Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-28 13:25:00
130 km qət edən “Fədakar müəllim” : “Dəfələrlə qəza şəraiti ilə üzləşmişəm, amma..”

AzEdu.az təhsil portalı dərs keçmək üçün yaşadığı yerdən uzaq məsafələrə, çətin relyefli ərazilərə müəllim kimi fəaliyyət göstərməyə yollanan müllimlərlə bağlı dəfələrlə müsahibələr dərc edib.  

 

 

Bu dəfə haqqında bəhs etdiyimiz Elsevər İmanəliyev müəllimlik fəaliyyətini davam etdirmək üçün hər dəfə 130 km məsafə qət edərək,  Bakıdan Şamaxıya gedir.

 

AzEdu.az  "Fədakar müəllim" rubrikasının növbəti müsahibi ilə söhbəti təqdim edir.  

 

 

-Əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz...

 

- Mən İmanəliyev Elsevər Xalıqverdi oğlu 1980-ci ilin mayın 20-də Cəlilabad rayon Təklə kəndində anadan olmuşam.  Həmin kənddə şəhid Elçin İsmayılov adına tam orta məktəbdə təhsil almışam. Ali məktəbə qəbul olmaq üçün imtahan versəm də, seçdiyim ixtisasa uyğun bal toplaya bilmədiyim üçün hərbi xidmətə yollanıb vətənə olan borcumun bir hissəsini ödəmişəm. Xidmətdən qayıtdıqdan sonra heç bir müəllim yanına getmədən 2002 ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşam. Ali təhsili başa vurduqdan sonra 2017-ci ilə qədər başqa sektorda fəaliyyət göstərmişəm. 2017-ci ildə Müəllimlərin İşə Qəbulu  imtahanında iştirak edib Şamaxı rayonu Quşçu kəndi F.Əzməmmədov adına tam orta məktəbdə tarix vakansiyası üzrə təyinat almışam. 2023-cü ildən etibarən müəllimlərin yerdəyişməsi müsabiqəsində Şamaxı rayonu 6 saylı M.K.Veyisov adına tam orta məktəbə uyğun ixtisas üzrə  yerdəyişmə etmişəm. Hazırda Sabunçu rayonu Zabrat 1 qəsəbəsində yaşayıram.

 

 

-Fəaliyyət göstərdiyiniz məktəblə faktiki yaşayış yeriniz arasında nə qədər məsafə var?

 

-Məktəb evdən 130 km məsafədə yerləşir.

 

 

-Həftədə neçə dəfə dərsə gedib gəlirsiniz?

 

- Həftədə 3 dəfə dərsə gedib-gəlirəm, 20 saat dərs yüküm var.

 

 

-Məktəbə getmək üçün aylıq nə qədər yol pulu verirsiniz?

- Təxminən 190-200 manat civarında.

 

 

- Yolunuzun uzunluğuna görə müəllimlik peşəsindən imtina etmək istəmisiniz?

 

 

- Xeyr, bu yolu seçdiyim zaman hara və nə üçün getdiyimi yaxşı bilirdim.

 

 

- Çalışdığınız müddətdə heç ekstremal vəziyyətlə qarşılaşmısınız?

 

 

- Bəli dəfələrlə olub. Şamaxı dağlıq ərazi olduğu üçün yolların qar və buz örtüyü ilə bağlanması halları çox olur. Hətta bir neçə dəfə qəza şəraiti ilə də üzləşmişəm.

 

 

-Nə qədər əmək haqqı alırsınız ?

 

-Maaş stabil olmur. Birinci il 278 azn, 2-ci il 310 azn, 3-cü il 520azn, 4-5-ci il 389 azn, 6-cı il 426 azn, bu il, yəni 7-ci ildə hələki maaş almamışam bilmirəm.

 

 

-Bəs bu maaş sizi qane edirmi? Buna görə müəllimlik peşəsindən imtina etmək istəmisinizmi?

 

 

-Əlbəttə ki, bugünki bazar iqtisadiyyatı ilə ayaqlaşmır, amma bu o demək deyil ki, sevdiyim və seçdiyim peşədən imtina edim.

 

 

Sifayə Abbas