Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 15:22:00
Türkiyə universitetlərinə imtahan verənlərə şad xəbər: Narahatlığa səbəb yoxdur! –Güzəştlər 

“Türkiyə universitetlərinin çoxunda virusla əlaqəli olaraq TYS, ALES, YDS kimi tələb olunan imtahanlar ləğv edildi. Bu səbəbdən artıq bakalavr və magistr səviyyələrində təhsil almaq istəyənlər üçün bu nəticələr şərt deyil”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə mütəxəssis Ramal Şəmşədli söyləyib.

 

Onun sözlərinə görə, artıq Türkiyə ali təhsil müəssisələrinə müraciət sayında tətbiq olunan limit aradan qaldırılıb:

 

“YÖK-dən (Yüksek Eğitim Kurulu) yaxın zamanda açıqlama verildi. Həmin açıqlamada qeyd olunur ki, tələbələr  universitetlərə attestatla bütün ixtisaslar üzrə qəbul üçün müraciət edə bilərlər.  Eyni zamanda, əvvəlki illərdə ixtisaslara görə tələbələr üçün kvota sayı ayrılırdı. Bu il həmin limit də YÖK tərəfindən ləğv edildi. Artıq universitetlər istədikləri qədər tələbə qəbul edə bilərlər”.

 

Təhsil eksperti qeyd edib ki, YÖK-ün qərarına əsasən, növbəti tədris ilində də dərslər distant formada davam edə bilər:

 

“Bu il Türkiyə ali təhsil müəssisələrinə qeydiyyat müddəti də uzadıldı, bu proses  dekabrın 15-nə kimi davam edəcək. YÖK bildirib ki, əgər virusla əlaqədar universitetlerin açılması uzadılarsa, bu səfər dərslər və imtahanlar onlayn şəkildə keçiriləcək”.

 

“Qeyd edim ki, dünən Ankara və Hacettepe Universiteti attestatla qəbul elanı verdi. Eyni zamanda, Ankara Universiteti xarici tələbələr üçün nəzərdə tutulan YÖS imtahanını da ləğv edib. Buna görə də heç bir narahatlığa səbəb yoxdur. Tələbələrimiz istədikləri ixtisas üzrə arzuladıqları universitetlərə müraciət edə bilərlər”, - deyə Ramal Şəmşədli sözlərinə əlavə edib.