Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 17:43:41
ADNSU-da “BÜTÖV” proqramı çərçivəsində görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 


AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov
proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələrə məlumat verib. Diqqətə çatdırılıb ki, 10-12 noyabr tarixlərində Quba şəhərində proqram çərçivəsində təşəbbüs qruplarının fəaliyyətinin gücləndirilməsinə yönəlik düşərgə həyata keçirilib.

 

Bildirilib ki, düşərgədə iştirak etmiş təşəbbüs qrupları proqramın növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif ideyaların reallaşdırılması istiqamətində çalışacaqlar. Proqram çərçivəsində həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoçarxların hazırlanması da planlaşdırılır. Tədbirin davamında “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar çıxış ediblər.

 

Qeyd olunub ki, tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan
soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar. Son əsrlər ərzində qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsi erməni dövlət siyasəti səviyyəsində həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qərbi azərbaycanlıların tezliklə öz tarixi torpaqlarına qayıdacağına əminliyini vurğulayan natiqlər bu istiqamətdə “Qayıdış” konsepsiyasının önəmindən danışıb, gəncləri bu sahədə həyata keçirilən proseslərdə fəal iştiraka çağırıb.

 


Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi
torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.