https://www.zirve.edu.az/
04.05.2020 12:33
Tələbələr karantin dövründə hansı kitabları oxumağa üstünlük verir?- Maraqlı cavablar 

Mütaliə və öyrənmək bilik əldə etməyin ən yaxşı üsullarıdır. Bu biliklərin qorunmasında, saxlanmasında və nəsildən-nəslə ötürülməsində müdriklik xəzinəsi olan kitabların rolu əvəzedilməzdir.

 

Koronavirus təhlükəsinin qarşısını almaq məqsədilə  reallaşdırılan xüsusi  karantin rejimində  tələbələrin vaxtlarını necə səmərəli keçirdiklərini və hansı kitabları mütaliə etdiklərini öyrənmək üçün  virtual sorğu keçirtdik. Tələbələrdən mütaliə etdikləri ən maraqlı əsərləri və həmin kitabları oxumağa sövq edən xüsusiyyətləri soruşduq.

 

Aldığımız cavablara əsaslanaraq deyə bilərik ki, tətillərini boşa keçirməyən, mütaliələ məşğul olan xeyli sayda  tələbə var .

 

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin tələbəsi Gülayə Məcid karantin dövründə oxuduğu iki kitabdan danışıb:

 

“Frans Kafka "Atama məktub” monoqrafiyasında öz şəxsi gündəliyindən istifadə edib.  Frans monoqrafiyada  uşaq ikən atasından çəkindiyi sözləri, istəkləri yazıb. Belə ki, atasının çox əziyyətlə böyüməsi və bu əziyyəti Fransa və bacılarına çəkdirməsindən gileylənib. Nə qədər narazılıq etsə, ac qalsa belə, atasının əsl ata obrazı olduğunu vurğulayıb. Sonda Frans atası kimi biri ola bilmədiyi üçün təəssüf hissi keçirir.

 

Çingiz Abdullayevin “Dərdimə şərik ol” əsərində isə zəngin, yeraltı dünyasının azərbaycanlı iş adamı İsmayıl Mahmudbəyov qızı ilə birlikdə Rusiyaya istirahətə gedir. İş adamının düşmənləri evinə basqın edib onu yaralayırlar. Qızı qaçmağı bacarır.  Həmin qız bir sıra çətinliklərlə üzləşdikdən sonra xilas ola bilir”.

 

Eyni fakültənin tələbəsi Ürfət Mirzəyev isə  Çharlez Dickensın “Olivier Tvıstın məcaraları’’ kitabından bəhs edib:

 

“Kapitan Qrantın başına gələnlər, çıxdığı səyahətlər zamanı qətiyyətli olması, ailəsinə qarşı qayğıkeş davranışları məni bu əsəri sonuna qədər oxumağa sövq edib”.

 

Pedaqoji Universitetin tələbəsi Arifə Əliyeva mütaliənin əhəmiyyətindən də danışıb.

“Oxuduğum kitablar var. Amma sona qədər oxumağa səbrim çatmadığı kitablar da olur.

Bir növ kitab insan həyatını tam dəyişir. Bədii ədəbiyyat dərsliklər kimi insan həyatında təsirsiz ötüşmür. Bir də kitab oxuyarkən səbirli olmağı da bacarmalısan. Mən belə deyərdim ki, texnika nə qədər inkişaf etsə də, nə radio, nə televiziya, nə də internet kitabı əvəz edə bilməz. Kitab oxumaq insanı mənəvi zənginliyə gətirib çıxarır. Həqiqətən də, insan danışmağa başlayarkən elə ilk sözdən, ilk cümlədən onun mənəvi baxımdan nə qədər zəngin olduğu, ümumiyyətlə, kimliyi bəlli olur.
Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. O, insanı söhbətcil və hazırcavab edir, təfəkkürü dərinləşdirir.

 Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq”.

 

Sonda onu da qeyd edək ki, evdə qalmağa məcbur olduğumuz bu müddətdə mütaliəyə daha çox vaxt ayırıb sağlamlağımızın qeydinə qalsaq vaxtımızı daha faydalı dəyərləndirə bilərik.

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları