəbiyyat üzrə respublika olimpiadasında iştirak edərək III yerə layiq görülüb. İbtidai sinifdə şahmatla məşğul olsa da, hazırda bu idman növüylə məşğuliyyətini həvəskar şəkildə davam etdirir.

AzEdu.az Selcan Məmmədli ilə müsahibəni təqdim edir:

-Selcan, Gəncə şəhər Fizika-riyaziyyat-kimya təmayüllü məktəb-liseydə təhsil almağına baxmayaraq, qəbul imtahanlarında III ixtisas qrupu üzrə iştirak etmisən. Humanitar fənlərə meyl etməyinin səbəbi nə oldu?

-Bu seçimimdə müəllimlərimin rolu daha çoxdur. Azərbaycan dili və ədəbiyyat müəlliməmizi çox sevməyim, məni bu istiqamətə daha da həvəsləndirdi. Özümü dərk edəndən bəri hər zaman bədii ədəbiyyatı sevdiyimi xatırlayıram. Kimyanı yeni keçməyə başlayanda, özüm özümü bu fənni sevəcəyimə inandırmışdım. Kimya və Fizika çox maraqlı fənlər olsa da, III ixtisas qrupuna yönəlməyimdə müəllimlərimin rolu danılmazdır.

-Bəzən,  700 bal toplayan abituriyentlər ixtisas seçimi edərkən keçid balı daha yüksək olanlara maraq göstərirlər. Hüquq fakültəsini seçməyində yüksək bal faktorunun önəmi olubmu?

-Xeyr, olmayıb. Hər kəsin uşaqlıq arzusu olduğu kimi, mənim də arzu  Hüquq fakültəsində oxumaq olub. Özümü bu sahədə tam olaraq görmüşəm. IX sinifdə oxuyanda III ixtisas qrupunun fənlərinə daha çox marağımın olduğunun fərqinə vardım.

-Səmimi danışaq, valideynlərin həkim olmağını istəyiblərmi?

-Hər Azərbaycan valideyni kimi mənim də valideynlərim həkim olmağımı istəyirdilər (gülür).  Amma heç vaxt fikirlərimi dəyişdirmək üçün mənə təzyiq göstərməyiblər.

-Selcan, gələcək planların nələrdir və illər sonra özünü harada görürsən?

-Qarşıma qoyduğum hədəflərim daha qısa zamana planlaşdırılıb. Məsələn, bu il və ya gələn il üçün hədəflərim var. Məncə, qarşımıza uzunmüddətli məqsədlər qoymaq mənasızdır. Çünki hər şey anidən dəyişə bilər.

-Bəs, bu illik hədəflərin hansılardır?

-Ən böyük hədəfim ingilis dilini istədiyim səviyyəyə qaldırmaqdır. Rus dilini də ən azından elementar səviyyədə öyrənməyi düşünürəm. “To do list”im var və hədəflərimi buraya qeyd edirəm.

“Tərəddüdlərim olsa da, vegeterian olmaq istəyərdim”

-"To do list" inə qeyd etdiyin ən qeyri-adi istəyin hansıdır?

-Tərəddüdlərim olsa da, vegetarian olmaq istəyərdim. Bununla bağlı həm dərsdə, həm də evdə araşdırmalar aparıram və mənə çox maraqlı gəlir. Amma 100%-lik heç nə deyə bilmərəm. Bu istəyimin əsas səbəbi heyvanları çox sevməyim və onlara qarşı həssaslıqla yanaşmağımdır. Heyvan əti yeyəndə özümü günahkar hiss edirəm. Lakin İslam dinində Qurban bayramının mövcudluğu tərəddüdlərimi artıran səbəblər arasındadır.

-Bizə maraqlıdır, heyvanlara qarşı bu qədər diqqətcil və həssas biri ev heyvanı saxlayırmı?

-Xeyr, amma pişik saxlamaq bu ilki planlarım arasındadır.

-Həyatda da bu qədər həssas birisən?

-Mənə hər zaman deyirlər ki, gələcəyin hüquqşünası olaraq, həssaslıq sənin zəif cəhətindir. Mən isə qəddar olmaq istəmirəm, əksinə, elə belə də qalmaq fikrindəyəm. Böyük ehtimalla, cinayət hüququna yox, mülki hüquqa yönələcəyəm.

“Deistləri müəyyən qədər başa düşsəm də, ateistləri anlaya bilmirəm”

-Selcan, vegetarianlıqla bağlı tərəddüd səbəbinin İslam dini ilə əlaqədar olduğunu qeyd etdin. Deməli, dinə inanclı birisən...

