Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə-işçi heyəti Lənkəran Dövlət Dram Teatrının səhnəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı, milli musiqi mədəniyyətimizin şah əsərlərindən sayılan “Arşın mal alan” komediyasını yeni quruluşda izləyib.Teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzər Hüseynovanın quruluş verdiyi tamaşa maraqlı, orijinal səhnə həlli, tərtibatı, musiqi seçimi və klassik janrla modernizmin, mifopoetik uslubun vəhdəti, uğurlu sintezi ilə diqqət çəkib.
AzEdu.az xəbər verir ki, komediyada səslənən musiqili parçaların aktyorlar tərəfindən ifası, təbii, səmimi oyunları tamaşaçılıar tərəfindən maraqla, alqışlarla və gül çiçəklərlə qarşılanıb. LDU-nun rektoru, prof. Natiq İbrahimov sonda teatrın rəhbərliyinə, aktyorlara maraqlı tamaşaya görə təşəkkür edib, universitet kollektivi adından minnətdarlığını bildirib.
Qeyd edək ki, “Arşın mal alan” komediyasında əsas rolları Lənkəran Dövlət Dram Teatrının aktyorlarından Aynur Əhmədova, Əbülfəz Axundov, Saleh Əzimzadə, Şahrud Mehdiyeva, Sayad Əliyev, Teymur Hacızadə, Vəfa Hacızadə, Məleykə Cəfərova, Ayşən Əsədova və başqaları ifa ediblər.