XƏBƏRLƏR

05.08.2018 13:25
Məhəllədə uşaqlar sözü bir yerə qoydular  ki, onunla  futbol  oynamayaq” - Məmmədyarovun sinif  yoldaşı

“Kompüterin bilmədiyi məsələləri Şəhriyar həll edir”.

“Sinif yoldaşı” layihəsi çərçivəsində məşhurların sinif yoldaşları ilə müsahibələri təqdim edir.  Layihədə  qonaq olan hər hansı məşhurun - ictimai, siyasi, mədəni və elmi xadimin – sinif yoldaşı onunla bağlı dostluq və  uşaqlıq xatirələri haqqında danışır.

Növbəti müsahib Azərbaycan şahmatının lideri, dünya şahmatının isə nəhənglərindən olan,  qrossmeyster, ikiqat dünya çempionu tituluna sahib olan yeganə şahmatçı Şəhriyar Məmmədyarovun sinif yoldaşı Gəncəli Orucovdur.

AzEDU.az G.Orucovla müsahibəni təqdim edir:

- Şəhriyar Məmmədyarovla nə vaxtdan tanışsınız?

- Şəhriyarın uşaqlıq dostuyam,  bir məhəllədə böyümüşük. Bir bağçaya gedib, eyni məktəbdə oxumuşuq. İndi də birlikdə işləyirik.

Ağlımız  kəsəndən, yəni,  4-5 yaşlarından məhəllədə bir-birimizi görmüşük,  həmişə birlikdə olmuşuq. Başqa uşaqlar necə birlikdə oturub dururdularsa, Şəhriyarla mən də eləcə bütün günü birlikdə olurduq. Mən həyətə düşəndə onu çağırırdım, o da məni.

- Hansı xarakterləriniz sizi yaxınlaşdırıb, dost olmusunuz?

Şəhriyar həmişə mənə deyir ki, sən yaxşı insansan. Onun ətrafında çox adam olub. Məni işə götürməyinə səbəb həmişə özünə sadiq, yaxın  bilməyidir.

- Bəs Şəhriyar Məmmədyarovdakı hansı xarakter  sizə onu daha da doğmalaşdırdı?

- Sovet dövrünü az yaşamışıq. Məsələn, valideynlərim zavodda olanda, mən həyətdə qalanda Şəhriyarın valideynləri bilirdilər ki, onun dostuyam, məni evə çağırırdılar. Valideynlər gələnə qədər çörəkdən, sudan verirdilər. Belə-belə o vaxtdan birlikdə böyüdük.

- Məktəbdə də bərabər oxumusuz. Bəs o illəri necə xatırlayırsınız?

- Mən də idmanla, cüdoyla məşğul idim. Kiçik yaşlarımdan Azərbaycan çempionu olmuşam. Bu səbəbdən, məktəbə çox getmirdim. Direktor tapşırırdı ki, qiymətlərimi yazsınlar. O vaxt Şəhriyar da 12-13 yaşlarından xaricə gedirdi. Ölkəni təmsil etdiyinə görə, ona dərslərində güzəştə gedirdilər..

- Şəhriyar bəyin şahmatla məşğul olması ailədən irəli gəlirdi, yoxsa öz seçimiydi?

- Şəhriyarın bu səviyyəyə gəlməsində birinci növbədə atası Həmid dayının böyük zəhməti olub. O istəyirdi,  oğlu böyük şahmatçı olsun. Bu gün də həmin arzusuna çatıb. Deyir,  mən dünyanın ən xoşbəxt insanıyam, istədiyimə çatmışam. Mən bilən, Şəhriyarın uşaqlıqdan futbola marağı olub. O, 9 yaşında şahmata  başlayıb, onun üçün uğurlu olub.

- Şahmatda ilk müəllimi kim olub?

- İlk ustadı Vüqar müəllim olub. Sumqayıt şahmat məktəbində işləyirdi. Atası həmin müəllimin yanına qoymuşdu.

- -

- Futbola marağı olduğunu qeyd etdiniz. Məktəb vaxtı tez-tez  futbol oynayırdınız?

- Həmişə oynayırdıq. İndi də marağı var. Həmişə uşaqları futbol oynamağa yığır. “Real Madrid” klubuna azarkeşlik edir.

- Məktəb illərində Şəhriyar Məmmədyarovu gələcəkdə  uğurlu şahmatçı kimi görürdünüz,  yoxsa futbolçu kimi ....

- Şahmatçı. Belə bir məsəl çəkirlər: insan dünyaya məhz bunun üçün gəlib.  Düşünmürəm ki, indi necə güclü  şahmatçıdırsa, futbola getsəydi, güclü  futbolçu ola bilərdi.  Bunu ağlıma gətirə bilmirəm! Şahmatçı kimi güclü futbolçu ola bilməzdi!

- İndi də futbol oynadığınızı deyirsiz. Əsasən, hansı mövqedə oynamağı xoşlayır?

