Cənab Prezidentin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının institutları Elm və Təhsil Nazirliyinə verildi. Bu qərarın əsas məqsədi elmi fəaliyyətin tədrislə birləşdirilməsidir və bu, olduqca aktual bir məsələdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bunu universitetin İnformasiya Texnologiyaları və Sistemləri kafedrasının müdiri, İdarəetmə Sistemləri İnsitutunun sabiq direktoru akademik Telman Əliyev deyib.
“Bizim institutla AzMİU arasında uzun illərdən bəri sıx əlaqələr mövcuddur, demək olar ki, biz birgə iki istiqamətdə elmi fəaliyyət göstəririk. Gələcəkdə bu əlaqələri daha da möhkəmləndirməyi və yeni layihələr üzərində birgə çalışmağı planlaşdırırıq. Artıq iki böyük layihə üzərində işə başlamışıq.
Birinci layihə, seysmakustik stansiyalar şəbəkəsinin yaradılmasıdır. Bu şəbəkə vasitəsilə eksperimentlərin aparılması və tələbələrin də bu sahədə praktik fəaliyyət göstərməsi mümkün olacaq. Bundan əlavə, türkdilli dövlətlərlə birgə ümumi bir seysmakustik şəbəkə qurmaq mümkün olacaq. Bu şəbəkə bizə seysmik proqnoz yox, seysmik xəbərdarlıq almaq imkanı verəcək. Layihə AzMİU-nun tanınmış professoru, nüfuzlu seysmologiya mütəxəssisi Azər Qasımzadə ilə birlikdə yerinə yetiriləcək və biz bu istiqamətdən çox əhəmiyyətli müsbət nəticələr gözləyirik”.
Akademikin sözlərinə görə ikinci böyük layihə isə Şərq-Qərb Nəqliyyat Dəhlizi ilə bağlıdır.
“Bu layihə qatarların təhlükəsizlik səviyyəsini artırmaq məqsədini daşıyır. Layihə çərçivəsində “Növbədənkənar nəzarət tələb edən dəmiryol sahələrini müəyyənləşdirən intellektual sistem”in yaradılmasını planlaşdırmışıq. Bu istiqamətdə işlər aparılır. Layihənin beynəlxalq maliyyə dəstəyi ilə həyata keçirilməsini təşkil etmək üçün Polşa, Özbəkistan və Gürcüstan alimləri ilə birgə əməkdaşlıq edəcəyik.
Bu iki layihə AzMİU ilə İdarəetmə Sistemləri İnstitutu arasında birgə aparılır. Həm elmi, həm də praktik baxımdan çox böyük perspektivlər vəd edir və universitetimizin səviyyəsini və imkanlarını göstərir”.