Mütamadi olaraq ali təhsil müəssisələrində təhsil haqlarının artması müşahidə olunur.
Bəs, təhsil haqqı artdıqca təhsilin keyfiyyəti də artırmı?
Məsələ ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a açıqlama verib.
Ekspert bildirib ki,təhsil haqqı artırsa, təhsil keyfiyyəti də artmalıdır:
“Bu il təxminən 16-17 universitetdə illik təhsil haqlarında dəyişikliklər olub. Bəzilərində minimal 100-200 manat, bəzilərində isə 500 manat və üzəri artımlar müşahidə olunur”.
E.Əfəndiyev qeyd edib ki, təhsil keyfiyyətinin də artması üçün ali məktəblərə daha güclü müəllim-professor heyəti cəlb olunmalıdır:
“Tələbələrə interaktiv lövhələrlə, fərdi kompüterlərlə təmin olunub, eyni zamanda kitabxanalarda lazımi kitabları tapmaqda çətinlik çəkmirlərsə, o zaman təhsil haqlarının artımı başadüşüləndir.
Artımın digər səbəblərindən biri də müəllimlərin əmək haqlarının artımı ilə bağlıdır. Həmçinin, ölkədə kommunal istiqamətlə bağlı müəyyən dəyişiklik olursa, təbii ki, universitet burada su, qaz, istilik sistemlərini nəzərə alaraq təhsil haqqını artıra bilər. Növbəti illərdə də biz artım müşahidə edə bilərik”.
Həmsöhbətimiz qeyd edib ki, növbəti illərdə də təhsil haqlarının artması gözləniləndir:
“Məlumdur ki, özəl universitetlərin təhsil haqqı çox yüksəkdir. Lakin bəzi dövlət universitetləri var ki, təhsil haqqının çox olması mövzusunda özəlləri keçə bilir. Bu, hər il müvafiq proseslərdən asılı olaraq dəyişə bilən qərardır və biz deyə bilmərik ki, növbəti il təhsil haqqı artmayacaq”.
Bənövşə Həsənova