https://www.zirve.edu.az/
01.01.2020 10:02
Xaricdəki  tələbələrimizi  şoka  salan  Yeni il  adətləri:  “Ölülər üçün meyvə süfrəsi açırlar”

Azərbaycana Yeni il gəlib.

AzEdu.az  xəbər verir ki, yeni il Siçan üzərində təhvil olub.

Azərbaycanda  Yeni ilin gəlişi bayram kimi qeyd olunur və ölkədə 6 günlük tətildir.

Dünyanın hər yerində Yeni ili eyni cür qarşılamırlar. Hər  ölkə öz fərqli  adət-ənənələri ilə bu qarşılamanı həyata keçirir.

AzEdu.az xaricdə təhsil alan tələbələrimizdən  yaşadıqları ölkədə onları  şoka salan fərqli adət-ənənələri öyrənib:

Macarıstanın Korvinus Universitetinin tələbəsi Abdulla Məmmədli bildirib ki, təhsil aldığı ölkədə Yeni il o qədər də təm-təraqlı keçirilmir:

“Macarıstanda  əsas "Christmas" bayramıdır.  İnsanlar  “Chirstmas”da kilsələrə gedib dua edir, sonra evlərində ailələri ilə bu törəni davam etdirirlər. Əsas təəccübləndiyim isə buradakıların düşündüyümdən də çox dindar olmaları olub”.

Fransadakı “Montpellier Business School” un tələbəsi  Renad Yüzbay  isə  təhsil aldığı  ölkədə onu ən çox cəlb edən yeni  ildə endirimlərin  olmasını  bildirib:

“Artıq ikinci ildir,  Yeni ili ölkə kənarında qarşılayıram. Keçən il Roma, bu il isə Fransanın Montpellier şəhərində…. Doğrusu, uzun illərdir bayramları qeyd etmirəm. Lakin qeyd etməsəm belə mühit özü adamı bayram əhvalına salır. Yeni ili qeyd etmək bizim üçün sadəcə bir təqvim dəyişimi kimi görünsə də, Avropa ölkələrində və bütün digər xristian dövlətlərində dini bir bağlılığı mövcuddur. Təbii olaraq, Milad bu dövlətlərdə daha gözəl keçirilir. Necə ki, biz Novruz bayramını  uzunmüddətli şənliklərlə qeyd edirik.  Ölkəmizlə fərqlərə gəldikdə isə, çox ciddi fərqləri hiss etmirəm. Ən azından, Azərbaycan bayramları qeyd etmək anlamında Avropadan heç də geri də qalmayıb və müasir olduğunu nümayiş etdirə bilir.   

Amma təbii ki, Yeni il bayramı  ilə bağlı bəzi fərqlər var. Məsələn, Avropada  dekabrın 25-i Milad bayramı, yanvarın 1-i isə Yeni il qeyd edilir. Miladda insanlar daha çox ailələri ilə zaman keçirirlər. Yeni ilə keçidi isə ya səyahət edir, ya da ki, şəhərdə əyləncələrə qatılır, festivallarda zamanlarını keçirir, atəşfəşanlıqları izləyirlər.  Burada məni ən çox cəlbedən nüanslardan biri isə yeni il endirimləridir.  Təbii ki, Avropada yaşayan bir tələbə üçün bunlar müəyyən fürsətdir.  

Çox istəyərdim ki, 2020-ci ilə kimi Avropa ölkələrindən daha gözəl şeyləri özümüzə örnək  götürək. Bayramı qeyd etmək üçün ciddi səbəblərimiz və uğurlarımız olsun”.  

Cənubi Koreya Hankuk Xarici Dillər Universitetinin məzunu Nurlana Məmmədova bildirib ki, uşaqlağımızda keçirdiyimiz şən ,əyləncəli ,hədiyyə və sürprizlərlə dolu olan bu bayram  onun üçün C.Koreyada heç də ürəkaçan olmayıb.

“Cənubi Koreyada  ilk yeni ilim məni bir az məyus etmişdi, düşündüyümdən fərqli olaraq Yeni il bayram əhval-ruhiyəsi hiss olunmurdu. Burada  bir çox alış-veriş mərkəzləri, küçə, kafe və restoranlar  şam ağacları ilə bəzədilməsinə baxmayaraq yeni il mənim üçün könül oxşamamışdı.  Çünki onlar dekabrın 25-nə önəm verərək sadəcə “Christmas”ı qeyd edirlər.

C.Koreya ay təqvimi ilə fevralın əvvəlindən başlayaraq ayın 7-nə qədər “Solnal” deyilən yeni ili, öz adət ənənələrinə uyğun qeyri-adi şəkildə qeyd edirlər. Bu dövlət səviyyəsində qeyd olunan bayram olsa da  Koreyada yaşayan əcnəbilər üçün sadəcə bir həftəlik tətildən ibarət idi. Çünki  qeyri-iş günü olduğu üçün koreyalılar paytaxtdan uzaqda yaşayan ailələrini ziyarət edir  və ya xarici ölkələrə bir neçə  günlük səyahətə çıxırlar. Bu müddət biz əcnəbilərə çox sıxıcı idi,  səbəbi isə sanki şəhər bomboş kimi gəlirdi.

Yerli əhali bu günləri öz ailələri ilə birgə keçirsə də orda yaşayan əcnəbilər də bir-birini xəbər edərək bir yerə toplanır və maraqlı keçirməyə çalışırlar.

Koreyalılar “Solnal” bayramında  vəfat etmiş ailə böyüklərini ruhuna  meyvə və milli yeməkləri ilə dolu olan süfrə açırlar. Bu süfrədə xüsusilə Solnalda hazırlanan düyü şirniyyatı olan “dogkuk” qoyulur və bu gündə onlar milli geyimləri olan “Hanbok”u  geyirlər. Kiçiklər böyüklərin  önünə əyilərək onu bayram münasibəti ilə təbrik edirlər. Ailə böyüyü isə onları ziyarətə gəlmiş övlad və nəvələri üçün “Sebetdon” deyilən bayram xərcliyi verirlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları