https://www.zirve.edu.az/
22.03.2020 16:05
Əlləri yumağı vacib sayan həkimi necə çərlədib öldürdülər? –Antiseptikanın “atası” sayılan Filip Zemmelveysin faciəvi həyatı
Çap et

Tanınmış jurnalist Zülfüqar Rüfətoğlu böyük macar alimi, antiseptikanın “atası” sayılan İqnats Filip Zemmelveys barədə maraqlı yazı yazıb.

AzEdu.az yazını oxucularına təqdim edir:

Google bugünkü axtarış səhifəsini İqnats Filip Zemmelveysə (Ignaz Philipp Semmelweis) həsr edib.

Bu böyük alimin adının indi yada düşməsi təsadüfi deyil. O antiseptikanın atası sayılır.

Zemmelveys 1 iyul 1818-ci ildə, Macarıstanın Buda (İndi Budapeştin iki hissəindən biridir) şəhərində doğulub.

Vyana Universitetində cərrahiyyə və mamalıq ixtisası qazanıb.
1846-1850-ci illərdə Vyanadakı doğum evində işləyib. 1851-ci ildə Peştə (Budapeştin bir hissəsi) köçüb. Burada müqəddəs Roş xəstəxanasının baş həkimi olub.

O 1855-ci ildən Budapeşt Universitetinin professoru idi.

Zemmelveys xəstəxanada qəribə bir vəziyyətə diqqət yetirmişdi. Buradakı doğum evi iki şöbədən ibarət idi. Zemmelveys fikir vermişdi ki, 1-ci şöbədə uşaq üstündə ölən qadınların sayı 2-ci şöbədəkindən xeyli çoxdur. Səbəbini anlaya bilmirdi.

O sonra belə bir məqama fikir vermişdi ki, 1-ci şöbədə ixtisas təlimi alan tibb tələbələrinin birinci dərsi ölüxanada olurdu və onlar doğum bölməsinə ordakı məşğələnin ardınca gəlirdilər.
Zemmelveys başa düşmüşdü ki, qadınların ölümünə tələbələrin ölüxanadan özləri ilə gətirdikləri “nəsə” səbəb olur. Daha doğrusu, qadınlarda doğuş qızdırması buna görə baş verir. Təkmil mikroskoplar hələ az qala 50-60 il sonra olacaqdı.

1847-ci ilin mayında 29 yaşlı baş həkim bütün xəstəxana personalına əmr edir ki, doğum bölməsində işə başlamazdan əvvəl əllərini xlor məhlulu ilə yusunlar. Bundan sonra doğan qadınlar arasında ölüm halları 18 faizdən 2 faizə düşür. 1848-ci ildə elə aylar olmuşdu ki, ümumiyyətlə heç bir qadın ölməmişdi.

Lakin Zemmelveysin bu sadə nəzəriyyəsi dərhal qəbul olunmadı. Onun kəşfinin tanınmasına elə hey əngəl yaradır, lağa qoyur, elmi işini çap etmirdilər. Ona qənim kəsilənlərin əksəriyyəti əlbəttə ki, öz həmkarları, həkim yoldaşları idi.
Zemmelveysin işlədiyi klinikanın direktoru doktor Kleyn ona hamilələrin müqayisəli ölüm statistikasını dərc etməyi qadağan etmişdi. O deyirdi ki, Zemmelveys əslində bununla işverənlik edir.

Çarəsiz qalan Zemmelveys bütün xəstəxanalara, həkimlərə məktublar yazır, əllərin yuyulmasını tövsiyə edirdi.
O nəhayət özünün “Doğuş qızdırmasının mənşəyi, mahiyyəti və profilaktikası” adlı əsərini öz pulu ilə çap etdirə bilir. Lakin onun təqibinə son qoyulmur.

Onu heç yerdə işləməyə qoymurdular. Bu, Zemmelveysə sonsuz sarsıntı gətirmişdi və o depressiyaya düşmüşdü.
Zemmelveysin yaxın bir həmkarı vardı. Doktor Ferdinand Ritter fon Hebra. Böyük alim idi. Təkcə bunu demək kifayətdir ki, o qoturluq xəstəliyini kəşf etmişdi.

Amma real həyatda bu alim öz həmkarına qarşı, necə deyərlər, elə əsl “qoturluq” edir.

O 1865-ci ildə Zemmelveysə guya “xeyirxahlıq” etmək məqsədilə və guya “təzə klinikanı” ona göstərmək bəhanəsi ilə həmkarını ruhi xəstəxanalardan birinə gətirir. Burada “dostunun” hiyləsini başa düşən Zemmelveys qaçmaq istəyir. Amma xəstəxana baxıcıları onu döyür, əl-qolunu bağlayıb qaranlıq kameraya salırlar. Böyük insan, böyük alim burada iki həftədən sonra vəfat edir.

Əsl şöhrət onu ölümündən sonra tapır. Həmin vaxta qədər həmkarları hələ də əllərini yumadan “müalicə” edirdilər.
Bu axşam bu əhvalatı oxudum və kədərləndim.

Düşündüm ki, bəşəriyyət minlərlə kişini dul, minlərlə uşağı yetim qalmaqdan qurtaran bu insanın ölümünə görə günahlarını necə yuya bilər? Bəlkə elə əllərini yumaqla? Məncə bütün dünyanın əlüzyuyanların üstündən bu kişinin portretlərini asmaq lazımdır. Hər dəfə onu görəndə həm əllərimizi adam kimi yuyaq, həm də çalışıb bundan sonra günaha batmayaq. (Azpost.info)