- Uşaqlıq illərindən futbolda maraqlı bir xatirəmiz var. İndi də deyir ki, uşaqlıq olub, indi olsa etməzdim. Onun həmişə topu olardı. Futbol oynayanda  onun topu olduğuna görə, kimsə pas atmayanda deyirdi sən çıx. Top onun idi axı. Elə gün olub ki, məhəllədə uşaqlar sözü bir yerə qoyublar ki, Şəhriyarla oynamayaq. Topunu götürüb tək oynasın, görək kimlə oynayacaq.  Həmin vaxtda da mən onu tək qoymamışam. Maraqlı oyunlarımız olurdu.

-

- Həmişə eyni komandada oynayırdınız?

- Yox!  Fərqli komandalar da olur. İndi də oynayanda mən qapıda dururam. Şəhriyar o biri komandada oynayırsa, qapıya doğru gələndə mən çəkilirəm. Deyirəm, rəis gəlir, qol vursun. Uşaqlar mənə deyir ki, oyundu da burda nə var?

 - Məktəb illərindən xatırladığınız ən yadda qalan hadisə hansıdır?

- Xatirələr əslində, çox olub. Amma bu dəqiqə xatırlamıram. Yalandan nə deyim...

- Hansı fənlərə daha çox marağı var idi, hansılarını daha yaxşı oxuyurdu?

-Şəhriyar uşaq olanda özündən yaşca böyüklər onu yanına çağırardı . Şəhriyarın bir istedadı var idi ki,  bu, onlara çox maraqlı gəlirdi. Deyirdilər ki,  belə bir şey ola bilməz! Demək, o,  riyaziyyatdan, vurmadan yüksək ədədləri bir saniyədə bir-birinə vurub cavabını deyirdi. Atası da deyərdi ki, şahmatçı olmaq üçün riyaziyyatı güclü bilməlisən. Həmişə riyaziyyatdan güclü olub.

Onların riyaziyyatla  necə məşğul olduğu gözümün qabağındadır. Şəhriyargili gəzməyə aparırdı, daha çox dənizkənarına... Həmid dayı orada da vurma cədvəlini əllərinə verirdi. Şəhriyarın bacıları var; Türkan, Zeynəb. Yolda boş vaxtları olmurdu. Gəzirdilər, amma  bir-birlərindən riyaziyyat, vurmanı soruşurdular.

- Uşaqlıqdan o ailədə olmusunuz.  Necə ailə idi, hansısa fərqliklər var idimi?

- Şəhriyarın atası, anası bu gündə məni öz  ailəsindən ayırmırlar. Həmişə evlərinin uşağı kimi olmuşam. Atası ağırlıq qaldırma üzrə güclü idmançı olub. Bildiyimə görə, respublika birinciliyində üçüncü yerə çıxıb. Şahmatçı olmayıb, sadəcə həvəsi olub. Həm də güclü dama oynayıb, peşəkar ustalardakı kimi onda da dərəcə var. Bacısının biri ondan yaşca kiçik, o biri isə böyükdür. Mən gözümü açandan onlar şahmatla məşğuldurlar. Türkan Məmmədyarova Avropa çempionu olub. Zeynəb isə qadınlar komandasının kapitanıdır. Türkan da həmin komandada oynayır. 2016-cı ildə Bakıda şahmat  olimpiadası keçirildi. Orada iki bacı eyni komandada oynayırdılar.

- Şəhriyar bəyin ilk uğurunu necə xatırlayırsız?

- Onun ilk beynəlxalq uğurlu yarışını xatırlamıram.  Zeynəb Məmmədyarovanın yarışını isə xatırlayıram.1998-ci ildə Zeynəb xanım Fransada beynəlxalq turnirin qalibi olub.  Şəkillər gətirmişdi, binaların hündürlüyünə baxıb deyirdik, belə bina olmaz.

- Ən çox sevindiyi hansı qalibiyyət olub?

- 2814 xalla dünyanın 15-liyinə düşüb. Şahmat yaranandan  15 adam yüksək nəticəni yığıb. Ən sevindiyi bu olub. Bir də Naxçıvanda keçirilən yarışda A.Karpovu udduğuna görə... Heydər Əliyev onu mükafatlandırmışdı.

- Məqsədləri, arzuları haqqında sizinlə danışırdımı?

- Bu barədə yox.

-

- Məktəb illərində sinif uşaqları, həmçinin, sizinlə şahmat oynayırdı?

- Mənlə şahmat oynamayıb. Mən hərdən telefonda onlayn oynayanda deyirəm ki, Şəhriyar bunu vəziyyətdən çıxar. Alıb telefonu oynayır. Orda reytinq söhbəti var deyə, istəmirəm uduzum. Hərdən də deyir, ordakı şahmatçı bilsəydi, mənlə oynayır, oynamazdı.

- Azyaşlarından müxtəlif ölkələrdə yarışlarda iştirak edirdi, məşhurlaşırdı. Bu onun dostlarıyla münasibətinə təsir edirdimi?

