Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-15 14:11:41
Professor: “Dünya “yaşıl enerji” mənbələrinə keçməlidir”

Siyasətçilər ölkələrinin enerji mənbələrini “yaşıllaşdırmaq” yolu ilə qalıq yanacaqlardan uzaqlaşmaq, daha “yaşıl alternativlər”ə keçməklə iqlim dəyişikliyi ilə bağlı çağırışlara cavab verə bilərlər və bunu etməlidirlər.

 

Bunu AzEdu.az-a açıqlamasında London Kral Kollecinin iqtisadiyyat professoru Gülçin Özkan (Gulcin Ozkan) deyib.

 

O hesab edir ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) “yaşıl enerji”yə keçidi təmin etmək məqsədilə ölkələrin öhdəliklərinə nail olmaq üçün əla fürsətdir:

 

“Dövlətlərin milli prioritetlərinin müxtəlifliyini nəzərə alsaq, bu istiqamətdə danışıqların çətin keçdiyini söyləyə bilərik. Məsələn, Dubayda keçirilən COP28-də ilk dəfə olaraq qalıq yanacaqlardan uzaq qlobal keçid üçün həvəsləndirici çağırış səslənib. Lakin “yaşıl enerji”yə keçid məsələsində az inkişaf etmiş ölkələrə maliyyə dəstəyi üçün heç bir konkret vaxt qrafiki və ya aydın öhdəliklər yox idi”.

 

Onun sözlərinə görə, ekoloji baxımdan daha “yaşıl sahələr”ə investisiyaları təşviq edən siyasətə ehtiyac var. G.Özkan buna misal olaraq karbon vergisini göstərib: “Ölkələrin mərkəzi bankları “yaşıl transformasiya”nı dəstəkləmək üçün getdikcə daha çox pul-kredit və hüquqi konsepsiya hazırlamağa məcbur olurlar”.

 

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək və Azərbaycana iqlim gündəmini dünyada tanıtmaq imkanı verəcək.