Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 14:44:00
İnşaat mühəndisliyi ixtisasının perspektivləri müzakirə olunub

Təhsil İnstitutu və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlar davam etdirilir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar “Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri” mövzusunda keçirilib.

 

Vebinarda spiker qismində “Mott MacDonald” şirkətində inşaat mühəndisi işləyən Arzu İmanlı çıxış edib. Onun təqdimatı təhsil və karyera, inşaat mühəndisliyinin sahələri kimi mövzuları əhatə edib.

 

Spiker inşaat mühəndisliyi ixtisası üzrə aldığı təhsil haqqında məlumat verdikdən sonra karyera pillələrindən bəhs edib. Peşəkar şirkətlərdə təcrübə keçən Arzu İmanlı inşaat mühəndisinin ixtisasın nəzəri hissəsini bilməsi ilə yanaşı, praktik tətbiqi prosesində iştirak etməsinin mühümlüyünü də vurğulayıb.

 

Təcrübə keçdikdən sonra professional karyera həyatına başlayan spiker hazırda çalışdığı irimiqyaslı beynəlxalq layihələr və gündəlik iş rejimi, inşaat mühəndisliyi ixtisasının sahələri haqqında danışıb. Struktur mühəndisliyi, ətraf mühit mühəndisliyi, nəqliyyat mühəndisliyi, geotexnika mühəndisliyi və layihə/infrastruktur mühəndisliyi kimi geniş sahələr və bu sahələr üzrə mütəxəssislərin vəzifələri qeyd olunub. Mühəndislik sahəsində qadınların da uğur qazanacağını xüsusilə vurğulayan spiker mühəndisin yalnız masa arxasında deyil, sahədə də çalışa biləcəyini bildirib.

 

Vebinarın keçirilməsində əsas məqsəd inşaat mühəndisliyi ixtisasının perspektivlərinin müzakirəsi, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində inşaat mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir.