Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 11:41:00
Məktəblərdə “Son zəng” necə keçiriləcək? - SORĞU

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, orta məktəblərdə “Son zəng” tədbirləri onlayn formada keçirilə bilər. Nazir qeyd edib ki, 11-ci sinif şagirdləri kifayət qədər yetkin şəxslərdir və mövcud vəziyyəti düzgün dəyərləndirərək məntiqli qərar qəbul edəcəklər. Ceyhun Bayramov həmçinin, bunun xüsusi bir hal olduğunu və bu müddət ərzində hər kəsin məsuliyyətini ortaya qoyaraq kütləvi tədbirlərdən çəkinməli olduğunu deyib.

 

Bəs görəsən məktəblər “Son zəng”i necə keçirməyi planlaşdırır və onlayn forma hansı effekti verə bilər?

 

AzEdu.az  xəbər verir ki,  mövzu ilə bağlı məktəb direktorları və ekspert  öz fikrini bildirib.

 

Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva veriləcək istənilən qərara hazır olduqlarını deyib:

 

“Düşünürük ki, şagirdlərə töhfə olaraq liseyin rəhbər heyətinin və sinif rəhbərlərinin videoçarxını hazırlayaq. Bu videoçarxı onlara onlayn formada təqdim edə bilərik. Eyni zamanda bizdə kubokun ötürülməsi ənənəsi var. Biz bunu onlayn şəkildə təşkil etmək istəyirik. Hələ ki, bu barədə fikirləşirik. Ancaq düşünürəm ki, onlayn tədbir ənənəvi qədər effektiv olmayacaq. Pandemiya şagirdlərin həyatının ən önəmli mərhələsini əllərindən aldı. Çox təəssüf ki, bu belədir. Necə deyəcəklərsə, o şəkildə də edəcəyik. Çünki başqa yolumuz yoxdur”.

 

Bakı şəhər 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov isə bildirib ki, bununla bağlı nazirlikdən göstəriş hansı formada verilərsə, o formada da icra olunacaq: “Hələ ki, “Son zəng”lə bağlı qərar yoxdur. Təhsil Nazirliyinin təlimatını gözləyirik. Bununla bağlı konkret olaraq müəyyənləşdirdiyimiz qayda yoxdur. Onlayn formada tapşırıq verilərsə, o formada da tədbiri keçirəcəyik. Biz tövsiyələri gözləyirik. Ona uyğun da işimizi təşkil edəcəyik”.

 

Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin direktoru Elnurə Cavadzadə bu barədə məsləhətləşmələrin getdiyini deyib. Direktor qeyd edib ki, məktəb rayon təhsil şöbəsinə tabedir və bu baxımdan da ümumi qərardan sonra ona uyğun olaraq bütün işlər təşkil olunacaq.

 

İsmayıllı rayon İ.Həsənov adına 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov məktəbdə “Son zəng”lə bağlı hazırlığın görülmədiyini bildirib. Direktor bununla bağlı Təhsil Nazirliyinin təlimatını gözlədiklərini deyib:

 

"Təlimat necə veriləcəksə, biz də o formada təşkil edəcəyik. Hələ ki, bununla bağlı bir iş aparılmayıb. Əvvəl tədbir canlı şəkildə təşkil olunduğu üçün müəyyən hazırlıqlar görülürdü və məşqlər aparılırdı. Amma hələ ki, bununla bağlı qərar verməmişik. “Son zəng”in necə və hansı parametrlərlə keçiriləcəyini gözləyirik. Hazırda dərslər və müəyyən tədbirlər onlayn formada keçirilir. “Son zəng”ə ənənəvi olaraq öyrəşmişik ki, tədbir keçirilsin və çıxışlar, qonaqlar olsun. Yəni onu onlayn formada da keçirmək mümkündür, bura bütün 11-ci sinif şagirdləri və müəllimlər qoşulsun. Bunu “Microsoft Teams” və ya “Zoom” proqramı kimi onlayn platformalarda keçirə bilərik. Onlayn olarsa bu ölkə üzrə bir ilk olacaq. Bu bizim üçün də çox maraqlıdır. Düşünmüşük ki, bunu hansı formada etmək olar ki, şagirdlərə maraqlı olsun. 11-ci siniflər bununla bağlı çox narahatdırlar. Biz də pandemiya ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlər və qaydalar çərçivəsində çalışacağıq ki, nələrsə edək. Amma hazırda onu necə təşkil edəcəyimizlə bağlı tam dəqiq bilmirik”.

 

Təhsil eksperti Şahlar Əsgərov isə hesab edir ki, başqa alternativ olmadığı halda “Son zəng” də onlayn formada keçirilə bilər:

 

“Başqa bir çarə yoxdursa, Təhsil Nazirliyi ilə razılaşmalıyıq. Belə bir vəziyyətdə neyləmək olar ki? Bu bəşəriyyətin ilk dəfə qarşılaşdığı bir problemdir. Təkcə bizim ölkəmizdə yoxdur. Türk fəlsəfəsində belə bir fikir var: yaxşı danışan və yaxşı iş görən yaxşı adam deyil, yaxşı düşünən yaxşı adamdır. İndi hər birimiz yaxşı düşünüb, iş görməliyik. Düşüncəmiz düzgün olmalıdır. Artıq cəmiyyət onlayn şəkildə tədrisə, təhsilə və iclasa vərdiş edib. Pandemiyanın müsbət cəhəti budur ki, məcbur olub müasir texnologiyalardan təhsildə istifadə etdik. Ona görə “Son zəng”lər də onlayn keçirilə bilər. Bu o dərəcədə effektiv olmasa da, müəyyən çıxış yolu və seçim edəcəyimiz fərqli ideya yoxdur. Düşüncə düzgün olmalıdır. Güman edirəm ki, bu düşüncə düzdür”.

 

Mövzuya rəsmi mövqeni öyrənmək məqsədilə Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O bildirdi ki, “Son zəng”in keçirilməsi ilə bağlı hələ ki, vahid qərar yoxdur:

 

“Bununla bağlı məsələlər Ceyhun Bayramovun brifinqdə qeyd etdiyi kimidir. Onlayn formada keçirilə bilər. Ancaq tam olaraq hansı formada keçirilməsi ilə bağlı qərar verilməyib”.(Publika.az)