Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 10:10:00
Rusiyada ali təhsil almaq istəyən azərbaycanlıları bu il nə gözləyir?

Məlum olduğu kimi, Azərbaycan vətəndaşlarının attestatla təhsil almaq üçün müraciət etdiyi ölkələrin başında bu ilə qədər Rusiya dayanırdı.

“Bu ilə qədər” kəlməsinə vurğu etmək istərdik. Çünki, Rusiya - Ukrayna müharibəsi Azərbaycan vətəndaşlarının Rusiyanın ali məktəblərində təhsil almasında problemlər yaratdı. Müəyyən qisim valideyn öz uşağını müharibə aparan ölkəyə göndərməkdən imtina etdi.

2023-cü ildə bu sahənin vəziyyəti necə olacaq?

AzEdu.az təhsil portalı olaraq vətəndaşlarımızın xaricdə təhsili məsələlərini həmişə diqqət mərkəzində saxlayırıq.

Valideynlərin öz uşaqlarının təhsili üçün seçim edəcəkləri xarici ölkələr arasında 2023-cü ildə Rusiya olacaqmı?

Bu və ya digər suallarla bağlı təhsil üzrə ekspert, Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov müraciət etdik.

Müsahibimiz bildirdi ki, həqiqətən son ilə qədər sadəcə attestatla xarici ölkə universitetlərinə qəbul olunan Azərbaycan vətəndaşlarının sayı minlərlə idi.

“Az qala Azərbaycanda imtahan verərək universitetlərə qəbul olunan tələbələr qədər vətəndaşımız attestatla xarici universitetlərə qəbul olunurdu. Hazırda əvvəlki illərdə qəbul olunan vətəndaşlarımızın sayı on minlərlədir.

Bu il tamam fərqli vəziyyət yaranacaq. Valideynlərin böyük bir qismi təhlükəsizlik problemilə əlaqədar öz övladlarını ümumiyyətlə yaxın xarici ölkələrə təhsil almağa göndərməyəcək. Məlum hadisələr üzündən Rusiya və Ukrayna əvvəlki illərdə olduğu qədər cazibədar deyil, Türkiyədəki baş vermiş zəlzələ də öz tsirini göstərəcək.

Rusiyada isə başqa bir problem də ortaya çıxır. Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti zamanı sovet təhsil sisteminə keçidlə bağlı məsələ qaldırıb. Bu isə Azərbaycanda tətbiq olunan Bolonya təhsil sistemi ilə tamam fərqli bir sistemdir. Ora təhsil almaq üçün gedənlər alacaqları diplomların Azərbaycanda qəbul olunub-olunmayacağı barədə indidən düşünməli olcaqlar”.