- 2013-cü ildə türk dünyasının bir nömrəli şahmatçısı olub. Hətta Türkiyə prezidenti də onu mükafatlandırıb. Bir ayda üç yarış keçirilmişdi. Hamısında çempion olmuşdu. Deməzdim,  məşhurluq ona təsir edib. İndi də onun, şahmatçı müəllimləri, dostları var. Xahiş edəndə ki, bizim məktəbə gələ bilərsiz, uşaqlar sizi görmək istəyir. Deyir, böyük məmnuniyyətlə gələrəm, amma indi yox, 4-5 günə. Elə adamlar var ki, deyir, yox, gələ bilmərəm. Şəhriyar Məmmədyarovun 4- dən yuxarı siniflərə tanıdılması üçün kitab çıxdı. Yəni uşaqlar tanısınlar ki, Şəhriyar Məmmədyarov kimdir.

- Getdiyi ölkələrdən nə kimi xatirələr danışardı, hansını çox bəyənirdi?

- Yarışlardan qayıtdığı  şəhərlər haqqında bizə də danışardı. Bizə də onun danışdıqları, xarici ölkələr maraqlı gələrdi. İndi də Hollandiyanı xoşlayır. Darıxanda Gürcüstana gedir.

- Məktəbdə tanınırdı deyə ona və valideynlərinə qarşı münasibət  başqalarına nisbətdə fərqlənirdimi?

- Xeyr! Belə fərqlənə bilərdi ki, idmana görə qiymətlərini yazıb güzəşt edirdilər. Daha demirdilər ki, bu adam niyə məktəbə gəlmir. Bilirdilər mötəbər yarışlara gedir.

-

- Dünya səviyyəli yarışlara onu hansı müəllimlər hazırlaşdırırdı?

- Onun müəllimləri çox olub. Bəlkə də güclü şahmatçıların müəllimləri var. Amma Şəhriyar müəllim seçmir. Çünki o, xoşlayır ki müəllim bir insana bütün güclü tərəfləri öyrətsin.  Deyir,  müəllim də mənim kimi insandır. Oturub, şahmatla bağlı bütün kitabları oxuyur, kompüterlə məşğul olur. Bunu mən də edə bilərəm. Bu gün Şəhriyarın müəllimə ehtiyacı yoxdur. Kompüterin tapa bilmədiyi cavabları Şəhriyar bilir.

- Başqa hansı hobbiləri var?

- Darıxanda piyada gəzməyi xoşlayır. İş yoldaşı ilə 34 kilometr piyada gəziblər, feysbukda da var idi. Deyir ki, sağlamlıq budur.

- Demək olar ki, onunla hər gün yol yoldaşı olursunuz. Hansı çətin xarakterlərini müşahidə etmisiniz? Mübahisə edirsinizmi?

- Dəqiqliyi çox xoşlayır. Məsələn, mənə zəng vurur ki, neçə dəqiqəyə bağda ola bilərsən? Deyirəm, 15 dəqiqəyə ola bilərəm, amma 20 dəqiqəyə gələcəm. Mən dediyim vaxtdan gec gedəndə deyirəm ki, bəs tıxac oldu. Deyir, onda 20 dəqiqə niyə deyirsən?!  Mübahisəmiz olmayıb. Mən həmişə deyirəm, uşaqlıq dostuyuq, amma mənə maaş verirsən, səhvim olanda üzümə de, onu düzəldim. “Slujba slujba, drujba drujba”. Deməyəndə o səhvlər yığılır və pis nəticələnir.

- Bu gün məktəb yoldaşlarından ən yaxın olduğu sizsinizmi, başqa dostları kimdir?

- Başqa 1-2 nəfər də var. İş yoldaşı olduğuma görə, onun yanındayam. Mən heç vaxt ona zəng vurmuram. Bilirəm ki, özü boş olanda yığacaq. Eşidirəm ki, filankəslərlə oturub. Normal qarşılayıram.

- Hansı xüsusiyyətlərə malik insanlarla dostluq edir və kimlərlə münasibət qura bilmir?

- Şəhriyar onu çox tərifləyən insanları xoşlamır. Elə vaxt olur ki mən də ona məsləhət verirəm. Necə olsa daha yaxşı olar deyə. Məsləhətə də baxır.

- Daha çox hansı məsələlərdə məsləhət alır?

- Hərdən olur... Təbii ki, şahmat barəsində olmaz. İş barəsində elə məsələlər olur ki, soruşur. Məsələn, idman haqqında soruşur ki, çəkimi necə ata bilərəm.

- Bəs, ailə daxilində necədir?

- Uşaq vaxtı dəcəl olub. Uşaq vaxtı birinci mərtəbələrdə asılan paltarların “şpilqalarını”  götürüb qaçmağı xoşlayırdı.  İndi elə bil, əvvəlki dəcəl insan deyil. Mürəbbə yeməyi çox xoşlayır. Anam həmişə onu mürəbbə yeməyə çağırardı.

- Toyunu necə xatırlayırsız?

- Onun toyu olanda mən əsgərlikdəydim. İştirak etməmişəm.

Qeyd edək ki, iyulun 31-də Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində şahmat üzrə super turnirdə IX turda dünya çempionu Maqnus Karlsenlə qalib gəlib