https://www.zirve.edu.az/
08.07.2018 09:10
Bu gün rezidenturaya qəbul imtahanının həlledici mərhələsi keçirilir

Dövlət İmtahan Mərkəzi bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.

İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada olmaqla saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Şəxsiyyəti təsdiq edən sənədin əslini;       

İmtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Məlumat üçün bildiririk ki, 609 namizəd imtahanın II mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 408 nəfəri qız, 201 nəfəri oğlandır. 529 namizəd Azərbaycan bölməsinin, 80 namizəd rus bölməsinin, 329 namizəd cari ilin, 280 namizəd isə əvvəlki illərin məzunudur, 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 589, Naxçıvan şəhərində isə 20  namizəd imtahan verir.

İmtahanların idarə olunması üçün 6 imtahan rəhbəri, 59 zal nəzarətçisi ayrılıb.