-Bəli, dinə inanıram. Mənə deyirlər ki, bu qədər kitab oxuyursan, niyə indiyə qədər Qurani-Kərimi oxumamısan? Bu il Quranı oxumağı da planlaşdırıram.

-Çoxsaylı kitab oxumusan və ədəbiyyata meylli birisən. Dünya ədəbiyyatında ateizm, deizm, çoxallahlılıq və ya xristianlıqla bağlı kifayət qədər fikirlərə rast gəlinir. Bu düşüncələrlə rastlaşmaq dinə olan inancına təsir göstəribmi?

-Düzü, oxuduğum kitablar dini incancıma indiyə qədər təsir göstərməyib və tərəddüdlərim olmayıb. Heç kimi dinə olan münasibətinə görə də qınamıram. Hərənin öz subyektiv fikri var. Ancaq ateist tanışımı görəndə hər zaman ona bir sual verirəm; Bu qədər mükəmməl dünyanın necə ola bilər ki, yaradıcısı olmasın? Deistləri müəyyən qədər başa düşə bilsəm də, atesitləri anlaya bilmirəm.

TƏHLİL:Metamarfoz hadisəsi Kafkanın  işgəncəyə dözməsini, cəmiyyətdən xaric edilməsini və ailəsi tərəfindən belə sevilməməsini bizə çatdırmaq istəyir”

-Ədəbiyyatı hədsiz sevən biri kimi ən çox bəyəndiyin və yaddaşında  iz qoyan bədii əsərlər hansılardır?

-Əvvəllər kitabları həvəs üçün oxuyurdum. Məsələn, əsəri oxuyub yazıçını heç vaxt araşdırmırdım. Sonradan qarşıma bir video çıxdı. Videoda belə bir fikir irəli sürülürdü ki, ildə 100 kitab oxumaqdansa, 50-sini oxuyub onların müəlliflərini araşdırmaq daha effektlidir. Bundan sonra belə etməyi qərara almışam.

Ən sevdiyim bədii əsərə gəlincə, hər dəfə sonuncu oxuduğum kitabın mənə təsiri daha böyük olur. Ən son oxuduğum kitab isə Kafkanın “Çevrilmə” əsəridir.

-Selcan, əsərin təhlillərindən aydın olur ki, oxucuların metamarfozu izah etmə şəkilləri müxtəlifdir. Bəs, səncə Kafka bu əsərlə insanlara nəyi çatdırmaq istəyib?

-Məncə, Kafkanın öz həyatını anlamaq istəyən, “Çevrilmə” əsərini mütləq oxumalıdır. Deməzdim ki, Kafkanın ən tanınmış hekayəsi budur. Amma yazıçı orada öz həyatını, hisslərini dərindən təsvir edib. Əsərin təhlilinə internetdə baxanda bəzi insanların metamarfozu müsbət hadisə kimi dəyərləndirdiklərini gördüm. Çünki təsvir olunan həşəratı Kafka kimi götürsək, insanların qənaətinə əsasən, o həşərata çevrilməklə, bütün  öhdəliklərindən azad olunur. Halbuki, mənim məsələyə yanaşmam bir qədər fərqlidir. Mənə elə gəlir ki, metamarfoz hadisəsi daha çox Kafkanın işgəncəyə dözməsini, hadisə nəticəsində cəmiyyətdən xaric edilməsini və ailəsi tərəfindən belə sevilməməsini bizə çatdırmaq istəyir.

-Bəs deyə bilərikmi ki, metamarfoz Kafka yaradıcılığında özünü bariz şəkildə göstərən pessimizmin bir parçasıdır?

-Bəzən Dostoyevskinin əsərlərində də pessimizmin böyük rol oynadığını söyləyirlər. Amma sözsüz ki, yazıçıların yaşadıqları ilə bizim həyatımız tamamilə başqadır və bir-birindən fərqlənir. Nəzərə almaq lazımdır ki, Kafkanın psixoloji cəhətdən də müəyyən problemləri var idi.

-Yazıçının “Atama məktublar”əsərində pessimizm çalarlarının daha çox özünü göstərdiyi iddia edilir. Çünki Kafka bu əsərində atasına qarşı keçirdiyi hissləri qələmə almaqla, əslində öz daxili xarakterini də oxucuya çatdırmış olur...

-Düzü, “Atama məktublar”ı oxumamışam. Amma Kafkanın bu əsərdə atasına olan bütün hisslərini qələmə aldığından məlumatım var. Hətta deyilənə görə, bu əsər çap olunmamışdan öncə Kafka yazdıqlarını əlyazma şəklində atasına çatdırmağı üçün anasına təhvil verib.

Realizmdən romantizmə doğru...

-Selcan, Ədəbiyyat fənni üzrə qəbul proqramında hansı ədibləri bəyənərək oxumusan?

- VII sinifdə Cəlil Məmmədquluzadəni oxumağa başlamışam və onun yaradıcılığını çox bəyənirəm. Demək olar ki, ədəbiyyata olan sevgim də, məhz C.Məmmədquluzadə ilə başlayıb.

-C.Məmmədquluzadənin realist yazıçı olduğunu nəzərə alsaq, Selcanın da realist biri olduğu qənaətinə gələ bilərikmi?

-Realist insan deyiləm, əksinə romantikəm. Hüseyn Cavidi, Cəfər Cabbarlını çox sevirəm. “İblisin monoloqu”nu əzbərləmiş biriyəm. Amma C.Məmmədquluzadənin əsərləri də mənə çox maraqlı gəlir. İlk olaraq “Danabaş kəndinin əhvalatlarını” oxumuşam.

-Cəlil Məmməquluzadənin yaşadığı dövrlərdə mətbuata olan xüsusi həssaslığı və bu istiqamətdə gördüyü çoxsaylı işlər də yəqin ki, diqqətindən yayınmayıb...

-C.Məmmədquluzadəni ideal saymamaq mümkünsüzdür. Onun gördüyü bütün işlər alqışalayiqdir. Təbii ki, mətbuat sahəsində də görülən işlərə qarşı insanda xüsusi rəğbət oyanır. Bu istiqamətdə təkcə, C.Məmmədquluzadəyə deyil, həmin dövrdə inqilabçı ruhda insanları maarifləndirməklə məşğul olan ədiblərimizə də xüsusi rəğbətim var.

-Gündəlik baş verən hadisələri öyrənmək üçün yerli medianı izləyirsənmi?

-Yerli mətbuatımızı demək olar ki, oxumuram və özümü artıq informasiya ilə yükləmirəm. Sadəcə, dünyada baş verənlərdən xəbərdar olmaq üçün xarici mediada vacib xəbərlərlə tanış oluram.

- Yəqin, tələbatın Tv-də yayımlanan hansı verilişlərə və filmlərə olduğunu sən də müşahidə etmisən...

-Belə veriliş və ya filmlərə tələbat olduğuna görə, efirlərdə və kinoteatrlarda bu cür işlərə rast gəlirik. Kinoteatrlarda komediya filmləri daha çoxdur və insanlar da bunlara meyl edirlər. Halbuki, bu filmlərin keyfiyyəti o qədər də ürəkaçan deyil. Dram filmlərinə isə maraq çox azdır.

-Təəssüf ki, bu onlayn mediada da belədir. Xüsusi araşdırma yazılar, yaxşı reportajlar demək olar ki, oxunmur...

-Düzdür, şouya müəyyən qədər tələbat var. Amma indiki yetişən gənc nəsildə şouya maraq daha azdır. Deməli, gələcək üçün ümid var.

Vunderkind ETİRAFI: “Qəbul imtahanında 700 bal toplamasaydım, hazırda ADA-da təhsil almazdım”

-2018-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplamasaydın, səncə, nələri itirmiş olardın?

-Birincisi, hazırda burada müsahibə etmiş olmazdıq və sizi tanımazdım (gülür). Digər tərəfdən isə 700 bal toplamasaydım, hazırda ADA-da təhsil almazdım. Düzü, əvvəl Bakı Dövlət Universitetinə qəbul olunmaq istəyirdim. ADA ümumiyyətlə, planlarımda yox idi. Son 1 ayda fikrim dəyişdi. Buna görə də qərara aldım ki, heç vaxt qarşıma uzunmüddətli hədəflər qoymayacağam. Daha öncə də qeyd etdiyim kimi, hər şey anidən dəyişə bilər.

-700 bal toplayanların əksəriyyəti ilə, eyni zamanda, sənlə söhbət edəndə motivasiya yüksəkliyi sanki ümumi cəhətiniz kimi nəzərə çarpır. Bu, haradan qaynaqlanır?  

-Məncə, bunda insanın özü ilə rəqabət aparması çox böyük rol oynayır. Başqalarıyla rəqabətdə olmaq təqdirəlayiqdir. Yaxşılarla mühitdə onsuz da irəli getmək üçün mübarizə aparmalısan. Amma hər zaman ən yaxşılarla eyni mühitdə olmaya bilərsən. Sən dəyişmirsənsə, mühitin dəyişməyinin heç bir fərqi yoxdur.

