Bəzən təhsil sahəsində aparılan jurnalist araşdırmaları zamanı müəyyən mövzularla bağlı rəsmi qurumlardan vaxtında, bəzən isə ümumiyyətlə cavab almaq mümkün olmur. Bu isə ictimai maraq doğuran məsələlərin tam, obyektiv və operativ şəkildə işıqlandırılmasını çətinləşdirir.
Maraqlıdır, təhsil mövzularını işıqlandıran jurnalistlər rəsmi qurumlardan cavab ala bilmədikləri hansı suallarla daha çox qarşılaşıblar?
AzEdu.az Təhsil Portalı mövzu ilə bağlı jurnalistlərin fikirlərini öyrənib.
Modern.az-ın əməkdaşı Töhfə Səməd qeyd edib ki, təhsil sahəsi dinamik və geniş mövzu olduğu üçün bu istiqamətdə araşdırma apararkən hər dəfə yeni suallarla qarşılaşır:

"Əksər hallarda Elm və Təhsil Nazirliyindən və onun tabeli qurumlarından istədiyim cavabları ala bilmişəm. Lakin dərin araşdırma tələb edən mövzularda informasiya qapalılığı ilə üzləşirik. Buna nümunə kimi, bölgələrdə fəaliyyət göstərən əməkdar müəllimlərin sayı ilə bağlı göndərdiyimiz sorğunu göstərə bilərəm. Nazirlik bu statistikanı təqdim etmək əvəzinə, məlumatı rayon təhsil idarələrindən fərdi şəkildə toplamağımızı məsləhət gördü.
Hesab edirəm ki, nazirlik səviyyəsində bu cür mühüm göstəricilərin illik və rüblük statistikası mütləq aparılmalıdır. Lakin reallıq budur ki, bu tipli statistik sorğulara cavablar ya qanunvericiliklə müəyyən olunmuş müddətdən çox gecikir, ya da qurumun rəsmi bazasında belə məlumatların mövcud olmadığı bildirilir".
APA-nın əməkdaşı Günay Elşən bildirib ki, bu barədə elə ciddi problem yaşamayıb:

"Əksər vaxtlarda cavab ala bilirik. Nadir hallarda məktəblərlə bağlı problem və ya şikayət olanda RTİ-lərdən cavab almaqda çətinlik yaranır".
Sfera.az-ın əməkdaşı Firuzə Əliyevanın sözlərinə görə, indiyədək ünvanladığım sorğuların əksəriyyətinə cavab ala bilib:

"Rəsmi qurumlarla işləyərkən ən çox çətinlik özəl məktəbəqədər təhsil müəssisələri, yəni özəl bağçalarla bağlı mövzularda yaranır. Bağçalarda hər hansı insident, valideyn şikayəti və ya mübahisəli vəziyyət baş verdikdə, məsuliyyət bölgüsü səbəbindən aidiyyəti qurumlar bəzən məsələyə münasibət bildirməkdən çəkinirlər və ya bir-birini ünvan göstərirlər. Nəticədə hadisənin rəsmi tərəfini operativ şəkildə dəqiqləşdirmək çətinləşir.
Bununla yanaşı, bəzi hallarda statistik məlumatlar və araşdırma tələb edən mövzular üzrə cavabların gecikməsi də müşahidə olunur. Lakin ümumi olaraq, rəsmi sorğularımın böyük hissəsinə cavab ala bilirəm".
Sia.az-ın əməkdaşı Xeyrənsə Piriyeva qeyd edib ki, təhsil mövzularında çox çətinliklə sorğulara cavab alır:

"Məsələn, hər hansı məktəbdə baş verən hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlayıram. Lakin əksər hallarda suallarıma ətraflı cavab ala bilmirəm".
Cəhbə.info.az-ın əməkdaşı Nigar Abdullayeva bildirib ki, bir neçə sual olub ki, cavab ala bilməyib:

"Son suallardan biri kimi məsələn, "özəl ali təhsil müəssisələrinin müəllimləri sertifikasiyaya cəlb ediləcəkmi?" olub. Bu suala cavab ala bilməmişəm".
1news.az xəbər saytının redaktoru Qafar Ağayev söyləyib ki, Elm və Təhsil nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və nazirliyin tabelyində olan müxtəlif qurumlarına ünvanlanan suallara cavab verilib:
"Saytımızın digər əməkdaşları da ünvanladıqları sorğulara cavab alıblar. Bəzən ünvanladığımız suallara gec cavab verilir, bunu isə, araşdırma tələb edilməsi ilə əlaqələndirirlər. Düşünürəm ki, qurumlar sorğuların operativ cavablandırılmasında özləri də maraqlı olmalıdırlar. Çünki məsələlərə vaxtında reaksiya verildikdə yaranmış problemin qarşısını erkən mərhələdə almaq mümkün olur.
Əks halda, hər hansı məsələ ilə bağlı gecikmiş açıqlama və ya reaksiya cəmiyyətdə əlavə sualların və şübhələrin yaranmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, təhsil sahəsi hər birimizlə birbaşa əlaqəlidir: kimimiz təhsil alırıq, kimimizin övladları və ya digər yaxınları təhsil alır, bəzilərimizin isə ailə üzvləri və tanışları təhsil sistemində çalışırlar. Bu baxımdan da sorğulara həssas yanaşmaq lazımdır".
Yenicag.az-ın əməkdaşı Nurlan Cəfəri bildirib ki, təhsil mövzusunda çətinlik əslində qurumlarla yaranmır:

"Problemlərlə bağlı material hazırlayarkən şərh almaq üçün təhsil ekspertləri ilə əlaqə saxlamaq bəzən çətin olur. Müşahidələrimə görə, bəzi ekspertlər müxtəlif səbəblərdən müəyyən mövzular barədə fikir bildirməkdən çəkinir və ya daha çox müsbət gündəmli məsələlərə münasibət açıqlamağa üstünlük verirlər.
Bəzi hallarda isə ekspertlər problemin mövcudluğunu qəbul etsələr də, şərhlərində aidiyyəti qurumların mövqeyini əsaslandırmağa çalışırlar. Bu isə ictimaiyyətdə müxtəlif suallar yaradır. Hesab edirəm ki, təhsil sahəsinin inkişafı üçün fərqli baxışların səsləndirilməsi, konstruktiv tənqid və açıq müzakirələr vacibdir. Çünki problemlərin aradan qaldırılması ilk növbədə onların açıq şəkildə müzakirə olunmasından keçir.
Mənim fikrimcə, təhsil ekspertləri mümkün qədər müstəqil mövqe nümayiş etdirməli və fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidirlər. Bu, həm ictimaiyyətin obyektiv məlumat əldə etməsinə, həm də təhsil sahəsində daha şəffaf və sağlam müzakirə mühitinin formalaşmasına töhfə verə bilər".