https://www.zirve.edu.az/
04.01.2021 17:00
Çin dünyanın ən böyük və ən həssas radioteleskopunu xarici alimlərin üzünə açır

Çin diametri 500 metr olan dünyanın ən böyük və ən həssas radioteleskopunun (FAST) qapılarını aprelin 1-dən etibarən xarici alimlərin üzünə açır.

AzEdu.az xəbər verir ki, bu barədə teleskopun operatoru olan Çinin Milli Astronomiya Rəsədxanası açıqlama yayıb. Xarici ölkələrdən olan alimlər qeyd olunan tarixdən etibarən teleskopdan istifadə üçün onlayn formada müraciət edə bilərlər. Rəsədxananın baş mühəndisi Cian Pen deyib ki, ilk mərhələdə teleskopun istifadə vaxtının yalnız 10 faizi xarici alimlər üçün əlçatan olacaq.

Qeyd edək ki, Çinin cənub-qərbindəki Quycou vilayətində dağlıq ərazidə yerləşən teleskop ötən ilin yanvarında istifadəyə verilib. Rəmzi olaraq “Çinin səmavi gözü” adlanan teleskopun perimetri 1,6 kilometrdir. Onun səthi təxminən 30 futbol meydançasının ümumi sahəsinə bərabərdir. Tikintisinə 2011-ci ildə başlanılan layihəyə 185 milyon ABŞ dolları sərf edilib. Teleskopun inşası üçün onun yerləşdiyi ərazidən 5 kilometr radiusda yaşayan sakinlər başqa yerlərə köçürülüblər, 10 kilometr radiusda isə tikintiyə qadağa qoyulub. Dünyanın ən sürətli kompüterlərindən olan “Sky Eye 1” ilə əlaqələndirilən “Çinin səmavi gözü” planetin ikinci böyük teleskopundan təxminən 2,5 dəfə daha çox həssasdır və saniyədə 38 giqabayt informasiya qəbul etmək iqtidarındadır.

Yerli alimlər ümid edir ki, radioteleskop pulsarlar haqqında fiziki amillər də daxil olmaqla, əsas elmi məsələlərin həllində vacib rol oynayacaq. Alimlər açılışdan əvvəlki ikiillik sınaq dövründə radioteleskopun köməyi ilə 102 yeni pulsar aşkar ediblər ki, bu da eyni dövrdə Avropada və ABŞ-da tədqiqat qrupları tərəfindən aşkar edilən pulsarların ümumi sayından çoxdur. Cihaz, həmçinin pulsarların sinxronlaşdırılmasını 50 dəfədən çox dəqiqləşdirməyə imkan yaradıb.