“Zindan adası”filmində Di Kaprionun öncədən şizofren olduğunu,  yoxsa sonradan dəliyə çevrildiyini hələ də 100 % anlaya bilməmişəm”

-Selcan, izlədiyin filmlər arasında yaddaşına həkk olunanlar hansılardır?

-Daha çox dram janrında filmlərə baxıram. Mənə ən çox təsir edən film “The Pianist”( “Pianoçu”) olmuşdu. “The Shawshank Redemption” (“Əsarətin bədəli”) və bütün dram filmlərini sevirəm. “Shutter İsland”( “Zindan adası”) da sevdiyim filmlər sırasındadır.

-“Shutter İsland” filmini hər kəs müxtəlif şəkildə analiz edir. Bu filmi izlədikdən sonra beynində sonluq barədə hansı düşüncələr formalaşdı?

-Film bitəndə sanki nələrinsə yarımçıq qaldığını düşündüm. 100 % başa düşdüyümü söyləyə bilmərəm, amma deyilənə görə, rejissor filmi elə çəkib ki, sonunu özün təsəvvür etməlisən. Ya Teddi adaya gedəndən sonra şizofren olur, ya da elə öncədən xəstə olduğu üçün burada müalicə alır. Filmə dəfələrlə baxmalısan ki, bütün detalları anlaya biləsən.

Filmin qısa icmalı: Film Teddi Daniels və Cak Aul adlı iki polisin təhlükəli xəstələrin müalicə olunduğu Zindan adasına yollanmasıyla başlayır. Polislərin bu adaya göndərilməsinin səbəbi adada müalicə alan xəstələrdən birinin qəfildən yoxa çıxmasıdır. 2 polis xəstəxanaya çatdıqdan sonra baş verən fırtına adayla quru vasitəsilə yaradılan əlaqənin tamamilə kəsilməsinə səbəb olur. Lakin sonradan yuxu ilə real həyat arasında təqdim olunan hadisələr izləyicilərdə böyük çaşqınlığa səbəb olur.

Film boyu hadisələr Teddinin ( Di Kaprio) şizofren olduğu, yoxsa xəstəxananın baş həkiminin onu aldadaraq dəli eləmək istədiyi barədə şübhələr ətrafında cərəyan edir. Filmin final səhnəsində Teddinin son replikasını təqdim edirik:

“Səncə hansı daha pisdir? Bir canavar kimi yaşamaqmı, yoxsa yaxşı insan olaraq ölməkmi?”

 Sonda Teddinin beyin sinirləri psixoloji cərrahiyyə nəticəsində götürülür və bədəni yaşasa da, filmdəki ifadə ilə desək “zombiyə” çevrilir.

 “ADA-da müəllimin tələbəni cəzalandırmağa haqqı yoxdur”

-11 il Gəncədə oxumuş gənc kimi bu bölgəmizdə təhsilin vəziyyətini necə qiymətləndirərdin?

-Açığı, təhsilimizin vəziyyəti o qədər də ürəkaçan deyil. Bunlara rəğmən, çalışan, irəli gedən uşaqlar var. Şəhərdə bütün şəraiti ola-ola, özəl liseylərdə oxuyub bilik səviyyəsi aşağı olan və Gəncədə beynəlxalq olimpiadada yer tutan və irəli gedən uşaqlar da var. Yenə belə nəticəyə gəlib çıxırıq ki, müəllim və mühit nə qədər mükəmməl olur olsun, hər şey insanın özündən asılıdır.

-Bəs Azərbaycan təhsilinin inkişafı üçün hansı təkliflərin var?

-Məncə, inkişafı təmin etmək üçün bağçadan başlamaq lazımdır. Müşahidə etdiyim qədərilə məktəblərdə dərslər çox ciddi aparılır. Kurikulumun tərəfdarıyam, amma bu sistemin tələbi ciddilik deyil. Məsələn, ADA-da müəllimlər tələbələri qətiyyən sıxmırlar. Çox sərbəst olsan, davranışlarında hər hansı problem yaşansa, qiymətindən çıxılır. Müəllimin səni cəzalandırmağa haqqı yoxdur.

-Son olaraq, 700 bal toplayanların arasında əzbərçiliklə bu nəticəni əldə edənlərin olduğu fikirləriylə razısanmı?

-Sözsüz ki, bu fikirlər doğrudur. Biz uşaqlıqdan buna alışdırılmışıq və I sinifdən bizə dərslərimizi əzbərləmək aşılanır. 700 bal toplasaq da, toplamasaq da, əzbərçi olmaq bizim günahımız deyil.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu